Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1328/2024 15.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən kredit müqaviləsi üzrə 18000 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə borc verən borcalana 18000 manat pul borc vermişdir. Borcalan (Cavabdeh) isə krediti xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə notariat ofisinə ərizəsində 18000 manat borc pul almasını və həmin borcu müqavilədə göstərilən müddətdə qaytarmalı olmağı, öhdəliyi yerinə yetirmədiyi halda borcu müəyyən edən sənəddə notariusun apardığı icra qeydi üzrə pul məbləğinin tutulması və əmlakın tələb edilib alınması haqqında müqaviləni imzaladığını bildirmişdir. Ərizədəki imza ilə müqavilədəki imza eyni olmaqla cavabdeh ona 18000 manat borc pul verildiyini etiraf etmişdir. Borcverən müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, borcalan müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcunu ödəməyərək müqavilə öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 18000 manat borcu qalmışdır. İş üzrə Muğanbank ASC-dən təqdim edilmiş 535828 nömrəli qəbzdən müəyyən olunur ki, 18000 manat vəsait cavabdehin bank hesabına köçürülmüş və sonuncu həmin qəbzi imzalamış və qeyd edilən pul vəsaitini qəbul etmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, Muğanbank ASC-nin xx.xx.2020-ci il tarixli, 535828 nömrəli çekinin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım imza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış, notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18000 manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh ona olan borcunu xx.xx.2021-ci il tarixinədək tamamilə qaytarmağa öhdəlik götürməsinə baxmayaraq bu günədək borc məbləğindən hər hansı bir məbləğ ödəniş etməmişdir. Cavabdehə borcunu ödəməsi barədə pretenziya qaydasında müraciət etsə də, yenə də borcunu qaytarmamışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək ondan pul tələb edir. Mülki Məcəlləyə edilmiş yeni dəyişikliyə əsasən borc verənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti 1 ildir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir, lakin məhkəmə qərarı çıxarılanadək tərəfindən verdiyi ərizə əsasında məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddiadan imtina barədə qərar çıxarılır. Hazırki işdə də kredit müqaviləsindən görünür ki, kredit müqaviləsinin tərtib edildiyi vaxt xx.xx.2020-ci ildir. Kreditin qaytarılmasının son müddəti xx.xx.2021-ci ildir. Deməli, iddia müddəti 1 il hesablandığına görə borc verənin kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddətinin son günü xx.xx.2022-ci il hesab olunur. 1 ildən artıq müddət keçdiyinə görə borc verən iddia müddətini ötürmüş hesab olunur. Belə ki, iddia etmə müddəti 2022-ci ilin dekabr ayının 1-də bitmiş və bu günədək, yəni bu gün xx.xx.2023-cü il olduğundan iddia müddətinin bitməsindən də 1 il artıq müddət keçmişdir. Ona görə də iddia müddəti tətbiq olunaraq vəsatətdə qeyd etdikləri araşdırılıb aydınlaşdıqdan sonra iddia rədd olunmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı Cavabdeh qarşı “cavabdehdən 18000 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, sonuncunun xx.xx.2024-cü il tarixli e-2(033)-98/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə hazırki məhkəməyə göndərilmiş və işə hazırki məhkəmə tərəfindən qiymət verilir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2, 739.1, 739.2)... Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflərin vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları ilə bağlı müvafiq VÖEN qeydiyyatları olduğundan və mübahisə tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilmiş və işə kommersiya mübahisəsi olaraq baxılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2020ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən borc verən borcalana 18000 manat pul borc vermiş, lakin borcalan müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcunu ödəməyərək müqavilə öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 18000 manat borcu qalmışdır. İş üzrə Muğanbank ASC-dən təqdim edilmiş 535828 nömrəli qəbzdən müəyyən olunur ki, 18000 manat vəsait cavabdehin bank hesabına köçürülmüş və sonuncu həmin qəbzi imzalamışdır ki, Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi qəbzdəki imza cavabdeh tərəfindən çəkilmişdir. Göründüyü kimi cavabdehə 18000 manat pul verilmiş və sonuncu buna dair qəbzə imza etmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə notariat ofisinə ünvanlanmış ərizədə cavabdeh ona 18000 manat borc pul verildiyini etiraf etmişdir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh bu müddətin 1 il olması, müddətin xx.xx.2022-ci il tarixdə bitməsi və bu səbəbdən iddia müddətindən 1 ildən də artıq keçməsi ilə əlaqədar iddia müddətinin tətbiqinə dair ərizə versə də, bunda haqlı deyildir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borc müqaviləsinin müddətinin, yəni öhdəliyin icra vaxtının bitdiyi an ilə müəyyən edilir ki, borc müqaviləsi xx.xx.2021-ci il tarixədək bağlanmış və cavabdeh tərəfindən nə müqavilənin qüvvədə olduğu dövr ərzində, həmçinin müqavilə müddəti bitdikdən sonra hər hansı ödəniş edilməmişdir. Göründüyü kimi notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin son günü xx.xx.2021-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin tələbi baxımından müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən hazırki iddia tələbi üzrə iddia müddətinin son günü xx.xx.2024-cü il tarixdə bitəcəkdir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Hazırki iddia tələbi üzrə iddia müddəti keçmədiyindən mübahisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında notarial kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini yerinə yetirsə və buna dair sübutları təqdim etsə də, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, işdə olan sübutlar cavabdeh tərəfindən təkzib edilsə də, sübut edilmədiyindən hazırki iş üzrə iddia tələbi əsaslıdır və təmin edilərək 18000 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qiymətinə uyğun ödənilməli dövlət rüsumu 144 manat olmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçı məcburi köçkün olduğundan və buna dair sənədlərini tədqim etdiyindən rüsum ödəmədən məhkəməyə müraciət etmək hüququ əldə etmişdir. Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən ödənilməmiş 144 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 18000 manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 144 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1328/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1328/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver