Məhkəmə qərarları › İş №e-2-2(117)-1204/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1204/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1204/2023 24.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 016907 nömrəli akt əsasında hesablanmış 3570,28 manat borc məbləğinin **********7 nömrəli abonent hesabından silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Göyçay rayonu, Aşağı Qaraməryəm kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. Aktla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək 3570,28 manat məbləğində pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, sayğac şəbəkəyə cavabdeh təşkilatın müvafiq idarəsinin razılığı ilə qoşulmuşdur. Həmin sayğacın işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsidir. Həmçinin, qeyd etmişdir ki, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz göndərərək bildirmişdir ki, aktın tələb hissəsində “sayğac elektron tipli sayğacla əvəz olunsun” qeydiyyatı aparılmışdır. Həmin akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Akt tərtib edilən zaman mağazada işləyən satıcı isə iştirak etməsinə baxmayaraq aktı imza etməkdən imtina etmişdir. Yoxlama zamanı sayğacın içərisində maqnit aşkar edilmişdir. Məhkəməyə təqdim edilən videoda da bu öz əksini tapmışdır. Belə ki, enerjitəchizatı müəssisəsinin əməkdaşının maqniti niyə sayğaca yerləşdirmisiz sualına satıcı “maqnit heç nəyi dayandırmır” deyərək cavab vermiş və maqnitin olmasını təsdiq etmişdir. “Elektrik enerjisindən İstifadə Qaydaları”nın 8.17-ci, 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı və iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 016907 nömrəli aktdan görünür ki, elektrik sayğacı xüsusi maqnit vasitəsi ilə dövriyyədən kənarlaşdırılır. Belə ki, elektrik sayğacının impuls lampasının döyünməsinə baxmayaraq, elekrik sayğacının üst sağ gövdə hissəsinə qoyulduğu üçün hesablama mexanizminin dövriyyəsi məhdudlaşdırılır. Bu səbəbdən, elektrik sayğacının hesablayıcı mexanizmi sayğac dövriyyəsindən axan cərəyanı qeydə edə bilmir. Sayğac elektron tipli sayğacla əvəz olunmalıdır. İş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlama müddəti xx.xx.2023-cü il tarixi göstərir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, İddiaçı enerjitəchizatı müəssisəsinin əməkdaşının maqniti niyə sayğaca yerləşdirmisiz sualına satıcı “maqnit heç nəyi dayandırmır” deyərək cavab vermiş və maqnitin olmasını təsdiq etmişdir. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchizatını baxış keçirilməsi tarixindən (xx.xx.2023-cü il) əvvəlki 3 ay müddəti üzrə hesablanması qaydası belədir: 13.2 kv.t x 12 saat x 90 gün = 14256 kvt saat. Tarif (0,11 manat) – 14256 kvts x 0,11 = 1568,16 manat. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş və 10 gün ərzində etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır və hazırki vəziyyətdə iş materialları ilə sübut olunur ki, yoxlama düzgün aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 10.18.9-2. elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş elektrik enerjisindən dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Məhkəmə işin mahiyyəti ilə tərəflər üçün aydın olması üçün qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “Elektrik enerjisindən İstifadə Qaydalarının” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş işıq sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş video görüntü ilə sübut edilir ki, iddiaçı tərəfindən sayğaca maqniti yerləşdirilməsi təsdiq edilir. Belə ki, o, enerjitəchizatı müəssisəsinin əməkdaşının maqniti niyə sayğaca yerləşdirmisiz sualına satıcı “maqnit heç nəyi dayandırmır” deyərək cavab vermiş və maqnitin olmasını təsdiq etmişdir. Məhkəmə müəyyən etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlama müddəti xx.xx.2023-cü il tarixi göstərməklə X1 adına açılmışdır. Abonent İddiaçı olsa da, ticarət mağazasını onun qardaşı X2 idarə etdiyindən yoxlama sonuncunun adına açılmış, sənədləşmə isə İddiaçı adında aparılmışdır. Bu fakları İddiaçı moil telefonla aparılmış araşdırma zamanı etiraf etmişdir. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchizatını baxış keçirilməsi tarixindən (xx.xx.2023-cü il) əvvəlki 3 ay müddəti üzrə hesablanması qaydası belədir: 13.2 kv.t x 12 saat x 90 gün = 14256 kvt saat. Tarif (0,11 manat) – 14256 kvts x 0,11 = 1568,16 manat. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işıq sayğacına müdaxilədə iddiaçının (istehlakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirildiyindən 1568,16 manat hissədə borc məbləği düzgün hesablanmış, qalan məbləğə yəni 2,002.12 manat borca münasibətdə qeyd edilməlidir ki, həmin məbləğ əsasız hesablandığından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən ödənilməli dövlət rüsumu 55,7 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən, İddiaçı 24,46 manat, cavabdeh "xxxx" ASC-dən 31,24 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 016907 nömrəli akt əsasında hesablanmış 2,002.12 manat borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən 33,65 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddiaçı 24,46 manat, cavabdeh "xxxx" ASC-dən 31,24 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar