Məhkəmə qərarları › İş №e-2-2(117)-129/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-129/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-129/2025 13.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit müqaviləsi üzrə 10167.78 manat məbləğində kredit borcu, 941.48 manat məbləğində faiz borcu və 1086.15 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 12195.41 manat məbləğində borcun və ödənilmiş 148.82 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 16872.82 manat krеdit bоrcu, 2262.99 manat faiz bоrcu və 469.06 manat cərimə borcu olmaqla, ümumilikdə 19604.87 manat məbləğində bоrcun və 148.82 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra İddiaçı QSC xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit müqaviləsi üzrə 10167.78 manat məbləğində kredit borcu, 941.48 manat məbləğində faiz borcu və 1086.15 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 12195.41 manat məbləğində borcun və ödənilmiş 148.82 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 007L**********39 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Uzun müddətli kredit və təminat müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh3 və zamin qismində Cavabdeh1, X2 arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2033-cü il tarixinədək uzunmüddətli kredit və təminat müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Eyni zamanda müqavilənin 11.4cü bəndinə əsasən zamin kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 20 000 manat olan krediti illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş köçürmə sənədindən də görünür ki, 20 000 manat məbləğində vəsait Cavabdeh3 bank hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay 774 manat, sonuncu ay olan xx.xx.2026-cı il tarixində isə 765.99 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh1) və 007S**********02 nömrəli (zamin Cavabdeh2) Qoşulma barədə sazişlərin tələbinə görə zamin, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023cü il tarixli 007L**********39 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında yaranan öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq, müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli 007R**********S nömrəli “xx.xx.2023-cü il tarixli 007R********** nömrəli kredit sazişinə və ödəniş planına dəyişikliklər edilməsi haqqında” Sazişdən görünür ki, kredit alan, kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli Ödəniş planına uyğun olaraq banka ödəməlidir. xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli TT242218674P nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh3 tərəfindən kredit borcu üzrə 10 000 (on min) manat məbləğində pul vəsaiti İddiaçı QSC-yə təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 007R********** nömrəli razılaşma üzrə xx.xx.2025-ci il tarixə 10167.78 manat əsas, 941.48 manat faiz, 151 gün gecikdirmə üçün hesablanmış 1086.15 manat cərimə borcu mövcuddur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/1422 nömrəli ekspert rəyi ilə Cavabdeh3 xx.xx.2023-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka olan əsas borcu 9892.03 manat, faiz borcu isə 1235.95 manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh3 Bakıda olarkən ayağı sınıb, ona görə məhkəməyə gələ bilməmişdir. Buna dair həkimdən aldıqları arayışı təqdim edə bilər. Borclarını qəbul edir və hissə-hissə ödəyəcəklər. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər və Cavabdeh2 bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, sazişlər, hesabdan çıxarış, arayış, ödəniş qəbzi, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 007L**********39 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 20 000 manat olan krediti illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli 007R**********S nömrəli Sazişlə ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdehlər öhdəliklərini tam şəkildə yerinə yetirmədiyindən onların ödənilməmiş borcları qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 10167.78 manat əsas borcun tutulmasını tələb etməkdə qismən haqlıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/1422 nömrəli ekspert rəyi ilə Cavabdeh3 xx.xx.2025-ci il tarixə banka 9892.03 manat məbləğində əsas borcunun olduğu müəyyən edilmişdir ki, həmin məbləğin iddiaçının tələb etdiyi məbləğdən az olması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir arqument irəli sürülmədiyindən məhkəmə əsas borca münasibətdə tələbin bu hissədə təmin edilməli olması nəticəsinə gəlmişdir. Məhkəmə iddia tələbinin “941.48 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/1422 nömrəli ekspert rəyi ilə Cavabdeh3 xx.xx.2025-ci il tarixə banka 1235.95 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir ki, göründüyü kimi iddiaçının tələbi bu hissədə haqlıdır. Eyni zamanda məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən faiz borcu iddiaçının tələb etdiyi həcmdə, yəni 941.48 manat məbləğində təmin edilməlidir. Bundan başqa Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında borclarını qəbul etdiyini və hissə-hissə ödəyəcəklərini bildirmiş və məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “1086.15 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, 007R********** nömrəli kredit razılaşması üzrə 541.67 manat cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 007R********** nömrəli kredit razılaşması üzrə 9892.03 manat əsas, 941.48 manat faiz borcu, 541.67 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tələb edildiyindən, eyni zamanda iddiaçı tərəfindən 142.82 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 82.87 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbinin rədd edilmiş hissəsinə münasibətdə 59.95 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 9892.03 manat məbləğində kredit borcu, 941.48 manat məbləğində faiz borcu və 541.67 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11375.18 manat məbləğində pul və 82.87 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X1, kodu: 210005, vöen: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, swift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar