Məhkəmə qərarları › İş №e-2-2(117)-1209/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1209/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1209/2024 22.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə əsasında yaranmış 7215.41 manat əsas borc, 850.07 manat faiz borcu, 281.91 manat cərimə borcu, iş üzrə ödənilmiş 105 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun Cavabdeh4 tutulması, tutmanın paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən Cavabdeh4 məxsus olan 1/4 hissə, Cavabdeh2 məxsus olan 1/4 hissə, Cavabdeh3 məxsus olan 1/4 hissə və Cavabdeh1 məxsus olan 1/4 hissə. 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti müəyyənləşdirilməklə açıq hərracda satılması” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə əsasında yaranmış 7815.41 manat əsas borc, 584.39 manat faiz borcu, 80.95 manat cərimə borcu, iş üzrə ödənilmiş 105 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun Cavabdeh4 tutulması, tutmanın paylı mülkiyyət hüququ üzrə Ağsu şəh, Həzi Aslanov küçəsi,ev 15 ünvanında yerləşən Cavabdeh4 məxsus olan 1/4 hissə, Cavabdeh2 məxsus olan 1/4 hissə, Cavabdeh3 məxsus olan 1/4 hissə və Cavabdeh1 məxsus olan 1/4 hissə. 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti müəyyənləşdirilməklə açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində iddiaçı, iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbini pulun tutulması hissəsində dəyişdirərək, cavabdehlərdən müqavilə əsasında yaranmış 7215.41 manat əsas borc, 850.07 manat faiz borcu, 281.91 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh4 ilə xx.xx.2023-cü il tarixində kredit müqaviləsi imzalanmışdır, həmin müqavilə üzrə cavabdehə 12000 manat məbləğində kredit verilmişdir, lakin cavabdeh öhdəliklərini tam şəkildə yerinə yetirmədiyindən onun ödənilməmiş borcları qalmışdır. Borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixində AXFS-3762 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehə illik 20 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 12000 manat kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən müqavilədə göstərilmiş məbləği borc alana verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.14.2-ci bəndinə əsasən müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi məbləğində cərimə tətbiq olunur. Müqavilənin 6.4-cü bəndinə əsasən kreditin təminatı kimi Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən Cavabdeh4 məxsus 0.10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Əlavə olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli AXFS-3762 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan qismində qeyd edilmiş Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən Cavabdeh4 məxsus olan 1/4 hissə, Cavabdeh2 məxsus olan 1/4 hissə, Cavabdeh3 məxsus olan 1/4 hissə və Cavabdeh1 məxsus olan 1/4 hissə. 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli AXFS-3762 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaya vermişlər. İpoteka müqaviləsinin 7.1-ci bəndinə əsasən ipoteka qoyanın və borcalanın kredit müqaviləsi və bu müqavilə üzrə yaranmış öhdəliklərini lazımınca yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, habelə qanunvericilikdə və bu müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac vasitəsilə satılması üçün tədbirlər görmək ipoteka saxlayanın hüququdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 610.77 manat, sonuncu ay olan xx.xx.2025-ci il tarixində isə 609.69 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin tarixə cavabdehin əsas borc üzrə 7215.41 manat, faiz borcu üzrə 850.07 manat, cərimə borcu üzrə isə 281.91 manat ödənilməmiş borcu mövcuddur. Əlavə olaraq iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********97-10301 reyestr nömrəli çıxarışından görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (1/4 hissə) İddiaçı ASC-nin xeyrinə hüquqi yüklü edilmişdir. Əmlakın likvid dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 51000 manat müəyyən edilmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcu qəbul edir, lakin hazırda ödəyə bilmirlər. Oğlu müharibədə iştirak etmişdir. Digər cavabdehlər qızlarıdır. Cərimənin silinməsini və borcun aylara bölünərək ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixində AXFS-3762 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehə illik 20 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 12000 manat kredit verilmişdir. Məhkəmə iddia tələbinin “müqavilə əsasında yaranmış 7215.41 manat əsas borc, 850.07 manat faiz borcunun tutulması” hissəsinə müqasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən borc verən müqavilədə göstərilmiş məbləği borc alana verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin tarixə cavabdehin əsas borc üzrə 7215.41 manat, faiz borcu üzrə 850.07 manat ödənilməmiş borcu mövcuddur. Cavabdeh tərəfindən qeyd olunmuş məbləği təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı əsas və faiz borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “281.91 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 100 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən Cavabdeh4 məxsus olan 1/4 hissə, Cavabdeh2 məxsus olan 1/4 hissə, Cavabdeh3 məxsus olan 1/4 hissə və Cavabdeh1 məxsus olan 1/4 hissə. 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti müəyyənləşdirilməklə açıq hərracda satılması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 7.1-ci bəndinə əsasən ipoteka qoyanın və borcalanın kredit müqaviləsi və bu müqavilə üzrə yaranmış öhdəliklərini lazımınca yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, habelə qanunvericilikdə və bu müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərrac vasitəsilə satılması üçün tədbirlər görmək ipoteka saxlayanın hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Əmlakın likvid dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 51000 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən əmlakın likvid dəyəri ilə bağlı hər hansı etiraz təqdim edilməmiş və ya rəylə razılaşmadığı halda müstəqil ekspert tərəfindən qiymətləndirilmə rəyi məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 51000 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və hərracdan əldə olunmuş gəlirlə Cavabdeh4 xx.xx.2023-cü il tarixli AXFS-3762 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilməlidir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4 tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur. Belə ki, bu tələb hazırkı qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, real vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas və faiz borcuna münasibətdə təmin edildiyindən ümumi ödənilmiş 105 manat dövlət rüsumu və ipoteka bildirişinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 51 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə ekspertizası üçün 350 manat tədqiqatın dəyəri müəyyən edilsə də məhkəmə 200 manat ekspertiza xərcinin tutulmasını ədalətli hesab edir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, 200 manat məbləğində ekspert xərcinin tərəflər arasında bərabər bölüşdürülməsi nəticəsinə gəlir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh4 müqavilə əsasında yaranmış 7215.41 manat əsas borc, 850.07 manat faiz borcu, 100 manat cərimə borcu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 51 manat dövlət rüsumu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 105 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma paylı mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən Cavabdeh4 məxsus olan 1/4 hissə, Cavabdeh2 məxsus olan 1/4 hissə, Cavabdeh3 məxsus olan 1/4 hissə və Cavabdeh1 məxsus olan 1/4 hissə. 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.20 kv.m olan fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilsin, əmlakın hərracda satışı üçün likvid dəyəri 51 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilən vəsait Cavabdeh4 hazırkı qətnamə üzrə borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı iddiaçıdan 100 manatı Cavabdeh4 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, ABB ASC Nərimanov filialı, Bank VÖEN:**********, M.h:AZ03NABZ********************,H.h:AZ471BAZ********************,kod:805711, SWİFT:İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar