Məhkəmə qərarları › İş №e-2-2(117)-134/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-134/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-134/2024 16.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “4833 manat əsas borc, 410,81 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 383,28 manat faiz borcunun, hesablanmış 653,34 manat cərimə borcu olmaqla, cəmi 6280,43 manat borcun və 110 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “4833 manat əsas borc, 410,81 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 383,28 manat faiz borcunun, hesablanmış 653,34 manat cərimə borcu olmaqla, cəmi 6280,43 manat borcun və 110 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında tütün əkini üçün xx.xx.2022-ci il tarixədək kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 7200 manat pulu illik 8,5 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Şəki rayonu, Qaradağlı kəndi ərazisində 4,26 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğyn olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. xx.xx.2021-ci il tarixli ZT1-376/21 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin ACavabdeh1 borclu Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin tam şəkildə icrası üçün məsuliyyəti üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 4833 manat pul vəsaiti verilmiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən 7200 manat kredit ayrılmış, 4833 manat verilmiş, sonuncu isə əsas və faiz borcundan ödəniş etməmişdir. Kredit üzrə xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 4833 manat əsas, 410,81 manat müqavilə müddəti ərzində hesablanmış faiz borcu, 653,34 manat cərimə borcu və 383,28 manat illik 5 faizlə hesablanmış borc məbləği qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininn 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, açıqlama məlumatı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında tütün əkini üçün xx.xx.2022ci il tarixədək kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 7200 manat pulu illik 8,5 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Şəki rayonu, Qaradağlı kəndi ərazisində 4,26 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğyn olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 4833 manat pul vəsaiti verilmiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən 7200 manat kredit ayrılmış, 4833 manat verilmiş, sonuncu isə əsas və faiz borcundan ödəniş etməmişdir. Kredit üzrə xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 4833 manat əsas, 410,81 manat müqavilə müddəti ərzində hesablanmış faiz borcu, 653,34 manat cərimə borcu və 383,28 manat illik 5 faizlə hesablanmış borc məbləği qalmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Bundan əlavə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 4833 manat cavabdehə vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun həmin məbləğdə də ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi 4833 manat əsas, 410,81 manat manat müqavilə müddəti ərzində hesablanmış faiz borcunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddia tələbinə hər hansı bir etiraz təqdim etməmiş və ondan tələb edilən borcları mübahisələndirməmişdir. Məhkəmə bu səbəbdən, eyni zamanda tələb edilən borc vəsaitinin məbləği hər hansı bir şübhə doğurmadığından əlavə araşdırma aprmamışdır. İddia tələbinin 653,34 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən kredit müqaviləsinin 4.7-ci bəndinin şərtinə əsasən illik 10 %-lə hesablanmış 653,34 manat cərimə borcu tənasübsüz şəkildə yüksək olduğundan, eyni zamanda iddiaçı vaxtında məhkəməyə müraciət etməməklə cərimə borcunun artmasına şərait yaratdığından, məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, əsas borclu olan cavabdehdən 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmş 383,28 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə 20 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 402,75 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz məbləği (4688,37 * 5% = 241,35 manat – 1 il üçün, 241,35 / 12 = 20,13 aylıq faiz, 20,13 x 20 ay = 402,75 manat) təşkil edir. İddiaçı isə 382,28 manat tələb edir ki, məhkəmə həmin məbləğin cavabdehdən tutularaq ödənilməsini qanuni və ədalətli hesab edir. xx.xx.2021-ci il tarixli ZT1-376/21 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin tam şəkildə icrası üçün məsuliyyəti üzərinə götürmüşdür. İddia tələbinin zaminə qarşı iddia irəli sürülməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli TM-376/21 nömrəli kredit müqaviləsinin təmini olaraq bağlanmış sözügedən zaminlik müqaviləsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2019-cu il tarixli TM-376/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, məhkəmə hesab edir ki, zaminə qarşı iddia irəli sürmək müddəti də bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminlərə qarşı iddia ən geci müqavilənin bitdiyi xx.xx.2023-cü il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Həmin maddənin sonrakı bəndlərində müəyyən edilən müddət, müvafiq olaraq bir il və iki illik müddət də artıq ötmüşdür. Qeyd edilən müddətlər isə iddia müddəti deyil, kəsici müddətdir. Həmin müddətlər məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə ödənilməli dövlət rüsumu 79,09 manat olmalıdır. Lakin iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödəildiyindən dövlət rüsumu ödənilməmişdir. Bildiyimiz kimi, mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Odur ki, yalnız 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 4833 manat əsas borc, 410,81 manat faiz borcu, 100 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 383,28 manat faiz borcu, 100 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar