Məhkəmə qərarları › İş №e-2-2(117)-1205/2023

Şəki Kommersiya Məhkəməsi Əlavə qətnamə — İş №e-2-2(117)-1205/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1205/2023 28.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “387,81 manat borcun **********3 nömrəli abonent hesabından silinməsi” məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-1205/2023 nömrəli qətnaməsi üzrə aşağıdakı əlavə qətnaməni qəbul etdi. Təsviri hissə: Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-1205/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “909,87 manat borcun və 372,59 manat borcun **********3 nömrəli abonent hesabından silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli 047336 nömrəli akt əsasında hesablanmış 106,26 manat borc İddiaçı hesabından silinməsi, ödənilməmiş 32,82 manat dövlət rüsumunun 25,98 manatı İddiaçı, 6,84 manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən etmişdir ki, iddiaçı tələbində silinməsi tələb etdiyi borc məbləğini ümumi olaraq 909,87 manat göstərsə də, cavabdehin xx.xx.2019-cu il tarixli 024905 nömrəli aktı barədə məlumat qeyd edilməmiş və onun nəticəsində hesablanmış 387,81 manat borcun tutulub-tutulmamasına münasibət bildirilməmişdir. Cavabdeh qeyd edilən məsələ ilə bağlı müvafiq sübutlar təqdim etdiyindən qeyd edilən qətnamə üzrə əlavə qətnamə çıxarılmalıdır. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı etirazında 2019-cu il tarixli akta əsasən hesablanmış borcun silinməsi tələbi üzrə iddia müddətinin keçdiyini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 024905 nömrəli aktdan görünür ki, sayğac keçən enerjisi qeyd etmir və enerji uçotu pozulmuşdur. İş materiallarına əlavə edilmiş 024905 nömrəli icra vərəqəsinə əsasən, xx.xx.2019-cu il tarixli 024905 nömrəli akt əsasında cavabdehə 387,81 manat borc hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə-MPM) sadələşdirilmiş icraat üzrə bölmənin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, xx.xx.2019-cu il tarixli 024905 nömrəli akt nəticəsində iddiaçıya 387,81 manat və xx.xx.2022-ci il tarixli akt üzrə 522,06 borc hesablanmışdır. İddiaçı iddia ərizəsində ətraflı qeyd etməsə də tələb hissəsində silinməsi tələb edilən 909,87 manat borc hər iki akt üzrə hesablanmış borcun (387,81+522,06=909,87 manat) cəmidir. xx.xx.2022-ci il tarixli akt üzrə 522,06 borcun hesablanmasına məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə münasibət bildirilmiş, lakin qeyd edilən məhkəmə qətnaməsinin təsviri hissəsində xx.xx.2019-cu il tarixli akt qeyd edilməmiş, əsaslandırıcı və nəticə hissəsində xx.xx.2019cu il tarixli 024905 nömrəli akt qeyd edilməmiş və onun nəticəsində hesablanmış 387,81 manat borcun tutulub-tutulmamasına münasibət bildirilməmişdir. Vaxtaşırı ödəmələrlə bağlı qanunvericiliyin müəyyənləşdirdiyi iddia müddəti 3 ildir. İddiaçı həmin aktın bağlanmasından 2019-cu ildən xəbərdar olmuş, lakin 3 il iddia müddətini ötürərək xx.xx.2023-cü il tarixində iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 383. Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 024905 nömrəli aktla hesablanmış 387,81 manat məbləğində vəsait elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə yazılmış iddiaçıya məxsus abunə cədvəlində qeyd edilmiş və iddiaçıya bu barədə mütəmadi olaraq ödəniş barədə bildiriş verilmiş və iddiaçı tərəfindən isə 2019cu ilin sentyabr ayından başlayaraq müvafiq ödənişlər həyata keçirilmiş, bununla da iddiaçı borcun mövcudluğunu qəbul etmiş və bunu etiraf edən mütəmadi ödənişlər etmişdir. Hazırkı tələb üzrə borcu cavabdeh tələb etməsə də ona müvafiq ödənişlər edildiyindən həmin borcu da hazırkı vaxta kimi tələb etməmişdir. Qanunvericilikdə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olması qeyd edildiyindən iddia müddətinin qarşı tərəf olaraq "xxxx"ASC tərəfindən verilməsi qanunauyğundur. Mülki mühakimə icraatında tərəflər bərabər hüquqlardan istifadə edirlər və eyni vəzifələr daşıyırlar. Qeyd edilən hallarla bağlı iddiaçı tərəf hər hansı bir dəlil və ya fakt təqdim etməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə tərəfindən qətnamədə qiymət verilməyən “387,81 manat borcun **********3 nömrəli abonent hesabından silinməsi” tələbi əsassız olduğundan rədd edilməli və bununla bağlı əlavə qətnamə qəbul edilməlidir. MPM-in: 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 229.3. Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Nəticəvi hissə: Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 229 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-1205/2023 nömrəli qətnaməsi üzrə əlavə qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “387,81 manat borcun **********3 nömrəli abonent hesabından silinməsi” tələbinə dair iddiası rədd edilsin. Əlavə Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar