Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1310/2025 30.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 2500 manat borc pul vəsaitinin və 46 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 2500 manat borc pul vəsaitinin və 46 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu Aran qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə, o cümlədən ərzaq mallarının satışı ilə məşğuldur. Cavabdehi həmyerliləri kimi tanıyır. Cavabdeh dayısı X1 Yevlax rayonu Aran qəsəbəsində yerləşən kafesini işlədən zaman ondan 2600 manat dəyərində nisyə mallar götürmüş, lakin borcunu qaytarmamışdır, buna görə də cavabdehin ona 2600 manat borcu yaranmışdır (hazırda borcu 2500 manatdır). O, dəfələrlə cavabdehə müraciət edərək ona olan borcunu qaytarmasını tələb etmiş, lakin cavabdeh onun bu barədə olan tələblərini yerinə yetirməmişdir. Məhkəməyə müraciət etməmişdən öncə, cavabdeh və onun digər qohumları ona olan borclarını qaytarmadıqları üçün (eyni zamanda cavabdehin dayısı Elmanın onu ölümlə hədələdiyi üçün) Yevlax Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti Yevlax Rayon X3 Bölməsinin təhqiqatçısı, polis polkovnik – leytenantı X2 tərəfindən araşdırılmış və qəbul edilmiş HK-1/2467 nömrəli material üzrə 16 dekabr 2024-cü il tarixli “ cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ Qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mübahisə mülki xarakterli məsələ olduğundan ona Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki (qərarın ikinci səhifəsinin 2-ci abzası), izahatı alınmış Cavabdeh göstərmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində ərzaq mağazası işlədən İddiaçı onun həmkəndlisidir və onunla münasibətləri həmkəndli kimi yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. O, 2019-2020-ci illərdə dayısı X1 Aran qəsəbəsində yerləşən kafesində işləmiş və hər zaman kafe üçün Hicranın ərzaq mağazasından borca mallar götürmüşdür. O, hər dəfə dayısı Elmana götürdüyü ərzaqların borcunu Hicrana verməyini desə də , dayısı hər dəfə verəcəyini demişdir. Lakin onun götürdüyü borcu Hicrana qaytarmamışdır. Bundan başqa dayısı Elman özü əvvəllər Hicrandan borca ərzaq götürüb pulunu vermədiyi üçün ona ərzaq verməmişdir. Ona görə də özü gedib Hicrandan borca mal almışdır. Hətta, o Hicrana “dayım Elman götürdüyüm malların pulunu verməsə özüm şəxsən verəcəm” demişdir. Orada işlədiyi dövrdə Hicrandan 2600 manat dəyərində ərzaq götürdüyü və həmin pulu şəxsən özü qaytaracağını bildirmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Yevlax Rayon Polis Şöbəsində araşdırmanın sonunda cavabdeh ona olan borcundan 100 manat qaytarmışdır. Cavabdehin borcu hazırda 2500 manatdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 430.1-ci, 442-ci, 443.1-ci, 448-ci, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 124-cü maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1310/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi 21 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı Yevlax rayonu Aran qəsəbəsində mağaza işlədir. Cavabdeh də həmin qəsəbədə kafe işlədib. Əvvəllər həmin kafeni onun dayısı işlətmiş və kafe üçün ərzaq məhsullarını nisyə almışdır. Sonradan cavabdeh həmin kafeni işlətmiş, o da iddiaçının işlətdiyi mağazadan ərzaq məhsullarını nisyə olaraq götürmüş, öz borcunu və dayısınında borcunu ödəyəcəyini bildirmişdir. Lakin onlar borclarını ödəməmişlər. Borcun ödənilməsi iddiaçı tərəfindən tələb edildikdə həmin şəxslər onu təhdid etmişlər. Bununla bağlı Yevlax rayon Polis Şöbəsinə müraciət edilmişdir. Bundan sonra cavabdeh borcundan 100 manat ödəniş etmişdir. Tərəflərindən bütün sübutlar məhkəməyə təqdim edilmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
6. İddiaçı 21 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, vəkilin dedikləri ilə razıdır. Cavabdeh mağazadan nisyə olaraq toyuq budu, meyvə şirələri və s. kimi ərzaq məhsulları almışdır. Aralarında etibar olduğuna görə onları rəsmiləşdirməyə ehtiyac duymamışdır. Lakin cavabdeh borcunu etiraf etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir.
7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
V. Sübutların tədqiqi:
15. AR DİN Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 64/3-13-117/2- 22623/25 nömrəli məktubu ilə Yevlax şəhəri Vəkil Bürosunun vəkili Nümayəndə 21 oktyabr 2025-ci il tarixli sorğusuna cavab olaraq HK-1/2467 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın surəti və Cavabdeh izahatının təsdiq edilmiş surəti ona göndərilmiş və qeyd edilən sənədlər iş materiallarına əlavə edilmişdir.
16. İşdə olan Cavabdeh AR DİN Yevlax Rayon Polis Şöbəsində vermiş olduğu xx.xx.2024-cü il tarixli izahatının (16 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan da göründüyü kimi) məzmunundan görünür ki, o, Yevlax rayonu, Aran qəsəbəsində ərzaq mağazası işlədən İddiaçı tanıdığını, həmkəndlisi olduğunu, aralarında düşmənçilik və ədavət olmadığını, 2019-2020-ci illərdə dayısı X1 Aran qəsəbəsində yerləşən kafesində işlədiyini, kafe üçün Hicranın ərzaq mağazasından borca mallar götürdüyünü, dayısına götürdüyü ərzaqların borcunu Hicrana qaytarmağını desə də, onun götürdüyü borcu qaytarmadığını, bundan başqa dayısının əvvəllər Hicrandan borca ərzaq götürüb pulunu vermədiyi üçün Hicranın ona ərzaq vermədiyini, bu səbəbdən o özünün şəxsən Hicrandan mal aldığını, orada işlədiyi dövrdə Hicrandan 2600 manat dəyərində ərzaq götürdüyünü və həmin pulu qaytaracağını bildirmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
19. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
20. İşin mübahisələndirilən halı cavabdeh tərəfindən iddiaçıya olan tərəflər arasında bağlanmış qida məhsullarının alqı-satqısı ilə bağlı məhsulların dəyərinin ödənilməməsindən ibarətdir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
21. Belə ki, məhkəmə təqdim edilmiş Cavabdeh AR DİN Yevlax Rayon Polis Şöbəsində vermiş olduğu xx.xx.2024-cü il tarixli izahatının və 16 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan göründüyü kimi cavabdeh kafe üçün iddiaçının ərzaq mağazasından 2600 manat dəyərində mallar aldığını və həmin malların dəyərini iddiaçıya ödəyəcəyini bildirmişdir. Göründüyü kimi qeyd edilən iş materialları ilə cavabdehin iddiaçıya 2600 manat borcu olduğu öz təsdiqini tapır. Bundan əlavə olaraq iddiaçı Yevlax Rayon Polis Şöbəsində araşdırmanın sonunda cavabdehin həmin borcdan 100 manat məbləğində ödəniş etdiyini bildirərək cavabdehin 2500 manat borcu qaldığını bildirmiş və həmin pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin, qeyd edilən borcun ödənilməsini sübut edəcək dəlillərini, etirazını məhkəməyə təqdim etmədiyindən, məhkəmə hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır.
22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 2500 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır.
23. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
24. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
25. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
26. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
27. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf qeyd edilən halların əksini sübut edən dəlilləri məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.
28. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 2500 manat məbləğində əsas borc tutularaq İddiaçı ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
29. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 45 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən və iddia təmin edildiyindən 45 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, artıq ödənilmiş 1,00 manat rüsum isə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2500 manat borc pul və 45 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov