Məhkəmə qərarları › İş №e-2-2(117)-1232/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1232/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1232/2024 26.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 6105.59 manat əsas, 3114.96 manat faiz, 774.90 manat cərimə, ödənilmiş 119.96 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 158-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə refinans və dövriyyə vəsaitlərinin artırılması məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 6200 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən müəyyən edilmiş müddət ərzində 94,41 manat əsas borc, hesablanmış 338,45 manat faiz borcu və 2,68 manat cərimə borcu ödənilmiş, qalan borc məbləği ödənilməmişdir. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 6105.59 manat əsas, 3114.96 manat faiz və 774.90 manat cərimə bоrcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə ünvanı üzrə cavabdehə (anası Hüseynova Adilə) çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Maliyyə arayışı, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739,2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 158-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə refinans və dövriyyə vəsaitlərinin artırılması məqsədilə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödənilməsi şərtilə 6200 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini icra etmədiyindən onun 6105.59 manat əsas, 3114.96 manat faiz borcu qalmışdır. Hesabdan çıxarış və maliyyə arayışı ilə bu hal təsdiq olunduğundan və cavabdeh iddia tələbinə münasibətdə əsaslandırılmış etirazını və buna dair sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, 6105.59 manat əsas, 3114.96 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia tələbinin 774,90 mant cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun 5%-i həddində 300 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 6105.59 manat əsas, 3114.96 manat faiz borcu və 300 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 119,96 manat təşkil edir. İddia qismən təmin edilsə də, məhkəmə qanunvericiliklə müəyyən olunmuş qaydada ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. İddiaçı 119,96 manat dövlət rüsumu ödəmiş və həmin məbləği cavabdehdən tələb etdiyindən 119,96 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda 0.40 manat xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, həmin xidmət haqqı məhkəmə xərclərinə aid deyildir ki, bu səbəbdən cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6105.59 manat əsas, 3114.96 manat faiz, 300 manat cərimə bоrcu və 119,96 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar