Məhkəmə qərarları › İş №e-2-2(117)-125/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-125/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-125/2024 02.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “cavabdehlər Cavabdeh əsas borc 675,85 manat, müqavilə müddəti ərzində hesablanmış faiz borcu 121,36 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%lə hesablanmış faiz 51,82 manat olmaqla cəmi 849,03 manat borc məbləğinin və ödənilmiş 50 manat mediasiya xərcinin İddiaçı QSC BOKT-nin xeyrinə tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixədək TM-425/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 2600 manat pulu illik 8,5 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 2600 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş əsas və faiz borcları qalmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixə olan hesabdan çıxarışdan görünür ki, cavabdeh 2600 manat borcdan 1924,15 manat əsas borc üzrə, 87,96 manat isə faiz borcu üzrə ödəniş etmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas, faiz və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə sonuncunun elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı QSC BOKT-un Şəki filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixədək TM-425/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 2600 manat pulu illik 8,5 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə 675,85 manat əsas və 121,36 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixə olan hesabdan çıxarışdan görünür ki, cavabdeh 2600 manat borcdan 1924,15 manat əsas borc üzrə, 87,96 manat isə faiz borcu üzrə ödəniş etmiş, qalan məbləğləri isə ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 675,85 manat əsas borc, 121,36 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı tərəfindən tələb olunan illik 5%-lə hesablanmış 51,82 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 19 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 53,46 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz məbləği (675,85 * 5% = 33,79 manat – 1 il üçün, 33,79 / 12 = 2,81 aylıq faiz, 2,81 x 7 ay = 19,67 manat) cəmi 53,46 manat (33,79+19,67=53,46) təşkil edir. İddiaçı isə 51,82 manat tələb edir ki, məhkəmə iddiaçının tələbi həddində müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 51,82 manat məbləğin cavabdehdən tutularaq ödənilməsini qanuni və ədalətli hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəyə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda tələb olunan 50 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 675,85 manat əsas borc, 121,36 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 51,82 manat faiz və 50 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar