Məhkəmə qərarları › İş №e-2-2(117)-1209/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1209/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1209/2022 15.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2871,30 manat əsas, 2088,04 manat faiz, 2953,69 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 415,60 manat faiz borcu, iş üzrə ödənilmiş 3,30 manat dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində xərcin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh2 Tofiq oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 15 ay müddətinə 3000 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 21,2 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq bankla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 260009883/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən verilmiş kredit restruktruzasiya olunaraq tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2 nömrəli əlavə saziş bağlanmış və həmin sazişlə boracalanın kredit öhdəliyinin əsas borc qalığı 2871,30 manat, faiz və cərimə borcları isə 0 manat müəyyən edilmişdir. Sazişin 1.1-ci bəndinə əsasən restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2019cu il tarixədək uzadılmışdır. 1.2-ci bəndinə əsasən illik 15 % ödənilir və faktiki illik faiz dərəcəsi 15 % təşkil edir. Eyni zamanda xx.xx.2015-ci il tarixli 260009883/ZM nömrəli zaminlik müqaviləsi üzrə də xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə saziş imzalanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 2871,30 manat kredit borcunu ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 2871,30 manat əsas, 2088,04 manat faiz, 2953,69 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 415,60 manat faiz borcunun olduğunu əsas gətirərək borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh olan əsas borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə elektron poçt vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sazişdən göründüyü kimi, saziş 24 ay müddətinə bağlanılmış və sonuncu icra tarixi xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. Hazırki iddiaya dair məhkəmədən ona cavab olaraq ünvanlanmış bildirişin tarixi xx.xx.2022-ci ildir. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh olan zamin Cavabdeh1 xx.xx.2022-ci il tarixdə elektron poçt vasitəsilə etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məlumat və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il tarixdə 150 manat olmuş, xx.xx.2017-ci il tarixli kredit sazişi üzrə ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh2 ünvanı üzrə xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişi təqdim olunmuş, Cavabdeh1 göndərilən məhkəmə sənədləri ünvançının mənzildə olmaması səbəbindən geri qaytarılmış, sənədlər sonuncuya çatdırılması üçün xx.xx.2022-ci il tarixdə elektron poçt vasitəsilə Göyçay rayon İcra Hakimiyyətinə göndərilmişdir. Cavavabdehlər iddia tələbinə qarşı etirazlarını xx.xx.2022-ci il tarixdə elektron poçt vasitəsilə məhkəməyə göndərmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Əlavə saziş, Məlumat, Zaminlik müqaviləsi, Bildiriş, Hesabdan çıxarışlar, Cavabdehlərin etirazları, Cavabdehin ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2, 739.1, 739.2)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh2 Tofiq oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 15 ay müddətinə 3000 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 21,2 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq bankla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 260009883/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən verilmiş kredit restruktruzasiya olunaraq tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2 nömrəli əlavə saziş bağlanmış və həmin sazişlə boracalanın kredit öhdəliyinin əsas borc qalığı 2871,30 manat, faiz və cərimə borcları isə 0 manat müəyyən edilmişdir. Sazişin 1.1-ci bəndinə əsasən restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. 1.2-ci bəndinə əsasən illik 15 % ödənilir və faktiki illik faiz dərəcəsi 15 % təşkil edir. Eyni zamanda xx.xx.2015-ci il tarixli 260009883/ZM nömrəli zaminlik müqaviləsi üzrə də xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə saziş imzalanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 2871,30 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır ki, iddiaçının əsas borca münasibətdə iddia tələbi əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh olan əsas borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sazişdən göründüyü kimi, saziş 24 ay müddətinə bağlanılmış və sonuncu icra tarixi xx.xx.2019-cu il tarixə kimi müəyyən edilmişdir. Hazırki iddiaya dair məhkəmədən ona cavab olaraq ünvanlanmış bildirişin tarixi xx.xx.2022-ci ildir. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında 24 ay müddətinə 2781,30 manat kredit qalığının olmasına dair xx.xx.2017-ci il tarixdə müqavilə üzrə saziş bağlanmışdır. Eyni zamanda Dəmirbank ASCnin hesabdan çıxarışı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə 150 manat olmuş, saziş üzrə isə ümumiyyətlə ödəniş olmamışdır. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 24 ay müddətinə xx.xx.2017-ci il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Əsas borclu olan cavabdehin sonuncu ödənişi xx.xx.2016-cı il tarixdə olduğundan, saziş üzrə isə ümumiyyətlə ödəniş olmadığından iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilənin bitmə tarixi olan xx.xx.2019-cu il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə ilkin məhkəməyə müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(117)-669/2022 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, daha sonra iddiaçının hazırki iddia ərizəsi elektron kabinet vaitəsilə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı məhkəməyə ilk dəfə müraciət edərkən belə onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Sonda məhkəmə onu da qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, məhkəmə tələbin zaminə qarşı hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə - 376). Məhkəmə qeyd edir ki, zaminlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin verilməsi və ya verilməməsi iddianın bu hissədə rədd edilməsinə təsir etmir. Belə ki, əsas borcluya yönələn tələb üzrə iddia müddətinin keçməsi əsas tələbin təminatı qismində zaminliklə bağlı iddianın rədd edilməsi üçün əsasdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən müəyyən edilir ki, müqavilə üzrə bank 24 ay müddətinə qaytarmaq şərtilə borc alan Nəriman Xəlilova 5000 manat məbləğində krediti verməyi, borc alan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürümüşdür. Müqavilənin 11.6-cı bəndinə əsasən tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 24 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. xx.xx.2017-ci il tarixdən etibarən kredit müqaviləsinin müddəti xx.xx.2019-ci il tarixdə bitmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, xx.xx.2017-ci il tarixli saziş zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir..... Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2019-cu il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsindən ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək zaminə qarşı iddia tələbini irəli sürmüşdür ki, bununla da qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbinə münasibətdə iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan zaminə aid iddia tələbi də rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (8328,63 manat) ödənilməli dövlət rüsumu 103,29 manat olmalıdır ki, iddia rədd edildiyindən ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 3,30 manat dövlət rüsumu ödənildiyindən 100 manat ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdəsinə ödənilməlidir. Bundan başqa iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2871,30 manat əsas, 2088,04 manat faiz, 2953,69 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 415,60 manat faiz borcu, iş üzrə ödənilmiş 3,30 manat dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində xərcin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 100 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar