Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1231/2024 17.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “cavabdehdən 7678.02 manat əsas borc, 4366.62 manat müqavilə müddətində faiz borcu və 1143.23 manat cərimə borcu olmaqla, ümumilikdə 13187.87 manat məbləğində kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 129.56 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1840/K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 8000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. 3.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kredit üzrə borcunun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günədək hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gündür. 3.9-cu bəndinə əsasən borc verən bu müqavilə üzrə kreditin, həmçinin borc alanla bağlanmış bütün kredit müqavilələri üzrə borcların qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış fazilərinödənilməsini bu müqavilədə nəzərdə tutulmuş hallarda (müqavilənin 3.9.1, 3.9.2, 3.9.3, 3.9.4, 3.9.5, 3.9.6, 3.9.7, 3.9.8, 3.9.9, 3.9.10, 3.9.11) tələb edə bilər. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən hər ay 252.05 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 251.94 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə 7678.02 manat əsas borc, 4366.62 manat müqavilə müddətində faiz borcu və 1143.23 manat cərimə bоrcu qalmışdır. xx.xx.2024-cü il tarixə olan maliyyə arayışında bu hal qeyd edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739,2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1840/K nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 8000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. xx.xx.2021-ci il tarixli ödəniş planından göründüyü kimi cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən hər ay 252.05 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 251.94 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öhdəliklərini yerinə yetirərək hesabdan çıxarışdan da göründüyü kimi 8000 manat pulu cavabdehə vermiş, sonuncu isə öhdəliyini lazımınca yerinə yetirdiyindən ödənilməmiş 7678,02 manat əsas borcu qalmışdır. Bu səbəbdən də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 4366,62 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı öz iddia tələbinin əsasını təşkil edəcək bütün mümkün sübutlarını təqdim etmiş, cavabdehə keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə etirazını və bunu əsaslandıracaq sübutlarını, ümumiyyətlə iddia tələbinə hər hansısa münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sübutlar işin araşdırılması üçün kifayət etdiyindən və cavabdeh də iddia tələbinə etirazını təqdim etmədiyindən məhkəmə tərəfindən əlavə araşdırılma aparılmamış və bunun üçün ekspertiza təyin edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən olunduğu kimi cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş edilmiş və bunda sonra ödəniş edilməmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.9.7-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi 10 gündən artıq müddətdə və ya 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirildikdə borc alan bu müqavilə üzrə kreditin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış fazilərin ödənilməsini tələb etmək hüququ vardır ki, hazırki vəziyyətdə cavabdeh borcunun ödənilməsini gecikdirməklə qalmamış, 2 ilədək müddət ərzində ümumiyyətlə ödəniş etməmişdir ki, iddiaçı müqavilə ilə razılaşdırıldığı kimi qeyd edilən hüququndan istifadə edərək faziləri hesablamaqda davam etmiş və hazırki tələbi ilə məhkəməyə müraciət etmişdir ki, göründüyü kimi bunda da haqlı olmuşdur. Odur ki, 4366,62 manat faiz borcu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa ödənilməli 1143,23 manat cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şərait yaratmışdır. Belə olan halda dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 129,56 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği dəyişmədiyindən 129,56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı 129,56 manat dövlət rüsumunu dövlət büdcəsinə ödədiyindən və bu məbləği cavabdehdən tələb etdiyindən 129,56 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 0,40 manat xidmət haqqı bank xərclərinə aid edildiyindən cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7678,02 manat əsas, 4366,62 manat faiz, 100 manat cərimə bоrcu və ödənilmiş 129,56 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1231/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1231/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver