Məhkəmə qərarları › İş №e-2-2(117)-1221/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1221/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1221/2023 27.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2044,63 manat əsas, 246,15 manat faiz, 34,32 manat cərimə borcunun və ödənilmiş 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2044,63 manat əsas, 246,15 manat faiz, 34,32 manat cərimə borcunun və ödənilmiş 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, Cavabdeh2 120 ay müddətinə 2,50 % aylıq faiz dərəcəsi ilə 200 000 manat kredit limiti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 28-MCR- 1-461-22/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6 və 10-cu bəndinə əsasən bu müqaviləyə görə bank məbləği 3000 manat məbləği aylıq 2,08 % dərəcəsi ilə krediti kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 8-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 24 ay müddətinə qüvvədədir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 26,07% müəyyən olunmuşdur. Cavabdeh Müqaviləyə 1 nömrəli Əlavədə aylıq 160,11 manat məbləğində ödəniş edilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,2% məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə 2938 manat vəsait cavabdehin 28-416150-12 nömrəli hesabına köçürülmüş və sonuncunun imzası ilə təsdiq olunmuşdur. xx.xx.2022-ci il tarixli Z/05817/22 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 28-MCR-1-461-22/1 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən həmin müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və bu Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə göndərilmiş, Cavabdeh1 göndərilmiş məhkəmə bildirişi “Ünvan tam deyil” qeydi ilə, digər cavabdehə göndərilən bildiriş isə “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Cavabdehlərə təqdim olunması üçün xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişləri Abşeron Rayon İcra Hakimiyyətinə və Ucar Rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. MPM-nin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi və zaminlik müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, Cavabdeh2 120 ay müddətinə 2,50 % aylıq faiz dərəcəsi ilə 200 000 manat kredit limiti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 28-MCR- 1-461-22/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6 və 10-cu bəndinə əsasən bu müqaviləyə görə bank məbləği 3000 manat məbləği aylıq 2,08 % dərəcəsi ilə krediti kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 8-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 24 ay müddətinə qüvvədədir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 26,07% müəyyən olunmuşdur. Cavabdeh Müqaviləyə 1 nömrəli Əlavədə aylıq 160,11 manat məbləğində ödəniş edilməsini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Z/05817/22 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 28- MCR-1-461-22/1 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Məhkəmə iddia tələbinin “2044,63 manat əsas, 246,15 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, cavabdehlər qeyd edilən tələbə hər hansı bir etiraz bildirməmiş, məhkəmə isə öz təşəbbüsü ilə hər hansı bir əlavə araşdırma aparmamış, tələb edilən əsas və faiz borcunun məbləğinin daha az olması ilə bağlı məhkəmədə hər hansı bir arqument mövcud olmamışdır. Odur ki, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “34,32 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,2% məbləğində cərimə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinə əsasən iddiaçı 34,32 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 60 manat mediasiya xərci cavabdehlərdən tutulmalı, ödənilməli olan 43,25 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2044,63 manat əsas, 246,15 manat faiz borcu, 34,32 manat cərimə borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh2 ödənilməmiş 43,25 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar