Məhkəmə qərarları › İş №e-2-2(117)-12/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-12/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-12/2024 10.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rəfayıl qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli K4777 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 379605.37 ABŞ dolları məbləğində borcun, xx.xx.2022-ci il tarixli K5423 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13496.96 avro məbləğində borcun, 21 oktyabr 2021-ci il tarixli İDK0575/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4157,10 avro məbləğində borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, 400 manat mediasiya xərcinin, 550 manat dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün 31,36 manat və 152,07 manat xidmət haqqının cavabdehlərdən tutulması” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli K4777 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 369155,37 ABŞ dolları məbləğində borcun, xx.xx.2022-ci il tarixli K5423 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13242,21 avro məbləğində borcun, 21 oktyabr 2021-ci il tarixli İDK0575/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4157,10 avro məbləğində borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, 400 manat mediasiya xərcinin, 550 manat dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün 31,36 manat və 152,07 manat xidmət haqqının cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırkı iş üzrə qəbul etdiyi qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı hazırkı tələb üzrə iddianın “daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixində GL4152 nömrəli kredit limiti müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 000 000 manat məbləğində kredit limiti xx.xx.2030-cu il tarixinədək ayrılmışdır. Bundan sonra GL4152 nömrəli kredit limiti müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində K4777 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 7% faiz dərəcəsi ilə 300 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bundan başqa GL4152 nömrəli kredit limiti müqaviləsi əsasında xx.xx.2022-ci il tarixli K5423 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 6% faiz dərəcəsi ilə 105 427 Avro məbləğində kredit xətti açılmışdır. Eyni zamanda tərəflər arasında GL4152 nömrəli kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli İDK0575 nömrəli İnvoysların Diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı əlavə imzalanmışdır. İDK0575 nömrəli İnvoysların Diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli İDK0575/06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixinədək illik faiz dərəcəsi 6% olmaqla 200 000 Avro məbləğində vəsait ayrılmışdır. Bankla borcalan arasında bağlanmış GL4152 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixində bankla zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında Z4085 və Z4084 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda, Bankla Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli İ3509 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyri-yaşayış binası ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bundan başqa Bankla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli İ3508 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********19-06301 reyestr nömrəli çıxarışından da görünür ki, Qax şəhəri, Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyri yaşayış sahəsi Cavabdeh3 mülkiyyətindədir və xx.xx.2020-ci il tarixli, GL4152 saylı kredit limiti müqaviləsindəki öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********28-10301 reyestr nömrəli çıxarışından da görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir və xx.xx.2020-ci il tarixli, GL4152 saylı kredit limiti müqaviləsindəki öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verilmişdir. İddiaçı tərəf ərizəsində “cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən K4777 saylı ərizəyə əsasən 300000 dollar əsas borc, 5355.95 dollar faiz borcu, 74249.42 dollar cərimə borcu olmaqla cəmi 379605.37 dollar borcun tutulması, K5423 saylı ərizəyə əsasən 7661.64 avro əsas borc, 544.71 avro faiz borcu, 5290.61avro cərimə borcu olmaqla cəmi 13496.96 avro borcun tutulması, İDK0575/06 saylı ərizəyə əsasən cəmi 4157.10 avro məbləğində borcun cavabdehlərdən tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın satış qiymətinin 121800 manat müəyyən edilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və əmlakın satış qiymətinin 96850 manat müəyyən edilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi” tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından da görünür ki, cavabdehlərin K4777 saylı ərizə üzrə ümumilikdə 379605.37 dollar, K5423 saylı ərizə üzrə ümumilikdə 13496.96 avro və İDK0575/06 saylı ərizə üzrə 4157.10 avro borcu mövcuddur. Məhkəmənin sorğusuna əsasən Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ƏEM/N102-1043/23 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyriyaşayış binasının likvid dəyəri ******* manat, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri isə 260000 manat müəyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8826 nömrəli ekspert rəyinə əsasən K4777 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 300000 dollar əsas, 6937.73 dollar faiz borcu, İDK0575/06 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 200000 avro əsas, 3626.86 avro faiz borcu, K5423 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 105427 avro əsas, 1229.98 avro faiz borcu mövcuddur. Bundan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasənda ipoteka əmlaklarının likvid dəyərinin müəyyən edilməsi məqsədilə ekspertə müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixli ekspert tərəfindən təqdim olunmuş məlumatda göstərilmişdir ki, qeyd olunmuş tarixdə tərəflərin baxışda iştirak etməməsi və tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən baxış baş tutmamış və ekspert rəy verməkdən imtina etmişdir. Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixində məlumat məhkəməyə təqdim olunmuş və bildirilmişdir ki, İtaliyaya göndərdikləri malların ödənişinin olunmaması səbəbindən götürdükləri krediti ödəyə bilməmişlər, bu brədə İtaliyada cinayət işi açılmışdır, iddiaçı İtaliyadakı şirkətə güvənərək onlara kredit xətti açmışdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını, Cavabdeh2 MMC işə nümyəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflər iştirak etməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqavilələri, zaminlik müqavilələri, ipoteka müqavilələri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixində GL4152 nömrəli kredit limiti müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 000 000 manat məbləğində kredit limiti xx.xx.2030-cu il tarixinədək ayrılmışdır. Bundan sonra GL4152 nömrəli kredit limiti müqaviləsi əsasında xx.xx.2021-ci il tarixində K4777 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 7% faiz dərəcəsi ilə 300 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bundan başqa GL4152 nömrəli kredit limiti müqaviləsi əsasında xx.xx.2022-ci il tarixli K5423 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 6% faiz dərəcəsi ilə 105 427 Avro məbləğində kredit xətti açılmışdır. Eyni zamanda tərəflər arasında GL4152 nömrəli kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli İDK0575 nömrəli İnvoysların Diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi və ona edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı əlavə imzalanmışdır. İDK0575 nömrəli İnvoysların Diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli İDK0575/06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixinədək illik faiz dərəcəsi 6% olmaqla 200 000 Avro məbləğində vəsait ayrılmışdır. Bankla borcalan arasında bağlanmış GL4152 nömrəli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixində bankla zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında Z4085 və Z4084 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda bankla Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli İ3509 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyri-yaşayış binası ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bundan başqa bankla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli İ3508 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından da görünür ki, cavabdehlərin K4777 saylı ərizə üzrə ümumilikdə 379605.37 dollar, K5423 saylı ərizə üzrə ümumilikdə 13496.96 avro və İDK0575/06 saylı ərizə üzrə 4157.10 avro borcu mövcuddur. Məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyri-yaşayış binasının likvid dəyəri ******* manat, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri isə 260000 manat müəyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən K4777 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 300000 dollar əsas, 6937.73 dollar faiz borcu, İDK0575/06 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 200000 avro əsas, 3626.86 avro faiz borcu, K5423 saylı ərizə üzrə xx.xx.2022-ci il tarixə 105427 avro əsas, 1229.98 avro faiz borcu mövcuddur. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, K4777 saylı ərizəyə əsasən 300000 dollar əsas borc, 5355.95 dollar faiz borcu, K5423 saylı ərizəyə əsasən 7661.64 avro əsas borc, 544.71 avro faiz borcu, İDK0575/06 saylı ərizəyə əsasən cəmi 4157.10 avro məbləğində borcun tutulmasını xahiş edir ki, bunlar iş materiallarına əlavə olunmuş sənədlə öz təsdiqini tapır. Məhkəmə iddia tələbində irəli sürülən əsas və faiz borcu ekspert rəyində müəyyən edilən məbləğlərdən az olduğundan və məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ olmadığından məhkəmə iddiaçının tələbində qeyd edilən əsas və faiz borcu məbləğini əsas götürmüşdür. Cavabdeh tərəfin isə əsas və faiz borcuna münasibətdə əsaslandırılmış etiraz və arqumenti olmamış, yalnız qeyd edilən kredit borcu üzrə alınan fındıq məhsulunun xarici şəxsə satıldığını, qeyd edilən satışa iddiaçı tərəfindən razılıq verildiyindən, lakin qeyd edilən məhsulu alan şirkət onlara qarşı dələdüzlüq cinayətinə yol verdiyindən xarici ölkə prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmasını əsas gətirərək qeyd edilən cinayət işi yekunlaşanadək hazırkı işə baxılmamasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən yaranmış mübahisə vardır, məhkəmənin hazırkı iddiaya cavabdehə ziyan vuran şəxsə qarşı cinayət işinə baxılanadək icraatın dayandırılması məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır.Bu səbəbdən hazırkı işə mahiyyəti üzrə baxmışdır. İddia tələbi üzrə əsas və faiz borclarıbıb tutulmasını tələb etməkdə iddiaçı tərəf haqlıdır. Məhkəmə “K4777 saylı ərizəyə əsasən 74249.42 dollar cərimə borcu və K5423 saylı ərizəyə əsasən 5290.61 avro cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən K4777 saylı ərizəyə əsasən 2552 dollar cərimə borcu və K5423 saylı ərizəyə əsasən 202 avro cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyriyaşayış binasına yönəldilməsi və əmlakın satış qiymətinin 121800 manat müəyyən edilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və əmlakın satış qiymətinin 96850 manat müəyyən edilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, təqdim olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyri-yaşayış binasının likvid dəyəri ******* manat, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri isə 260000 manat müəyən edilmişdir. İddiaçı tərəf qeyd edilən rəydə müəyyən edilən likvid dəyərlə razılaşmadığından təkrara məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də ipoteka predmeti təqdim edilmədiyindən və tərəflər ekspertizada iştirak etməmələri səbəbindən ekspert müvafiq rəy verməkdən imtina etmişdir. İddiaçı tərəf alternativ mütəxəssis rəyi təqdim etməmişdir. Bu səbəbdən də, mütəxəssis rəyinə əsasən məhkəmə Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri Azərbaycan prospektində yerləşən 2H saylı sahəsi 1490.73 kv.m olan qeyri-yaşayış binasının likvid dəyəri ******* manat, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0346 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri isə 260000 manat olduğunu qəbul edir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə təmin edildiyindən 550 manat dövlət rüsumu tam şəkildə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda ödənilmiş 400 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İpoteka bildirişinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 31.36 manat dövlət rüsumunun və 152.07 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada K4777 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 300,000 (üç yüz min) ABŞ dolları əsas borc, 5,355.95 (beş min üç yüz əlli beş dollar doxsan beş sent) ABŞ dolları faiz borcu, 2552 (iki min beş yüz əlli iki) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 307 887,95 ABŞ dolları məbləğində borc, K5423 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,661.64 (yeddi min altı yüz altmış bir avro altmış dörd sent) avro əsas borc, 544.71 (beş yüz qırx dörd avro yetmiş bir sent) avro faiz borcu, 202 (iki yüz iki) avro cərimə borcu olmaqla, cəmi 8 408,35 (səkkiz min dörd yüz səkkiz avro otuz beş sent) avro manat məbləğində borc, İDK0575/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cəmi 4,157.10 (dörd min bir yüz əlli yeddi avro on sent) avro məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma:

1. Cavabdeh3 mülkiyyətində olan Qax şəhəri, Azərbaycan prospektində yerləşən 0.1614 ha torpaq binası və onun üzərində yerləşən 1490.73 kv.m sahədən ibarət 2H saylı qeyri-yaşayış sahəsinə yönəldilsin, əmlakın hərracdan ilkin satışı üçün likvid dəyəri ******* manat müəyyən edilsin;

2. Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında 0.0346 ha torpaq sahəsi vəhəmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 291.5 kv.m-dən ibarət olan fərdi yaşayış evinə yönəldilsin və əmlakın hərracdan ilkin satışı üçün likvid dəyəri 260000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərracda satılsın. Qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlərdən mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı, 550 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 31.36 manat dövlət rüsumu və 152.07 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar