Məhkəmə qərarları › İş №e-2-2(117)-1197/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1197/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1197/2023 23.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Şəki Rayonunun Qayabaşı Bələdiyyəsinə qarşı “625 manat artıq ödənilmiş icarə haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən Azərbaycan Respublikası Şəki Rayonunun Qayabaşı Bələdiyyəsi ilə icarəçi İddiaçı MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli SHK2033 nömrəli bələdiyyə torpaqlarını icarəyə verilməsi haqqında müqaviləyə əsasən Azərbaycan Respublikası Şəki Rayonunun Qayabaşı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı əsasında Qayabaşı kəndində yerləşən ümumi sahəsi 100 m2 olan torpaq sahəsini icarəyə verməyi, icarəçi isə onu qəbul edib müqavilədə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı 1200 manat müəyyən olunmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən, hazırki müqaviləyə dəyişikliklər və əlavələr yalnız tərəflərin razılığı əsasında müqavilənin tərkib hissəsi olan əlavə razılaşma imzlamaqla həyata keçirilə bilər. 5.2-ci bəndinə əsasən, hazırki müqavilə tərəflərin razılşaması əsasında ləğv oluna bilər. 5.3-cü bəndinə əsasən, icarəyəverənin tələbi ilə müqavilə məhkəmə tərəfindən əgər icarəçi sahədən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə və dəfələrlə pozduqda, sahənin vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirirsə, iki dəfədən çox dalbadal icarə haqqını ödəmək müddəti başa çatdıqda icarə haqqını ödəmədikdə ləğv oluna bilər. 5.4-cü bəndinə əsasən icarəyəverən müqavilənin vaxtından əvvəl ləğvini yalnız icarəçini öhdəliyi qəbul edilən müddətdə icra edilməsinin zəruriliyi barədə yazılı olaraq xəbərdar etdikdən sonra tələb edə bilər. 5.5-ci bəndinə əsasən, icarəçinin tələbi ilə müqavilə məhkəmə tərəfindən əgər icarəyə verən torpaq sahəsini icarəçinin istifadəsinə verməzsə, yaxud sahənin müqavilənin şərtlərinə uyğun olaraq istifadəsinə maneələr yaradarsa, icarəyə verilən sahədə onun istifadəsini mümkünsüz edən çatışmazlıqlar olduqda, həmin çatışmazlıqlar müqavilə bağlanarkən icarəyə verən tərəfindən xəbər verilməmişdirsə, icarəçiyə əvvəlcədən məlum olmamışdırsa, torpaq sahəsinə baxış və onun yaralılığının yoxlanılması zamanı aşkar oluna bilməzdisə ləğv oluna bilər. 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2017ci il tarixədək qüvvədədir. 6.2-ci bəndinə əsasən, əgər icarəçi hazırki müqavilənin müddəti qurtardıqdan sonra torpaq sahəsindən istifadə etməyi davam edirsə, icarəçinin etirazı olmadıqda müqavilə həmin şərtlərlə qeyri-müəyyən müddətə uzadılmış hesab olunur. xx.xx.2022-ci il tarixli 5360 nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 1 illik müddət üçün 1200 manat icarə haqqı cavabdehin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixdə sahənin təhvil-təslim aktı tərtib olunmuş və Beteko Qrup QSC-nin nümayəndəsi SHK 2033 Qayabaşı adlanan Şəki rayonu Qayabaşı kəndində yerləşən ərazini sahənin sahibi kimi adlandırılan .Əliyevə təhvil vermişdir. Akta əsasən ərazidən icarəyə götürən "xxxx" MMC-yə məxsus qurgu və avadanlıqlar götürülməsi, ərazidə olan beton hissələrin qalmasına etirazın olmaması, sahəsinin yararlı vəziyyətdə icarəyə verən təhvil verilməsi, təhvil verilən sahəs üzrə qüsur və çatışmazlıqların aşkar edilməməsi göstərilmişdir. Lakin akt bələdiyyənin və ya tərəflərin möhürü ilə təsdiq edilməmiş və iddiaçı tərəfindən icarəyə götürülmüş sahə hansı əsaslarla Beteko Qrup QSC-nin nümayəndəsi tərəfindən təhvil verildiyinə dair qeyd şərt aktda mövcud olmamaqla yanaşı, iş materiallarında bununla bağlı sübut mövcud deyidir. İddiaçı cavabdehə ünvanlandığı xx.xx.2023-cü il tarixli bildirişdə xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verildiyini bildirmiş və 625 manat icarə haqqının geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunan bildiriş cavabdehə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. İddiaçı tərəfindən icra haqqının ödənilməsi ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən bələdiyyə mülkiyyətində olan 100 kv.m torpaq sahəsi mobil baza stansiyasının quraşdırılması üçün iddiaçının istifadəsinə verilmişdir. xx.xx.2023-cü il tarixli sahənin təhvil-təslim aktına əsasən mobil rabitə avadanlıqları icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. Sonuncu dəfə bələdiyyəyə bir il üçün icarə haqqı ödənilmiş, icarə obyekti həmin müddətin tamam olmasından qabaq götürüldüyü üçün icarə obyektindən istifadə edilməmiş 190 günlük müddət üçün icarə haqqı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.3-cü maddəsinə əsasən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2023-cü il tarixində cavabdehin elektron kabinetində yerləşdirilməsinə baxmayaraq sonuncu iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İcarə müqaviləsi, Ödəniş tapşırığı, Sahənin təhvil-təslim aktı, Bildiriş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə tərəflər arasında bağlanmış torpaq icarəsi müqaviləsinin qanuniliyinə qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi tərəflərin həqiqi iradə ifadəsini əks etdirməklə qanuni olmuşdur. Belə ki, tərəflər arasında torpaq icarə müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmışdır. Həmin dövrdə qüvvədə olan Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 9.1ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Bundan sonra Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmiş və Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər kimi dəyişdirilmiş, sonradan yenidən həmin maddəyə əlavə dəyişikliklər edilərək hazırki vəziyyətə gətirilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2007-ci i tarixli müqavilə bağlandığı zaman qüvvədə olan normaya əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə həyata keçirilə bilərdi ki, bağlanmış torpaq icarəsi müqaviləsi həmin vaxtın qanunvericiliyinə uyğun olmuşdur. Bundan başqa xx.xx.2007-ci il tarixdə qüvvədə olan Torpaq icarəsi haqqında Qanunun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Göründüyü kimi qanunvericiliyin müddəti 11 aydan artıq olan müqavilənin qeydiyyata alınmalı olmasına dair göstərişi mövcud olsa, bu şərtə əməl olunmamasının nəticələrini müqavilənin etibarsız olması kimi müəyyən etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə bağlanmış və müqavilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi icarəyəverən Azərbaycan Respublikası Şəki Rayonunun Qayabaşı Bələdiyyəsi ilə icarəçi İddiaçı MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli SHK2033 nömrəli bələdiyyə torpaqlarını icarəyə verilməsi haqqında müqaviləyə əsasən Azərbaycan Respublikası Şəki Rayonunun Qayabaşı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı əsasında Qayabaş yerləşən ümumi sahəsi 100 m2 olan torpaq sahəsini icarəyə verməyi, icarəçi isə onu qəbul edib müqavilədə nəzərdə tutulmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı 1200 manat müəyyən olunmuşdur. Tərəflərin razılaşmasına əsasən müqavilə imzalqandığı andan qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixədək qüvvəsi nəzərdə tutulmuşdur. Eyni zamanda tərəflər razılaşmışlar ki, icarəçi hazırki müqavilənin müddəti qurtardıqdan sonra torpaq sahəsindən istifadə etməyi davam edirsə, icarəçinin etirazı olmadıqda müqavilə həmin şərtlərlə qeyrimüəyyən müddətə uzadılmış hesab olunur. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, icarəyə götürən xx.xx.2017-ci il tarixədən sonra da icrayə götürdüyü torpaq sahəsindən istifadəni davam etdirmiş və xx.xx.2022-ci il tarixli 5360 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 1 illik müddət üçün 1200 manat icarə haqqı cavabdehin hesabına ödənilmişdir. Göründüyü kimi tərəflərin razılaşmasına uyğun olaraq müqavilə müddəti qeyri müəyyən müddətə uzadılmış və tərəflər arasında hüquq münasibətləri davam etdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə icarə obyektini icarəyə verənə təhvil verdiyini, həmin tarixdən icarə müqaviləsinə xitam verildiyini əsas gətirərək artıq ödənilmiş 625 manat icarə haqqını cavabdehdən tələb edir və iddiasının maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.3-cü maddəsinə istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.3-cü maddəsinə əsasən, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Lakin məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmayaraq bildirir ki, istinad olunan maddi hüquq normasının hazırki mübahisəyə tətbiqinə qanunvericilik istisna edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, Mülki Məcəllənin əmlak kirayəsi haqqında müddəalarının torpaq sahəsinin icarəsi ilə bağlı münasibətlərə tətbiqinə yol verilmir və iddiaçının istinad etdiyi Mülki Məcəllənin 697.3-cü maddəsi məhz əmlak kirayəsi fəslinə aid normadır ki, həmin maddi hüquq normasının hazırki mübahisənin həllində tətbiqinə yol verilmir. Tərəflər arasında yaranmış hazırki mübahisəyə qiymət verilməsi üçün tərəflər arasında bağlanmış torpaq icarəsi müqaviləsinin ləğv olunub-olunmaması və ya xitam olunub-olunmamasına qiymət verilməsini məhkəmə zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, mülki qanunvericilik müqavilənin bir tərəfli qaydada ləğv edilməsi imkanını nəzərdə tutsa da, bu ləğvin əsaslarını 421-ci maddədə müəyyən etmişdir. Qeyd olunduğu kimi, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı icarəyə verilən torpaq sahəsinin icarəyə verənə qaytardığını və bu səbəbdən də müqaviləyə xitam verildiyini iddia etsə də, nə şərh olunan qanunvericilik aktında, nə də tərəflərin razılaşmasında müqavilənin qeyd edilən əsasla bir tərəfli qaydada ləğv edilməsi əsasları müəyyən edilmişdir. Bundan başqa torpaq icarəsi müqaviləsi xüsusi qanunvericilik aktları ilə tənzimləndiyindən məhkəmə Torpaq Məcəlləsinin normalarına müraciət olunmasını zəruri sayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Torpaq Məcəlləsinin 75-ci maddəsi isə torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydalarını müəyyən edir ki, həmin maddənin 1-ci bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 2-ci bəndinə əsasən, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Göründüyü kimi torpaq qanunvericiliyi torpaq sahəsi üzərində hüquqlara xitam verilməsi əsaslarını, qaydalarını müəyyən etmiş və bunlardan da biri “torpaq sahəsindən könüllü imtina edildikdə” əsasıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 16 iyun 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin normalar arasında kolliyizanın həllini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll edilməsinə dair göstərişimövcuddur və qeyd olunan məcəllənin 75-ci maddəsinin 6-cı hissəsinə əsasən, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.2-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. 719.3-ci maddəsinə əsasən, əgər icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin istənilən iştirakçısı müqaviləni icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə icarənin növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə halında icarə ili təqvim ili sayılır. Daha qısa müddətin müəyyənləşdirilməsi barədə razılaşma yazılı formada bağlanmalıdır. Qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilə bildiyi hallarda ləğvetməyə yalnız icarə ilinin sonunda yol verilir; ləğvetməyə dair bildiriş icarəyə xitam veriləcək icarə yarımilliyinin üçüncü iş günündən gec olmayaraq verilməlidir. 719.4-cü maddəsinə əsasən, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. Göründüyü kimi, mülki qanunvericilik müqavilənin xitam edilməsinin müddətlərini, bildirişin verilməsini və onun verilməsi müddətlərini, habelə icarə müqaviləsinin müddətində asılı olaraq müqavilənin xitamı üçün müddətləri müəyyən etmişdir. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edidiyi kimi, tərəflər arasında müqavilə xx.xx.2007-ci il tarixdə 10 il müddətinə, yəni xx.xx.2017-ci il tarixədək bağlanmışdır. Müqvilənin 6.2-ci bəndinə əsasən, əgər icarəçi hazırki müqavilənin müddəti qurtardıqdan sonra torpaq sahəsindən istifadə etməyi davam edirsə, icarəçinin etirazı olmadıqda müqavilə həmin şərtlərlə qeyri-müəyyən müddətə uzadılmış hesab olunur. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında olan münasibətlər xx.xx.2017-ci il tarixdən sonra davam etmiş və iddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə və xx.xx.2023-cü il tarixədək olan 1 illik müddət üçün 1200 manat icarə haqqı cavabdehin hesabına ödənilmişdir. Göründüyü kimi, icarə müddəti olan 10 il bitdikdən sonra tərəflərin razılığında uyğun olaraq müqavilə müddəti qeyri-müəyyən müddətə uzadılmışdır ki, müqavilənin müddəti qeyri-müəyyən olduğundan hazırki münasibətlərə Mülki Məcəllənin yuxarıda qeyd olunan 719.3-cü maddəsinin tələbləri baxımından xitam verilə bilərdi ki, məhkəmə araşdırması zamanı müqaviləyə 719.3-cü maddənin tələbləri baxımından xitam verilməsi ilə bağlı tərflərin birinin digərinə bildirişin verilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə iddiaçının iddia etdiyi kimi xitam verilməmişdir. Bu baxımdan iddiaçı cavabdehdən istinad etdiyi hallara müvafiq olaraq ödədiyi icarə haqqını tələb edə bilməz. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, hətta tərəflər birinin digərinə bildiriş verilməsi yolu ilə qanunvericiliyin tələblərini gözləmək şərtilə xitam vermiş olsalar belə, iddiaçı cavadehdən icarə müqaviləsi üçün ödədiyi pulu tələb edə bilməz. Belə ki, Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Tərəflərin razılaşmasında və o cümlədən, qanunvericilikdə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi zamanı icra edilmiş öhdəliyin geri qaytarılmasına dair müddəa mövcud olmadığından müqavilənin ləğv edilməsi halında belə iddiaçının iddia tələbi uğurlu deyildir. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, idda tələbi əsassız olduğundan rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (625) ödənilməli dövlət rüsumu 30 (otuz) manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən həmin məbləğ iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Şəki Rayonunun Qayabaşı Bələdiyyəsinə qarşı “625 manat artıq ödənilmiş icarə haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar