Məhkəmə qərarları › İş №e-2-2(117)-1211/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1211/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1211/2024 09.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “DCLT00425482-01 (kart hesabı: 41040AZNSK**********) saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 6,130.92 manat əsas borc, 20.45 manat faiz borcu, 1,401.54 manat cərimə borcu olmaqla, cəmi 7,552.91 manat məbləğində borcun; 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatı üzrə 1,167.36 manat məbləğində əsas borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 107.21 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmış və həmin ümumi şərtlər toplusunun 4 bölməsinin 4.1-ci bəndinə əsasən kredit təminatla və ya təminatsız verilə bilər. Kredit təminatla verilərkən “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən və ya sonradan müəyyən edilən təminat predmeti ilə təmin olunur. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrı müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə , valyuta və müddətdə güzəştli müddətli kredit xətti verilir. 6.8-ci bəndinə əsasən müştəri açılan overdraftdan “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddətdə istifadə edilə bilər və həmin müddətin sonunda overdraftın istifadə olunmuş hissəsi banka tam olaraq qaytarılır. xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/00425482 nömrəli razılıq ərizəsini imzalayaraq cavabdeh bankın rəsmi internet saytında (www.pashabank.az) yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DCLT00425482-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (ticarət kredit xətti üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 24% olmaqla nağdsız qaydada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə biznes kartı üzrə 7300 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə DCLT00425482-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6130.92 manat əsas borc, 20,45 manat faiz borcu, 1401,54 manat cərimə borcu, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1167.36 manat əsas borcu yaranmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun ödənlməmiş DCLT00425482-01 (kart hesabı: 41040AZNSK**********) nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən 6,130.92 manat əsas borc, 20.45 manat faiz borcu, 1,401.54 manat cərimə borcu, 41040AZNSK********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatı üzrə 1167.36 manat məbləğində əsas borcu yaranmışdır. Bu səbəbdən həmin borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və ona qoşma sənədlər Cavabdeh poçt vasitəsilə ünvanı üzrə göndərilmiş, lakin həmin sənədlər “evdə yoxdur” qeydi ilə məhkəməyə geri qaytarılmış, daha sonra rəsmi qaydada məhkəmə bildirişi və digər sənədlər xx.xx.2024-cü il tarixdə elektron poçt vasitəsilə cavabdehə və ya ailə üzvlərinə çatdırılması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə təqdim edilməsinə baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Ümumi şərtlər toplusu, Maliyyələşdirmə üçün ərizə, Hesabdan çıxarış, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmış və həmin ümumi şərtlər toplusunun 4 bölməsinin 4.1-ci bəndinə əsasən kredit təminatla və ya təminatsız verilə bilər. Kredit təminatla verilərkən “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən və ya sonradan müəyyən edilən təminat predmeti ilə təmin olunur. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrı müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə, valyuta və müddətdə güzəştli müddətli kredit xətti verilir. 6.8-ci bəndinə əsasən müştəri açılan overdraftdan “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddətdə istifadə edilə bilər və həmin müddətin sonunda overdraftın istifadə olunmuş hissəsi banka tam olaraq qaytarılır. xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/00425482 nömrəli razılıq ərizəsini imzalayaraq cavabdeh bankın rəsmi internet saytında (www.pashabank.az) yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DCLT00425482-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən (ticarət kredit xətti üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək, illik faiz dərəcəsi 24% olmaqla nağdsız qaydada "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə biznes kartı üzrə 7300 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə DCLT00425482-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6130.92 manat əsas borc, 20,45 manat faiz borcu qalmışdır. Eyni zamanda cavabdehin xx.xx.2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 6.1-ci bəndi və 6.8-ci bəndinə uyğun olaraq 41040AZNSK********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1167.36 manat əsas borcu yaranmışdır. Cavabdehin göstərilən məbləğdə borclarının mövcudluğu təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, DCLT00425482-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 6130.92 manat əsas borc, 20,45 manat faiz borcu və 41040AZNSK********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1167.36 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə DCLT00425482-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 1401,54 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən DCLT00425482-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehdən 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırki iş üzrə iddianın qiymətinə əsasən (8720.27 manat) ödənilməli dövlət rüsumu 107,20 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən 107,20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir ki, iddiaçı 107.21 manat dövlət rüsumu ödəsə və həmin dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iddianın qiymətinə uyğun hesablanmış 107,20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,01 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh DCLT00425482-01 (kart hesabı: 41040AZNSK**********) nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən 6130,92 manat əsas borc, 20,45 manat faiz borcu, 100 manat cərimə borcu və 41040AZNSK********** nömrəli kredit kartı üzrə overdraft əməliyyatı üzrə 1167,36 manat əsas borc, həmçinin 107,20 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 0,01 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar