Məhkəmə qərarları › İş №e-2-2(117)-13/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-13/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-13/2022 27.01.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “11545,30 manat borc, 200 manat mediasiya xərci, 125,24 manat dövlət rüsumu olmaqla ümumilikdə 11870,54 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 11.04.2016-cı il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında 1 il müddətinə 37QM nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 14950 manat pulu illik 6 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 11.04.2016-cı il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı MMC və "xxxx" MMC arasında borcalan 37QM nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 37CT nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2017-ci il tarixli 2-2(84)-80/2017 nömrəli qətnaməsi ilə Cavabdeh, İddiaçı MMC və "xxxx" MMC-dən 12409 manat əsas borc, 881 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmiş, qətnamədən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 07.09.2017-ci il tarixli 2-2(107)-49/2017 nömrəli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada 9909 manat əsas borc, 881 manat faiz borcu olmaqla cəmi 10790 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 9909 manat əsas borc, 881 manat faiz borcu olmaqla ümumilikdə 10790 manat borcu qalmışdır. İddiaçı MMC tərəfindən 11545,60 manat borc kredit təşkilatına ödənilərək borc öhdəliyi zaminə keçmişdir. Cavabdeh tərəfindən borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh kredit təşkilatı qarşısında öhdəliklərini icra etmədiyindən ödənilməmiş kredit borcu qalmış və zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MMC tərəfindən həmin borc məbləği kredit təşkilatına ödənilərək kredit təşkilatının öhdəliyi zaminə keçmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, əsas borcun tərkibində onlardan tutulan 775 manat icra xidməti xərcidə vardır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 10790 manat borcu qalmışdır. Borcalanın 9909 manat əsas, 881 manat faiz olmaqla cəmi 10790 manat borcunun olması Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 07.09.2017-ci il tarixli 2-2(107)-49/2017 nömrəli qətnaməsi ilə öz təsdiqini tapır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" QSC BOKT ilə İddiaçı MMC və "xxxx" MMC arasında 37CT nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən 11545,60 manat borc "xxxx" QSC BOKT-na ödənilmiş və kredit öhdəliyi zaminə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı iddiaçı tərəfindən yerinə yetirilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 10790 manat məbləğində ödənilməmiş qalmış borcu borclu Cavabdeh tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə qalan 775 manat pulun iddiaçıdan tutulan icra xidməti haqqı olması ilə bağlı iddiaçının nümayəndəsinin izahatına münasibətdə onu qeyd edir ki, Cavabdeh kredit təşkilatı qarşısında öhdəliyi məhz 10790 manat olmuşdur. Bu səbəbdən həmin məbləğdə borc cavabdehdən tutularaq ödənilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 07.09.2017-ci il tarixli 2- 2(107)-49/2017 nömrəli qətnaməsi könüllü icra edilsəydi icra xidməti haqqı ödənilməzdi. Bu səbəbdən məhkəmə hesab edir ki, icra xidməti haqqı üzrə 775 manat pulun cavabdehdən tutulması əsassızdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə 10790 manat borc cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (11545,30 manat) ödənilməli dövlət rüsumu 124,64 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 116,49 manat cavabdehdən, 8,15 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 125,24 manat dövlət rüsumu ödınilmişdir ki, ödənilmiş dövlət rüsumunun 116,49 manat hissəsi, eyni zamanda 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 125,24 manat dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10790 manat borc, 116,49 manat dövlət rüsumu və 200 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 8,15 manat və artıq ödənilmiş 0,60 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar