Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1312/2025 16.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehna qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iş materiallarına baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehna qarşı “cavabdehdən icarə haqqı borcu üzrə 321.37 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Nizamnaməsindən göründüyü kimi, Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarəetmə, qeyri-kommersiya məqsədilə yaradılmış təşkilatdır. Vəkillik fəaliyyəti fərdi və ya AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi şəxs statusunda təşkil olunmuş qurumların (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik qurumlarının təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir. İş materiallarına əlavə edilmiş AR Vergilər Nazirliyi qeyri-kommersiya hüquqi şəxsinin vergi uçotu haqqında və AR Ədliyyə Nazirliyi qeyri-kommersiya hüquqi şəxsinin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamələrdən müəyyən edildiyi kimi Cavabdeh qeyri-kommersiya hüquqi şəxsidir. Eyni zamanda AR Ədliyyə Nazirliyi Qeyri- Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışdan göründüyü kimi təşkilati-hüquqi forması vəkil qurumu olan Cavabdeh fəaliyyət predmeti və məqsədi “hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsi, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsi üçün büronun təsisçiləri olan vəkillərin işini təşkil etmək, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən” ibarətdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2074 nömrəli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə icarəyəverən tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti, 28/12 ünvanında 3-cü mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 30.4 kv.metr təşkil edən Mingəçevir İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olan qeyri-yaşayış sahəsi hüquq məsləhətxanası məqsədilə icarəçinin müddətli istifadəsinə verilmişdir. Odur ki, iddiaçı ilə cavabdeh arasındakı mübahisə onların birgə sahibkarlıq fəaliyyətlərindən irəli gəlməmiş, icarəyəverən qeyd edilən icarə obyektini icarəçiyə qeyri-kommersiya fəaliyyətini həyata keçirməsi məqsədilə vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublı̇ kası Alı̇ Məhkəməsi nunumunelṖ 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 21-ci bəndinə əsasən, subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyrihökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Həmin qərarın 22-ci bəndinə əsasən, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin qərarın 25-ci bəndinə əsasən, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin "Kommersiya mübahisəsinin subyektlərinin dairəsi" bölməsində qeyd olunur ki, qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə kommersiya mübahisəsinin subyektləri ola bilərlər. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsi icarəçiyə “hüquq məsləhətxanası məqsədilə” məqsədi ilə verilir. Göründüyü kimi cavabdeh qeyri-kommersiya hüquqi şəxsi olduğundan və hazırkı mübahisənin predmetini təşkil edən icarə obyekti cavabdehin qeyri-kommersiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə verildiyindən nəzərdə tutulan iş kommersiya mübahisəsi hesab edilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən qeyri-kommersiya mübahisələrinə kommersiya məhkəmələrində deyil, ümumi məhkəmələrdə baxılmalıdır Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehna qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1312/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1312/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver