Məhkəmə qərarları › İş №e-2-2(117)-1242/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1242/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1242/2022 20.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2110,84 manat məbləğində əsas borc, 200,63 manat məbləğində faiz borcu və 19,22 manat cərimə borcu olmaqla, ümumilikdə 2330,69 manat məbləğində borcun, 60 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 001/KM/114/5200822/011021 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 18 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 36 % olmaqla cərimə faizi ödəyir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 001/ZM/114/5200824/011021 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 2110,84 manat məbləğində əsas kredit borcu qalmışdır. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, Cavabdeh2 məhkəmə bildirişini xx.xx.2022-ci il tarixdə şəxsən qəbul etmiş, digər Cavabdeh1 göndərilən məhkəmə sənədləri həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, məhkəmə sənədləri sonuncuya çatdırılması üçün Şəki şəhər İcra Hakimiyyətinə göndərilmiş və sonuncunun xx.xx.2022-ci il tarixli 167 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, məhkəmə sənədləri Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi vasitəsilə çatdırılmışdır. Buna baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Zaminlik müqaviləsi, Pretenziya məktubu və maliyyə arayışı daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 001/KM/114/5200822/011021 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə 18 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 36 % olmaqla cərimə faizi ödəyir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 001/ZM/114/5200824/011021 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit təşkilatı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, Cavabdeh1 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 2110,84 manat əsas borcu və illik 25% olmaqla 200,63 manat faiz borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 2110,84 manat əsas, 200,63 manat faiz və 19,22 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən 2110,84 manat əsas borc, 200,63 manat faiz və 19,22 manat cərimə borcu cavabdehlərdən tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (2330,69 manat) ödənilməli dövlət rüsumu 43,30 manat olmalıdır ki, iddia təmin edildiyindən həmin dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etdiyindən, 60 manat mediasiya xərci də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2110,84 manat əsas borc, 200,63 manat faiz borcu,19,22 manat cərimə borcu və 60 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 43,30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar