Məhkəmə qərarları › İş №e-2-2(117)-1302/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1302/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1302/2024 17.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh “Sədərək Firması”-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Sədərək Firması”-nın Cavabdeh qarşı “23 avqust 2022-ci il tarixində TS- 000623-45hş-ŞH2022 nömrəli müqavilə üzrə Sədərək Firmasına olan əsas borc məbləği 13758.03 manatın və 1375.80 manatın cərimənin ümumilikdə 15133,83 manatın, 23 avqust 2022-ci il tarixində TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqaviləsi üzrə Sədərək Firmasına olan əsas borc məbləği 20637.07 manatın və 2063.70 manatın cərimənin ümumilikdə 22700,77 manatın və ödənilmiş 203.50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq Sədərək Firmasına ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “Sədərək Firması” Cavabdeh qarşı “23 avqust 2022-ci il tarixində TS- 000623-45hş-ŞH2022 nömrəli müqavilə üzrə Sədərək Firmasına olan əsas borc məbləği 13758.03 manatın və 1375.80 manatın cərimənin ümumikdə 15133,83 manatın, 23 avqust 2022-ci il tarixində TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqaviləsi üzrə Sədərək Firmasına olan əsas borc məbləği 20637.07 manatın və 2063.70 manatın cərimənin ümumilikdə 22700,77 manatın və ödənilmiş 203.50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq Sədərək Firmasına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcarəyəverən “Sədərək Firması” ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə TS-000623-45hş-ŞH2022 və TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqavilələri bağlamışdır. TS-000623-45hş-ŞH2022 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən İddiaçı ticarət mərkəzinin ərazisində 40 kv.m qeyri yaşayış sahəsi olmaqla, 1-ci ərazi, 10-cu sıra, 4-cü korpus, 74 № li mağaza aylıq məbləğ ƏDV daxil olmaqla 566.40 manata cavabdehə icarəyə verilmişdir. TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən İddiaçı ticarət mərkəzinin ərazisində 40 kv.m qeyri yaşayış sahəsi olmaqla, 1-ci ərazi, 10-cu sıra, 4-cü korpus, 73 № li mağaza aylıq məbləğ ƏDV daxil olmaqla 849.60 manata cavabdehə icarəyə verilmişdir. Müqavilələrin 3.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə sahibkar tərəfindən 2 aylıq icarə haqqı ödənilməzsə, icarəyə verən icarə haqlarından yaranan borcun və eyni zamanda icarə haqqının vaxtında ödənilməməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir. Müqavilələrin 4.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə qüvvədədir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, hər iki obyekt xx.xx.2023-cü il tarixindən fəaliyyət göstərmir və hər iki obyektin içərisi malmaterialla doludur. Əlavə olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, 74 nömrəli obyektin 25 aylıq icarə haqqı borcu olan 13758.03 manat, 73 nömrəli obyektin isə 25 aylıq icarə haqqı borcu olan 20637.07 manat cavabdeh tərəfindən ödənilməmiş borcu mövcuddur. Bundan əlavə, məhkəməyə TS-000623-45hş-ŞH2022 nömrəli müqavilə üzrə 12 ədəd, TS-000624-45hş-ŞH2022 nömrəli müqavilə üzrə isə 12 ədəd elektron qaimə-faktura təqdim edilmişdir. Həmin qaimələrdən görünür ki, cavabdehin 74 nömrəli obyekt üzrə 14443.2 manat, 73 nömrəli obyekt üzrə isə 19951.9 manat icarə haqqı borcu vardır. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında 2 icarə müqaviləsi imzalanmışdır, cavabdeh öhdəliklərini yerinə yetirməmiş və heç bir pdəniş etməmişdir. Obyektlər mal-materialla doludur və açarı cavabdehdədir. Cavabdehə dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət edilsə də, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə ki, cavabdehə göndərilmiş məhkəmə bildirişləri ünvan üzrə çatdırıla bilmədiyindən cavabdehə məhkəmə bildirişini çatdırmaq üçün məhkəmə sənədləri çatdırmaq Şəki Şəhər İcra Hakimiyyətinə təqdim edilməsinə, cavabdehə bildiriş və SMS məlumatlandırma göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi, aktlar, qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, icarə predmeti Bakı şəhərində yerləşsə də, cavabdehin rəsmi qeydə aındığı ünvan Şəki şəhəri olduğundan, eyni zamanda tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından işə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İcarəyəverən “Sədərək Firması” ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə TS-000623-45hş-ŞH2022 və TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqavilələri bağlamışdır. TS-000623-45hş- ŞH2022 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən İddiaçı ticarət mərkəzinin ərazisində 40 kv.m qeyri yaşayış sahəsi olmaqla, 1-ci ərazi, 10-cu sıra, 4-cü korpus, 74 № li mağaza aylıq məbləğ ƏDV daxil olmaqla 566.40 manata cavabdehə icarəyə verilmişdir. TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən İddiaçı ticarət mərkəzinin ərazisində 40 kv.m qeyri yaşayış sahəsi olmaqla, 1-ci ərazi, 10-cu sıra, 4-cü korpus, 73 № li mağaza aylıq məbləğ ƏDV daxil olmaqla 849.60 manata cavabdehə icarəyə verilmişdir. Məhkəmə iddia tələbinin “TS-000623-45hş-ŞH2022 nömrəli müqavilə üzrə əsas borc məbləği 13758.03 manatın və TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqaviləsi üzrə əsas borc məbləği 20637.07 manatın cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, 74 nömrəli obyektin 25 aylıq icarə haqqı borcu olan 13758.03 manat, 73 nömrəli obyektin isə 25 aylıq icarə haqqı borcu olan 20637.07 manat cavabdeh tərəfindən ödənilməmiş borcu mövcuddur. Məhkəmə tərəfindən aparılmış hesablamadan aydın olunur ki, 74 nömrəli obyekt üzrə 13758.03 manat (164.43 + (24 x 566.40) = 13758.03), 73 nömrəli obyekt üzrə isə 20637.07 manat (246.67 + (24 x 849.60) = 20637.07) borcu vardır. Əlavə olaraq məhkəməyə təqdim edilmiş elektron qaimə-fakturalardan da görünür ki, ay sonlarında icarə borcunun ödənilməsi ilə bağlı cavabdehə qaimələr göndərilsə də, cavabdeh tərəf icarə haqqı borcunu ödəməmişdir və hər iki icarə müqaviləsi üzrə borcu mövcuddur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəf icarə müqavilələri üzrə əsas borcun tutulmasını cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbinin “TS-000623-45hş-ŞH2022 nömrəli müqavilə üzrə 1375.80 manat cərimənin, TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqaviləsi üzrə 2063.70 manat cərimənin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin 3.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə sahibkar tərəfindən 2 aylıq icarə haqqı ödənilməzsə, icarəyə verən icarə haqlarından yaranan borcun və eyni zamanda icarə haqqının vaxtında ödənilməməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM maddə - 462.1, 462.3, 463, 467)... Eyni zamanda tərəflər arasında bağlanmış müqavilələrin bəndindən də göründüyü kimi, gecikdirilmə üçün nəzərdə tutulan cərimənin faiz dərəcəsi qeyd edilməmişdir. Bundan əlavə iddiaçı MM-in 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Eyni zamanda, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İddiaçı cərimə borcu tələb etsə də, tərəflər arasında dəbbə pulu (cərimə penya) ilə bağlı razılaşmanı və həmin razılaşmada müyyən faiz dərəcəsinin olmasını sübuta yetirə bilməmiş, eyni zamanda iddiaçı MM-in 445.7 və 449-cu maddəsinə əsasən tələbini əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı müqavilələr üzrə cərimə borcunun tutulmasını tələb etməkdə haqsızdır və iddia tələbi bu hissədə rədd edilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunvericiliyin müəyyən etdiyi imkanlardan istifadə etməklə, yaşayış yerində olmasa da məhkəmə bildirişləri ona çatdırılmışdır. Lakin iddia tələbinə hər hansı etiraz və ya münasibət bildirməmiş, ona görə də məhkəmə tərəfindən işin yenidən təxirə salınamsına əsas görülməmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borca münasibətdə dəyişdirilmədiyindən ödənilmiş 203.50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23 avqust 2022-ci il tarixində TS-000623-45hş-ŞH2022 nömrəli müqavilə üzrə 13758.03 manat əsas borc, 23 avqust 2022-ci il tarixində TS-000624-45hş-ŞH2022 nömrəli icarə müqaviləsi üzrə 20637.07 manat əsas borc və ödənilmiş 203.50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Sədərək Firmasına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar