Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-129/2024 12.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “cavabdehdən 6323,49 manat əsas borcun, 469,31 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 502,37 manat faiz borcunun, hesablanmış cərimə 705,45 manat olmaqla, cəmi 8000,62 manat borc məbləğin, habelə 110 manat ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixədək TM-350/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 8600 manat pulu illik 8,5 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən gecikdirilimş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə əlavə 10 % cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 8600 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixə əsas və fazi borcunun ödənilməsinə dair məlumat cədvəlindən görünür ki, cavabdeh tərəfindən 8600 manat əsas borc məbləğindən 2276,51 manat, əsas borca hesablanmış 731 manat faiz borcundan isə 261,69 manat ödəniş edilmiş və qalan borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə kredit təşkilatına olan kredit borcunun tam ödənilməməsinə görə onunla bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 8600 manat kredit məbləğindən 2276,51 manat və hesablanmış faiz borcundan 261,58 manat ödəniş etmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh ilə İddiaçı QSC Bank omayan Kredit Təşkilatına olan əsas borcu 6323,49 manat, müqavilə müddəti ərzində hesablanmış faiz borcu 469,31 manat, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla 502,37 manat, hesablanmış cərimə 705,45 manat olmaqla, cəmi borcu 8000,62 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü tarixdə cavabdehə poçt vasitəsilə ünvanı üzrə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, borca dair məlumat cədvəli, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə tərəflər arasında xx.xx.2022-ci il tarixədək bağlanmış TM-350/21 nömrəli kredit müqaviləsi ilə iddiaçı 8600 manat pulu illik 8,5 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən gecikdirilimş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə əlavə 10 % cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsinə dair məlumat cədvəlindən göründüyü kimi cavabdeh tərəfindən 8600 manat əsas borc məbləğindən 2276,51 manat, əsas borca hesablanmış 731 manat faiz borcundan isə 261,69 manat ödəniş edilmiş və qalan borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı borclu qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borclu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 6323,49 manat əsas, 469,31 manat faiz borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 705,45 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən kredit müqaviləsinin 4.7-ci bəndinin şərtinə əsasən illik 10 %-lə hesablanmış 705,45 manat cərimə borcu tənasübsüz şəkildə yüksək olduğundan məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, əsas borclu olan cavabdehdən 705,45 manat deyil, 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmş 502,37 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 19 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 500,6 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz məbləği (6323,49 * 5% = 316,17 manat – 1 il üçün, 316,17 / 12 = 26,35 aylıq faiz, 26,35 x 7 ay = 184,43 manat) cəmi 500,6 manat (316,17 + 184,43 = 500,6) təşkil edir. İddiaçı isə 502,37 manat tələb edir ki, göründüyü kimi bunda haqlı olmamışdır. Bu səbəbdən məhkəmə adi qaydada hesablanmış 500,6 manat məbləğin cavabdehdən tutularaq ödənilməsini qanuni və ədalətli hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (8000,62 manat) ödənilməli dövlət rüsumu 100,01 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən 100,01 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 110 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 6323,49 manat əsas borc, 469,31 manat faiz borcu, 50 manat cərimə, 500,6 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5% illik borc və 110 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh X1 100,01 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-129/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-129/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver