Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1220/2024 09.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5542.88 manat əsas borc, 550.55 manat faiz borcu və 106.26 manat cərimə borcu olmaqla cəmi 6199.69 manat borcun və xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 7541.71 manat əsas borc, 724.65 manat faiz borcu və 136.19 manat cərimə borcu olmaqla cəmi 8402.55 və 133.81 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5542.88 manat əsas borc, 550.55 manat faiz borcu və 106.26 manat cərimə borcu olmaqla cəmi 6199.69 manat borcun və xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 7541.71 manat əsas borc, 724.65 manat faiz borcu və 136.19 manat cərimə borcu olmaqla cəmi 8402.55 və 133.81 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında kredit limitinin ayrılmasına dair xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli kredit limiti razılaşması əsasında bağlanmış xx.xx.2022-ci il tarixli 28-MCR-1-642-21/3 nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 22% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın 7-ci bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir. Bundan başqa, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2021ci il tarixli kredit limiti razılaşması əsasında bağlanmış xx.xx.2023-cü il tarixli 28-MCR-1- 642-21/44 nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə, illik 22% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 11-ci bəndində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli kredit bağlansın. Kredit müqavilələrinin şərtlərinə əsasən bank məbləği hər müqavilə üzrə ayrılıqda 10000 manat olan krediti faiz dərəcəsi 22% olmaqla 24 ay və 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş cədvəllərinə əsasən müəyyən edilir ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə hər ay 518.78 manat, sonuncu ay olan xx.xx.2024-cü ildə isə 518.81 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixli müqavilə üzrə hər ay 657.29 manat, sonuncu ay olan xx.xx.2024-cü il tarixində isə 657.19 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə 5542.88 manat əsas, 550.55 manat faiz, 212.52 manat cərimə borcu mövcuddur. xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024cü il tarixə 7541.71 manat əsas, 724.65 manat faiz, 272.38 manat cərimə borcu mövcuddur. Əlavə olaraq məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixində və xx.xx.2023-cü il tarixində 10000 manat olmaqla ümumilikdə 20000 manat kredit verilmişdir. xx.xx.2021-ci il tarixli Z/06036/21 nömrəli (zamin Cavabdeh2) və xx.xx.2022-ci il tarixli Z/01712/22 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh3 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərinə götürürlər. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 6.3-cü bəndinə əsasən müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmiş və bildirmişdir ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin “sədərək” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 və xx.xx.2022-ci il tarixində Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 22% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 22% olmaqla 18 ay müddətinə 18000 manat məbləğində kredit götürmüşdür 2024-cü ilin mayın 07-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5542.88 manat əsas borc, 550.55 manat faiz borcu və 212.52 manat cərimə borcu olmaqla cəmi 6305.95 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 212.52 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği 106.26 manat məbləğində tələb olunur. 2024-cü ilin mayın 07-dək Cavabdeh3 banka xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 7541.71 manat əsas borc, 724.65 manat faiz borcu və 272.38 manat cərimə borcu olmaqla cəmi 8538.74 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 272.38 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği 136.19 manat məbləğində tələb olunur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcu qəbul edir, işləri yaxşı getmədiyindən borcu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcu qəbul edir, krediti Rahim götürmüşdür, o isə zamin olmuşdur. Rahimin işləri yaxşı getmədiyi üçün borcu ödəyə bilməmişdir. Köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara zaminlik müqavilələri, kredit müqavilələri, maliyyə arayışları, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında kredit limitinin ayrılmasına dair xx.xx.2021-ci il tarixli razılaşmaya , həmçinin xx.xx.2022-ci il tarixli 28-MCR-1-642- 21/3 nömrəli və xx.xx.2023-cü il tarixli 28-MCR-1-642-21/44 nömrəli kredit razılaşmalarına əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixində və xx.xx.2023-cü il tarixində 10000 manat olmaqla ümumilikdə 20000 manat kredit verilmişdir. Cavabdeh3 xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə 5542.88 manat əsas, 550.55 manat faiz, 212.52 manat cərimə borcu mövcuddur. xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə 7541.71 manat əsas, 724.65 manat faiz, 272.38 manat cərimə borcu mövcuddur. xx.xx.2021-ci il tarixli Z/06036/21 nömrəli (zamin Cavabdeh2) və xx.xx.2022-ci il tarixli Z/01712/22 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh3 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5542.88 manat əsas, 550.55 manat faiz, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 7541.71 manat əsas, 724.65 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “106.26 manat və 136.19 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 7-ci bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir. Əlavə olaraq maliyyə arayışından göründüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 212.52 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 272.38 manat borcu mövcuddur. Lakin iddiaçı tərəf iddia ərizəsində cərimə borclarının 50% miqdarında azaldılmasını bildirmiş və 106.26 manat və 136.19 manat cərimə borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, cavabdehlərin maddi vəziyyətləri nəzərə alınaraq, iddiaçı hər iki müqavilə üzrə 50 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edilsə də, iddia əsas borca münasibətdə təmin edildiyindən 133.81 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5542.88 manat əsas borc, 550.55 manat faiz borcu və 50 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 7541.71 manat əsas borc, 724.65 manat faiz borcu və 50 manat cərimə borcu və 133.81 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov