Məhkəmə qərarları › İş №e-2-2(117)-12/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-12/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-12/2023 31.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı “10500 manat qalıq borc məbləğinin, 5755 manat penya məbləğinin və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icarəyəverən İddiaçı MMC icarəyəgötürən cavabdeh klinika üçün Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatını icarəyə verməyi, icarə paketinə daxil olan 13 ədəd Medhis modullarının (pasient qeydiyyatı modulu, randevu modulu, LİS 3.0, RİS 3.0, poliklinika modulu, fizioterapiya modulu, stomatologiya modulu, personalın idarəetmə modulu, xidmətlərin idarə edilməsi modulu, mühasibatlıq modulu, komisyon modulu, kassa modulu və statistika modulu) normativlərə uyğun quraşdırılmasını təmin etməyi, Cavabdeh1 MMC isə bu proqram üçün nəzərdə tutulan aylıq 300 manat icarə haqqı qiymətini hər ayın sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən icarəyəgötürən ödənişi 1 aydan artıq gecikdirərsə hər gecikdirilmə gününə görə gecikdirilmiş məbləğə 0,2 % penya tətbiq edilir. 3.3-cü bəndinə əsasən müqavilənin müddəti 1 ildir. 3.4-cü bəndinə əsasən müqavilə müddətinin sonuna 1 ay qalmış tərəflər yazılı şəkildə müqavilədən imtina etmirlərsə müqavilə növbəti 1 il müddətinə uzadılır. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SCA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh1 MMC-yə Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatı üçün cloud dəstək xidməti verməyi (bura sifarişçinin seçdiyi clouda Medhis verilənlər bazasının yüklənməsi, sazlanması və monitorinqi daxildir), sifarişçi isə aylıq 50 manat xidmət haqqını ödəməyi və digər vəzifələri öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin müddəti 1 ildir. 3.4-cü bəndinə əsasən müqavilə müddətinin sonuna 1 ay qalmış tərəflər yazılı şəkildə müqavilədən imtina etmirlərsə müqavilə növbəti 1 il müddətinə uzadılır. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh1 MMC-yə Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatı ilə bağlı texniki və treyninq xidmətləri verməyi (bura hər modulla bağlı treyninqin verilməsi sifarişçinin təqdim etdiyi yazılı siyahı üzrə nəzərdə tutulur, müqavilə müddətində proqram təminatında edilən yenilik və dəyişikliklərin sifarişçi sistemində də edilməsi müqavilənin tərkib hissəsidir və müqavilə bağlandıqdan sonra proqram təminatının normal işləməsi üçün lazımi istifadəçi yönümlü dəstəyin verilməsi nəzərdə tutulut), sifarişçi isə aylıq 150 manat xidmət haqqını ödəməyi (bura sifarişçinin kompyuter, server (fiziki) və şəbəkə sistemində olan nasazlıqlar daxil deyil) və digər vəzifələri öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin müddəti 1 ildir. 3.4-cü bəndinə əsasən müqavilə müddətinin sonuna 1 ay qalmış tərəflər yazılı şəkildə müqavilədən imtina etmirlərsə müqavilə növbəti 1 il müddətinə uzadılır. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini, lakin cavabdehin tam yerinə yetirməyərək 10500 manat borcunun qaldığını əsas gətirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında müqavilələr imzalanmışdır. Qeyd edilən müqavilələr üzrə xidmət haqları aylıq 150, 300 və 50 manat olmuşdur. İşlər əsasən icarə, alqı-satqı və klaud server xidmətlərindən ibarətdir. Müqavilələrin bəndləri və məzmunları əsasən biri- birinə uyğundur və sözügedən müqavilələrin “Müqavilənin predmeti” adlanan bəndlərinə əsasən - icarəyə verən adlanan iddiaçı icarəyə götürən adlanan cavabdehə İddiaçı adlı Xəstəxana informasiya proqram təminatını icarəyə verir və proqram təminatının aylıq icarə haqqı 300 manat təşkil etmişdir, qarşılıqlı razılaşmaya əsasən, qeyd edilən proqram təminatı ilə bağlı iddiaçı cavabdehə texniki və treyninq xidmətləri verir, bu xidmətlərə hər modul üzrə treyninqlərin verilməsi cavabdehin yazılı təqdim etdiyi siyahı üzrə nəzərdə tutulmuşdur. Müqavilə müddətində proqram təminatında edilən yenilik və dəyişikliklərin sifarişçinin sistemində də edilməsi müqavilənin tərkib hissəsi olmuşdur. Bundan əlavə müqavilə bağlandıqdan sonra proqram təminatının normal işləməsi üçün lazımı dəstəyin verilməsi nəzərdə tutulmuşdur. Aylıq xidmət haqqı 150 azn olmuşdur. Qarşılıqlı razılaşmaya əsasən, iddiaçının cavabdehə İddiaçı adlı Xəstəxana informasiya sistemi proqram təminatı üçün “cloud” dəstək verilməsi nəzərdə tutulmuşdur. Aylıq xidmət haqqı 50 azn olmuşdur. Qeyd edilən müqavilələrin 1-ci bəndləri “Tərəflərin öhdəlikləri” adlanır və müqavilənin bu bəndləri üzrə də iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Bu öhdəliklərin yerinə yetirilməməsi nəticəsində hazırda cavabdehin iddiaçıya qeyd edilən müqavilə tələbləri üzrə ümumilikdə 10500 manat borcu yaranmışdır. Bu barədə maliyyə arayışı əlavə edilir. Cavabdehin ünvanına müxtəlif vaxtlarda elektron qaimələr göndərilmişdir. Eyni zamanda müvafiq olaraq sözügedən icarə və xidmət müqavilələrinin 2.4-cü bəndlərinə əsasən, sifarişçi sayılan cavabdeh müqavilə üzrə ödənişi 1 aydan artıq gecikdirərsə, hər gecikdirmə gününə görə gecikdirilmiş məbləğə 0,2 faiz penya tətbiq edilir. Cavabdeh1 MMC Zaqatala şəhərində fəaliyyət göstərən özəl klinikadır. Cavabdeh1 MMC ilə iddiaçının əməkdaşlığını nəzərə alaraq hazırki vaxtadək iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Belə ki, iddia ərizəsinin indi təqdim edilməsinin səbəbi iddiaçı tərəfindən cavabdehlə gələcəkdə yenidən işgüzar münasibətlərinin qurulmasının gözlənilməsi olmuşdur. Cavabdeh tərəfindən əvvəlki bir neçə ay üzrə ödənişlər həyata keçirilmişdir. Sonrakı aylarda ödənişlərin edilməsi dayandırılmışdır. İş üzrə mediasiya prosesinə riayət edilmiş, mediasiya prosesində barışıq sazişinin əldə olunmasına cəhd edilmişdir. Lakin son anda iddiaçı və cavabdeh arasında mediasiyada razılıq əldə edilməmişdir. İddiaçı MMC texniki olaraq cavabdeh tərəfindən proqramın istifadə edildiyini sübut edə bilər. İddiaçı MMC-nin cavabdeh ”Labstyle” MMCyə verdiyi proqramın istifadəsinin təsdiqinə dair iddiaçının İT mütəxəssisinin izahı olan video yazı CD disk formasında iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin diskə borcun olması ilə bağlı cavabdehin qanuni təmsilçisi ilə edilmiş whatsapp yazışmaları və qaimələrin elektron versiyası da diskə əlavə edilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında müqavilə bağlamışlar, lakin iddiaçı öhdəlklərini yerinə yetirməmişdir. Belə ki, iddiaçının əməkdaşları tibb müəssisəsinin bütün avadanlıqlarını şəbəkəyə qoşmalı idi. Buna baxmayaraq onlar iki qəbul və laboratoriyada olan kompyuteri bir-birinə qoşmuşlar. Dəfələrlə danışmalarına baxmayaraq iddiaçının əməkdaşları işi yekunlaşdırıb təhvil verməmişlər. Lakin onlar 1 il ərzində ümumi bir aydan bir olmaqla 6000 manat nəğd qaydada pul ödəmişlər. İddiaçı tərəf işi təhvil vermədiyindən ödənişləri dayandırmışlar. Başqa şirkətlə müqavilə bağlamışlar, iddiaçı tərəfin görməli olduğu işi onlar görmüşlər və hazırda xəstəxanada bütün avadanlıqlar şəbəkəyə qoşulmuş vəziyyətdə işləyir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5/1414 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli müqavilə ilə Cavabdeh1 MMC-nin icarəsinə verilmiş Medhis proqram təminatının sonuncu tərəfindən ilk istifadə tarixi xx.xx.2019-cu il, son istifadə tarixi xx.xx.2021-ci ildir. Medhis proqram təminatı Cavabdeh1 MMC tərəfindən hal-hazırda istifadə edilmir. Müqavilə ilə müəyyən edilmiş icarə paketinə daxil olan 11 ədəd modul (pasient qeydiyyatı modulu, randevu modulu, LİS 3.0, poliklinika modulu, fizioterapiya modulu, personalın idarəetmə modulu, xidmətlərin idarə edilməsi modulu, mühasibatlıq modulu, komisyon modulu, kassa modulu və statistika modulu) aşkar edilmiş, 2 ədəd modul (RİS 3.0 və stomatologiya) müəyyən edilməmişdir. Serverə baxış zamanı texniki dəstək və qeydə alma xidmətləri üçün prosesləri təmin edən vasitələr (real recorder) aşkar olunmamışdır. Medhis proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göstərilmiş texniki və treyninq xidmətlərinin qeydlərini özündə əks etdirən app.asana.com sistemi müəyyən olunmuşdur. Qeyd olunan sistemə görə Medhis proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göstərilmiş ilkin texniki dəstək və treyninq xidməti xx.xx.2019-cu il, sonuncu xidmət isə xx.xx.2021-ci ildə olunmuşdur. Medhis proqram təminatı üzrə yenilənmələrin aparılması müəyyən edilmişdir. İlkin yenilənmə xx.xx.2019-cu ildə, sonuncu yenilənmə isə xx.xx.2020-ci ildə aparılmışdır, sonuncu yenilənmədən sonra proqram təminatının versiyası 2.127 olmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə hazırladığı proqram vasitəsi ilə xidmət göstərmişdir. Ötən müddət ərzində cavabdeh tərəfindən ödəniş edilməmiş və nəticədə 10500 manat borcu yaranmışdır. Tərtib edilmiş video diskdə göstərilmiş xidmətlərin tam açıqlaması verilmişdir. Cavabdehlə mediasiya zamanı barışığa nail ola bilərdilər, lakin qiymətdə razılaşa bilməmişlər. Barışıq üçün müəyyən danışıqlar aparılmış və cavabdeh tərəfə müəyyən təkliflər irəli sürülmüşdür, qarşı tərəfdən onlara 6000 manat məbləğində ödəniş təklif edilmişdir. Ancaq rəhbərlik bu məbləğlə razılaşmamış və bildirmişlər ki, göstərdikləri xidmətin qarşılığı 6000 manat deyil. Bu səbəbdən danışıqlar nəticəsiz qalmışdır. Məhkəmə tərəfindən təqdim olunmuş ekspert rəyindən də müəyyən olunur ki, hansı tarixlərdə proqram təminatından istifadə olunub və bu baxımdan da iddia tələbində olduğu kimi 10500 manat pul tələb edirlər. Tərəflər arasında müqavilə münasibətlərinin pul ödənilmədən davam etdirilməsi isə onunla bağlıdır ki, cavabdeh tərəfin qardaşı ilə iddiaçı tərəf respublikanın bölgələrində klinikalar açırdılar və onların arasında davamlı iş münasibətləri olmuşdur. Hesab ediblər ki, onların arasında işlə əlaqədar yeni münasibətlər olacaqdır, bu baxımdan da xidməti davam etdirmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilələr, elektron qaimələr, ekspert rəyi, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr tərəflərin iradə ifadəsini əks etdirməklə yanaşı hər iki tərəf tərəfindən lazımı qaydada təsdiq edilmiş və etibarlı olmuşdur. Müqavilələr etibarsız olmamaqla yanaşı tərəflər tərəfindən mübahisələndirilmir və etibarlı olaraq tərəflər üçün hüquq və vəzifələr yaratmışdır. İddia tələbinin 10500 manat qalıq borc məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2). Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icarəyəverən İddiaçı MMC icarəyəgötürən cavabdeh klinika üçün Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatını icarəyə verməyi, icarə paketinə daxil olan 13 ədəd Medhis modullarının (pasient qeydiyyatı modulu, randevu modulu, LİS 3.0, RİS 3.0, poliklinika modulu, fizioterapiya modulu, stomatologiya modulu, personalın idarəetmə modulu, xidmətlərin idarə edilməsi modulu, mühasibatlıq modulu, komisyon modulu, kassa modulu və statistika modulu) normativlərə uyğun quraşdırılmasını təmin etməyi, Cavabdeh1 MMC isə bu proqram üçün nəzərdə tutulan aylıq 300 manat icarə haqqı qiymətini hər ayın sonunadək ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli SCA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh1 MMC-yə Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatı üçün cloud dəstək xidməti verməyi (bura sifarişçinin seçdiyi clouda Medhis verilənlər bazasının yüklənməsi, sazlanması və monitorinqi daxildir), sifarişçi isə aylıq 50 manat xidmət haqqını ödəməyi və digər vəzifələri, xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli xidmət haqqında müqaviləyə əsasən isə icraçı İddiaçı MMC sifarişçi Cavabdeh1 MMC-yə Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatı ilə bağlı texniki və treyninq xidmətləri verməyi (bura hər modulla bağlı treyninqin verilməsi sifarişçinin təqdim etdiyi yazılı siyahı üzrə nəzərdə tutulur, müqavilə müddətində proqram təminatında edilən yenilik və dəyişikliklərin sifarişçi sistemində də edilməsi müqavilənin tərkib hissəsidir və müqavilə bağlandıqdan sonra proqram təminatının normal işləməsi üçün lazımi istifadəçi yönümlü dəstəyin verilməsi nəzərdə tutulub), sifarişçi isə aylıq 150 manat xidmət haqqını ödəməyi (bura sifarişçinin kompyuter, server (fiziki) və şəbəkə sistemində olan nasazlıqlar daxil deyil) və digər vəzifələri öhdəsinə götürmüşdür. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5/1414 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli müqavilə ilə Cavabdeh1 MMC-nin icarəsinə verilmiş Medhis proqram təminatının sonuncu tərəfindən ilk istifadə tarixi xx.xx.2019-cu il, son istifadə tarixi xx.xx.2021-ci ildir. Medhis proqram təminatı Cavabdeh1 MMC tərəfindən hal-hazırda istifadə edilmir. Müqavilə ilə müəyyən edilmiş icarə paketinə daxil olan 11 ədəd modul (pasient qeydiyyatı modulu, randevu modulu, LİS 3.0, poliklinika modulu, fizioterapiya modulu, personalın idarəetmə modulu, xidmətlərin idarə edilməsi modulu, mühasibatlıq modulu, komisyon modulu, kassa modulu və statistika modulu) aşkar edilmiş, 2 ədəd modul (RİS 3.0 və stomatologiya) müəyyən edilməmişdir. Serverə baxış zamanı texniki dəstək və qeydə alma xidmətləri üçün prosesləri təmin edən vasitələr (real recorder) aşkar olunmamışdır. Medhis proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göstərilmiş texniki və treyninq xidmətlərinin qeydlərini özündə əks etdirən app.asana.com sistemi müəyyən olunmuşdur. Qeyd olunan sistemə görə Medhis proqram təminatı ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göstərilmiş ilkin texniki dəstək və treyninq xidməti xx.xx.2019-cu il, sonuncu xidmət isə xx.xx.2021-ci ildə olunmuşdur. Medhis proqram təminatı üzrə yenilənmələrin aparılması müəyyən edilmişdir. İlkin yenilənmə xx.xx.2019-cu ildə, sonuncu yenilənmə isə xx.xx.2020-ci ildə aparılmışdır, sonuncu yenilənmədən sonra proqram təminatının versiyası 2.127 olmuşdur. İlk öncə məhkəmə onu qeyd edir ki, Medhis proqram təminatının iddiaçı tərəfindən cavabdehin icarəsinə verilməsi, proqram təminatında yenilənmə aparılması və texniki dəstək göstərilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5/1414 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirərək Medhis proqram təminatı üzrə müqavilədə nəzərdə tutulmuş qaydada 13 ədəd modulu deyil, 11 ədəd modulu cavabdehin icarəsinə vermişdir. Məhkəmə hesab edir ki, 13 ədəd modulun aylıq icarə haqqı tərəflər arasında razılaşdırılmış müqavilə üzrə 300 manat təşkil etdiyi halda, 11 ədəd modulun aylıq icarə haqqı 253,84 manat (300/13 modul x 11 modul), habelə 13 ədəd modula görə texniki dəstək və xidmətlərə görə aylıq 150 manat xidmət haqqı müəyyən edildiyi halda 11 ədəd modula görə 126,92 manat (150/13 modul x 11 modul) və proqram təminatında yenilənmə üçün 13 ədəd modul üçün nəzərdə tutulmuş aylıq 50 manat xidmət haqqı 11 ədəd modul üçün 42,30 manat (50/13 modul x 11 modul) təşkil edəcəkdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Medhis proqram təminatının istifadə tarixləri xx.xx.2019-xx.xx.2021-ci il (2 il 4 ay 8 gün) olmuş, proqram təminatında yenilənmələr xx.xx.2019-xx.xx.2020-ci il (1 il 24 gün) ərzində aparılmış və proqram təminatı üzrə texniki dəstək və treyninq xidməti xx.xx.2019-xx.xx.2021-ci il (1 il 9 ay 20 gün) ərzində göstərilmişdir. Belə olan halda məhkəmə o nəticəyə gəlir ki, Medhis proqram təminatının icarə haqqı 11 modul üçün ümumilikdə 7175,21 (2 il 4 ay 8 gün x 253,84 manat) manat, proqram təminatının yenilənməsi üzrə xidmət haqqı 11 ədəd modul üçün ümumilikdə 541,44 (1 il 24 gün x 42,30 manat) manat və texniki dəstək və treyninq xidməti üzrə xidmət haqqı 11 ədəd modul üçün ümumilikdə 2749,93 (1 il 9 ay 20 gün x 126,92 manat) manat təşkil edir. Belə olan halda cavabdeh tərəfindən ödənilməmiş 10500 manat deyil, 10466,58 manat (7175,21 manat + 2749,93 manat + 541,44 manat) qalıq borc mövcuddur ki, iddia bu hissədə qismən təmin edilməklə 104466,58 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (Mülki Məcəllə maddə 385.1, 386.1. 442, 448.2). Göründüyü kimi tərəflər arasına yaranmış öhdəlik münasibətləri etibarlı müqavilələr əsasında yaranmış və iddiaçı üzərinə götürdüyü öhdəliyi qismən icra etsə də cacvabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında ümumilikdə 6000 manat pul ödədiyini bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki prosessual Məcəllə maddə - 77.1). Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda aparılmış hesablama adi riyazi hesablama olduğundan ekspertiza keçirilməmiş və bu hesablama məhkəmənin xüsusi biliyindən kənara cıxmayaraq xüsusi biliyə malik ekspert tərəfindən hesablamanın aparılmasını zəruri etmir. Məhkəmə iddia tələbinin 5755 manat penya məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli xidmət haqqında müqavilənin 1.1.1-ci bəndinə əsasən icarəyəverən müqavilənin predmetinə uyğun olaraq siyahı üzrə bütün modulları icarəyə götürənə təhvil verir. 2.4-cü bəndinə əsasən icarəyəgötürən ödənişi 1 aydan artıq gecikdirərsə hər gecikdirilmə gününə görə gecikdirilmiş məbləğə 0,2 % penya tətbiq edilir. Digər müqavilələrdə isə penya ödənilməsi ilə bağlı müddəalar yoxdur. Hazırki iş materialları ilə icarə predmeti olan Medhis proqram təminatının bütün modullarının icarəyə götürənə təhvil verilməsinə dair sübut mövcud olmamaqla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi müqavilə predmeti olan 13 modulların 11 modulu quraşdırmış, digər 2 modul isə quraşdırılmamışdır. Belə olan halda iddiaçı öhdəliyini qismən icra etmiş və işlər təhvil verilmədiyindən hər hansı dəbbə pulundan söhbət gedə bilməz. Belə ki, tərəflər işlərin təhvil verilməli olması ilə bağlı razılığa gəlmişlər ki, işlər qismən icra edildiyindən iddiaçı tam təhvil vermədiyi işə görə dəbbə pulu tələb edə bilməz. Beləliklə xx.xx.2019-cu il tarixli SSA/019/06001 nömrəli xidmət haqqında müqavilənin 2.4-cü bəndinə əsasən işlər təhvil verilmədiyindən ödənişin hansı tarixdən gecikdirilməsini də müəyyən etmək mümkün olmadığından, habelə digər müqavilələr üzrə isə ümumiyyətlə cərimə hesablanması ilə bağlı tərəflər arasında razılaşma olmadığından məhkəmə hesab edir ki, iddia tələbi 5755 manat penya məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 138,76 manat təşkil edir ki, iddia qismən təmin edildiyindən həmin dövlət rüsumunun 49,41 manat hissəsi iddiaçıdan, 89,35 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, iddiaçıdan 49,41 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 49,41 manat dövlət rüsumu çıxılmaqla 150,59 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 49,41 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumuna əlavə edilməklə cavabdehdən bötüv şəkildə 138,76 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertizası üzrə 80 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 10466,58 manat borc və 150,59 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 138,76 manat dövlət rüsumu cavabdeh İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 80 manat ekspertiza xərci Cavabdeh1 MMC-dən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı - X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar