Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1254/2024 30.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1778.64 manat əsas borc, 171.65 manat faiz borcu, 5.65 manat penya və dövlət rüsumu kimi ödənilmiş 39.56 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə : xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit verilməsinə dair Razılaşmaya əsasən iddiaçı avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə illik 22 % dərəcəsilə 2500 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22% + 5% gecikdirmə faizi ilə hesablanır. 6-cı bəndinə əsasən borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % həcmində cərimə məbləği ödəməyi öhdəsinə götürmüşdür. 12-ci bəndinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən olunmuş müddətdə icra etmədikdə kredit verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri və cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Eyni zamanda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 arasında həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2023-cü il tarixli 31FİZAM133210703 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli “kredit borcunun, faizlərin və penyanın hesablanması” haqqında arayışdan görünür ki, Cavabdeh1 tərəfindən 721,36 manat əsas borcdan, 243,60 manat faiz borcundan və 0,39 manat cərimə borcundan ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun ödənilməmiş əsas və ona hesablanmiş faiz borcu qalmışdır. Sonuncu borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 1778,64 manat əsas borc, 171,65 manat faiz borcu və 5,65 manat penya borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və ona qoşma sənədlər cavabdehlər Cavabdeh1 Qadir oğlu və Cavabdeh2 Abdulla oğluna (atası) xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə ünvanları üzrə təqdim olunmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Razılaşma, Zaminlik müqaviləsi, Arayış, Ödəniş cədvəli, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 Qadir oğlu arasında bağlanmış kredit verilməsinə dair Razılaşmaya əsasən iddiaçı avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə illik 22 % dərəcəsilə 2500 manat pulu cavabdehə vermiş, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürsə də, Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun ödənilməmiş 1778.64 manat əsas borc, 171.65 manat faiz borcu və 5.65 manat cərimə borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zaminlik müqaviləsi qüvvədə olduğundan, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 ilə birlikdə bank qarşısında məsuliyyət daşıdığından, sonuncunun ödənilməmiş öhdəliyi yarandığından iddia tələbi təmin edilərək 1778.64 manat əsas, 171.65 manat faiz borcu və 5.65 manat cərimə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 39,56 manat olmalıdır. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 39,56 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1778,64 manat əsas borc, 171,65 manat faiz bоrcu, 5,65 manat penya və 39,56 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1254/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1254/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver