Məhkəmə qərarları › İş №e-2-2(117)-1266/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1266/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1266/2022 07.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2020-ci il tarixli 056R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər müştərək qaydada 7220,7 manat kredit borcu, 1023,33 manat faiz borcu və 1776,28 manat məbləğində cərimə borclu olmaqla,ümumilikdə 10020,21 manat borcun və 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2020-ci il tarixli 056R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər müştərək qaydada 7220,7 manat kredit borcu, 1023,33 manat faiz borcu və 1776,28 manat məbləğində cərimə borclu olmaqla,ümumilikdə 10020,21 manat borcun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 oğlu ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 056L**********59 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin : 1.1-ci bəndinə əsasən, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borcların həddidir. 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2030-cu il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlananvə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. xx.xx.2020-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasının : 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 532 manat, sonuncu ay isə 545,44 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə, kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci ilbəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə, «Kreditalan» ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 056S**********02 (zamin Cavabdeh4) 056S**********01 (zamin Cavabdeh3), 056S**********01 (zamin Cavabdeh2) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə 120 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, 10000 manat məbləğində pul İddiaçı QSC tərəfindən Cavabdeh1 **********748349 nömrəli hesabına köçürülmüşdür. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7317 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 oğlu ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 056R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borclunun 7207,60 manat əsas, 1968,26 manat fazi borcu müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM)185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2020ci il tarixli kredit və zaminlik müqavilələri, kredit və zaminlik müqaviləsinə 1 saylı əlavə, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 oğlu ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 056L**********59 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit vəsaitini hər ay 532 manat, sonuncu ay isə 545,44 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə, kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci ilbəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə, «Kreditalan» ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.xx.xx.2020-ci il tarixli 056S**********02, 056S**********01, 056S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materialları ilə sübut olunur ki, kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş və 10000 manat məbləğində pul İddiaçı QSC tərəfindən Cavabdeh1 **********748349 nömrəli hesabına köçürülmüşdür. Lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməmişdir və maliyyə arayışı ilə Cavabdeh1 7220,7 manat əsas 1023,23 manat faiz borcu olduğu və borcu 246 gün gecikdirdiyi təsdiq edilir. xx.xx.2022-ci il tarixli 9/7317 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 oğlu ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 056R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə borclunun 7207,60 manat əsas, 1968,26 manat fazi borcu müəyyən olunmuşdur. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini əsas borcun məbləğinin 7207,60 manat olmasına dair digər alternativ sübutlar olmadığına görə həmin rəyi borcun əsas borc məbləğində münasibətdə əsaslı qəbul edir. Odur ki, iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Faiz borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1023,23 manat faiz borcu tələb edilmiş, lakin ekspert rəyi ilə 1968,26 manat faiz borcu müəyyən edilmişdir. Məhkəmə iddia tələblərindən kənara çıxa bilmədiyindən iddiaçı 1023,23 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “1776,28 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 170 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddiaçının tələbini əsaslandıran işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatın tərəfləri üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin isə etirazlarının əsaslarını sübut etmək vəzifələri müəyyən etmiş, həmin məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Odur ki, iddiaçı əsas borc 7207,60 manatın və müqavilə müddəti üçün hesablanmış 1023,23 manat məbləğində faiz, 170 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə iddiaçının “kredit müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməldir ki, Tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.1-ci bəndinə əsasən kredit alan borcu ödəniş planına uyğun qaytara bilmədikdə Bankın kredit müqaviləsinə xitam vermək və borcu faizlərlə birlikdə qaytarmağı tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasına kredit razılaşmasının ləğv edilməsini iddiaçı tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 056R********** kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli 056R********** kredit razılaşması üzrə 7207,60 manat əsas borc, 1023,23 manat faiz borcu və 170 manat cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənlməsi hissəsində təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən 200 manat mediasiya xərci cavabdehdən tutulmalı, ödənilməli olan 120,06 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda ekspertiza xərci də tərəflər arasında bərabər bölünməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 056R********** kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2020ci il tarixli 056R********** saylı üzrə 7207,60 manat əsas borc, 1023,23 manat faiz borcu, 170 manat cərimə borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 120,06 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı QSC-dən və 50 manatı Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar