Məhkəmə qərarları › İş №e-2-2(117)-128/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-128/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-128/2024 06.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7266.93 manat əsas borc, 549.14 manat faiz borcu və 217.65 manat cərimə borcu, 5 oktyabr 2023-cü il tarixdən 6 oktyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8034.72 manat borcun, 110 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6-MCR-1-997- 21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh3 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50% ilə 100000 manat (kreditin verildiyi məqamda mövcud olan valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2021-ci il tarixdə bankla borc alan Cavabdeh3 arasında 6-MCR-1-997-21/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 biznes məqsədilə 24 ay müddətinə aylıq 1,67 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda öhdəliyin təminatı olaraq Cavabdeh2, Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixdə Z/09346/21 nömrəli və xx.xx.2021-ci il tarixli Z/09345/21 nömrəli nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr ilə zaminlər Cavabdeh2, Cavabdeh1 kredit limitinin ayrılmasına dair müqavilə üzrə bank qarşısında borcalanın öhdəliklərini tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh3 kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ASC cavabdehin 7266.93 manat əsas borc, 549.14 manat faiz borcu və 217.65 manat cərimə borcu, 5 oktyabr 2023-cü il tarixdən 6 oktyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8034.72 manat borcunun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə Cavabdeh2, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 poçt vasitəsilə ünvanları üzrə, xx.xx.2024-cü il tarixdə Cavabdeh3 vergi orqanında mövcud olan elektron kabinetinə göndərilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit limitinin ayrılması müqaviləsi, kredit razılaşması və ona 1 nömrəli əlavə, zaminlik müqavilələri, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 6-MCR-1-997-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh3 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50% ilə 100000 manat (kreditin verildiyi məqamda mövcud olan valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2021-ci il tarixdə bankla borc alan Cavabdeh3 arasında 6-MCR-1-997-21/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 biznes məqsədilə 24 ay müddətinə aylıq 1,67 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh3 kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 7266,93 manat əsas, 549,14 manat faiz borcu və 217,65 manat cərimə borcu qalmışdır. Bundan başqa iddiaçı 5 oktyabr 2023-cü il tarixdən 6 oktyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda kimi illik 5 faizlə hesablanmış 1 manat məbləğində pulun ödənilməsini də tələb edir və məhkəmə tələbin bu hissəsinə münasibətdə müəyyən edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Həmin tarixdən xx.xx.2023-cü il tarixə 1 gün üçün illik 5%-lə hesablandıqda 1 gün üçün ödənilməli faiz məbləği 1 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi 5 oktyabr 2023-cü il tarixdən 6 oktyabr 2023-cü il tarixədək 1 gün üçün illik 5 %-lə hesablanmış faiz məbləği (7266,93 * 5% = 363,35 manat – 1 il üçün, 365,35 / 12 ay = 30,28 manat 1 aylıq faiz, 30,28 / 30 ay = 1,008 manat) 1,008 manat təşkil edir. Bu səbəbdən iddiaçının tələb etdiyi illik 5%-lə 1 gün üçün hesablanmış 1 manat məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan həmin borc məbləğləri cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (8034,72 manat) ödənilməli 100,35 manat dövlət rüsumu manat olmalıdır. İddia tələbi təmin edildiyindən 100,35 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etdiyindən 110 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 5 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7266,93 manat əsas, 549,14 manat faiz borcu və 217,65 manat cərimə borcu, 5 oktyabr 2023-cü il tarixdən 6 oktyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda kimi illik 5 faizlə hesablanmış 1 manat və 110 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 100,35 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar