Məhkəmə qərarları › İş №e-2-2(117)-1202/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1202/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1202/2025 13.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “icarə haqqı” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti: 1 İddiaçı Cavabdeh qarşı, Cavabdeh 412 manat məbləğində ödənilməmiş icarə haqqı tutularaq iddiaçıya qaytarılması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 8 may 2024-cü il tarixində bağlanmış 071/2024 nömrəli torpaq icarə müqaviləsinə əsasən, Qəbələ rayonu, Məlikli kəndində yerləşən, ümumi sahəsi 2.06 ha. olan torpaq sahəsi cavabdehə icarəyə verilmiş və icarə haqqı hər hektar üçün 200 manat, ümumilikdə isə manat müəyyən edilmişdir. Adı çəkilən icarə müqaviləsinə əsasən, cavabdeh icarə haqqını xx.xx.2024-cü il tarixinə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh qeyd olunan məbləği vaxtında ödəməmiş, hətta xx.xx.2025 tarixində İddiaçı MMC tərəfindən göndərilən 26/25 nömrəli torpaq icarə borcunun ödənilməsi və borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq məktubuna məhəl qoymamışdır. Qeyd olunanlarla yanaşı, cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlar da nəticə verməmişdir. Bu səbəbdən də, hazırkı mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar cavabdehin torpağın icarəsi ilə bağlı yaranmış 412 manat məbləğində borcunun qaytarılmasını xahiş edilmişdir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə bildirmişdir ki, 2024-cü ilin 8 may tarixində Qəbələ aqroparkın torpaq işinə baxan Eldəniz və Araz adlı şəxs kəndə gələrək onu aldatdılar ki, torpaqlara çıxarış veririk. Həmin şirkətin ərazi üzrə torpaqların mühafizə xidmətində işləyirdi. Əraziləri gəzərək gəlib dövlət tərəfindən 1996-cı ildə torpaq islahatı zamanı dövlət tərəfindən özünə verilən torpağın yanında dayandılar. Qəbələ Aqropark MMC-nin nümayəndələri dedilər ki, bu ərazi çıxarışla onların yerinə aiddir. Onlara deyib ki, əgər bu torpaq sizindirsə o zaman özünün torpağı hardadır. Onlara deyiblər ki, sənin torpağının çıxarışı yoxdur. Onlara bildirib ki, bu torpaq özününü mülkiyyət torpağıdır. Özünə deyiblər ki, işçi olduğundan ona mükafat yazaraq həmin mükafatdan icarə haqqını keçirdəcəklər. Aldadaraq ona deyiblər ki, bu sənədə qol çəksin. Bir həftə sonra onlarla rastlaşanda deyib ki, Azərbaycanda Asan xidmət baxır rəsmi sənədləşmələrə. Onlar deyiblər ki, asan xidmətdə rəsmi müqavilə bağlayacaq. Bir müdddət sonra rəsmi məktub göndərib işdən azad ediblər. Sonra məktub göndəriblər ki, icarə haqqını ödəsin. Onlara deyib ki, qanunsuz olaraq işdən çıxarıbsız, imzalanan müqavilə formasının heç bir yerdə rəsmi qeydiyyatdan keçməyib. Sonda məhkəmədən iddiaçının qanunsuz əməllərinə son qoyulması xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

6. Məhkəmənin əvvələki iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, 1996-ci ildə torpaq islahatı keçirildi. İslahat keçirilən zaman mütəxəssislər kəndə gəlib kənddəki yerləri ölçüdlər. Püşkatma oldu və torpağ sakinlərə paylanıldı.1999-cu ildə isə həmin torpaqların sənədləri verildi. Daha sonra görüblər ki, torpağın xəritəsi ilə sənədlər üst-üstə düşmür. İcra Hakimiyyətinə müraciət ediblər. İcra Hakimiyyətindən deyiblər ki, köçürülmə olub və bu qaydada qalmalıdır. Daha sonra kənddəkilər torpağı satan zaman alqı-satqı işi ilə özü məşğul olub. Həmin torpaqları alıb iddiaçıya özü verib. Qəbələ Aqropark MMC-nin ərazi üzrə torpaqlardan mühafizə xidmətində işləyirdi. Qəbələ Aqropark MMC-nin nümayəndələri əraziləri gəzərək gəlib torpaq islahatı zamanı dövlət tərəfindən özünə verilən torpağın yanında dayandılar. Qəbələ Aqropark MMC-nin nümayəndələri dedilər ki, bu ərazi çıxarışla onların yerinə aiddir. Onlara deyib ki, “əgər bu torpaq sizindirsə o zaman mənim torpağım hardadır”. Onlara deyiblər ki, sənin torpağının çıxarışı yoxdur. Onlara bildirib ki, bu torpaq onun mülkiyyət torpağıdır. Onu aldadaraq sənədə qol çəkdiriblər. Daha sonra Qəbələ Aqropark rəsmi məktub göndərərək onu işdən azad ediblər.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə (icarəyə verən) Cavabdeh (icarəçi) arasında xx.xx.2024-cü il tarixli 071/2024 nömrəli “torpaq icarə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Qəbələ rayonu Məlikli kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 2.06 ha torpaq sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən icarə haqqı hər hektar üçün 200 manat, cəmi 412 manat təşkil edir. 1.9-cu bəndinə əsasən icarəçi icarə haqqını xx.xx.2024-cü il tarixinə kimi ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

9. İş materiallarında olan hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışlardan görünür ki, Qəbələ rayonu Məlikli kəndində yerləşən, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan 0,5116 ha torpaq sahəsi, Qəbələ rayonu Məlikli kəndində yerləşən, reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi ********** olan 1,546 ha torpaq sahəsi, ümumilikdə 2,0576 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

10. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706.1-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3-cü maddəsinə əsasən Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 12.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 11. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.

VI. Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya yaranmış borcun qaytarılması ilə bağlı öhdəliyi bağlanmış icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqaviləsi üzrə göstərilən torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqını ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini tətbiq etməklə və iş materiallarında olan sübutları araşdırıb onlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanan icarə müqaviləsi üzrə 412 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİl. Nəticə:

17. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 412 manat məbləğində icarə haqqı və ödənilmiş 30 manat dövlət rüsumuna görə pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar