Məhkəmə qərarları › İş №e-2-2(117)-1349/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1349/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1349/2024 07.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübarı̇ z Rahı̇ l oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, ı̇ ddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 17234,51 manat pulun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 142,31 manat məbləğindəki dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tütün becərmə üzrə borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində iddiaçı 12 hektar ərazi üçün cavabdehə 21600 manat pul verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə vəd edilmiş tütün cavabdeh tərəfindən əkilir, yığılır və iddiaçıya satılmış tütün yarpaqlarının alış qiymətinin 50%-i tutularaq geri ödəmə üçün istifadə olunur. Həmin müqavilənin 3-cü maddəsinə əsasən 2021-ci il mövsümü üzrə yaşıl tütün alqısatqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən alıcı tərəf dekabr 2021-ci il tarixindən gecikdirilmiş borcun illik 15%-faizi həcmində dəbbə pulu ödəyir. Eyni zamanda tərəflər arasında 2021-ci ilin noyabr ayında yaşıl tütünün alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən fermer, mülkiyyətində, istifadəsində və ya icarəsində olan 12 ha torpaq sahəsində müqavilənin şərtlərinə əsasən tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə fermerin istehsal etdiyi sifarişçinin standartlarına uyğun yaşıl tütün qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə icraçı fermerə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi tütün əkimi üçün müraciət edən fermerin torpaq sahəsini mütəxəssislərin iştirakı ilə baxış keçirir və baxış aktı əsasında tərtib olunmuş sənədlərin əsasında müqavilə bağlayır. Müqavilənin 3.1-3.2-ci bəndlərinə əsasən fermer tütünü xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan müqavilənin şərtlərinə uyğun şəkildə şifarişçiyə təhvil verir və qəbul qəbzi əsasında rəsmiləşdirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən yaşıl tütünün ödənişi elektron qaimə vurulduğu tarixdən yeddi iş günü ərzində alıcı tərəfindən ödənilir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumilikdə 46361,57 manat vəsait köçürülmüşdür. İddiaçı tərəfindən cavabdeh tərəfindən təhvil verilmiş mallara dair elektron qaiməfakturalar məhkəməyə təqdim edilmişdir. Həmin elektron qaimə fakturalardan göründüyü kimi fermer tərəfindən ümumi dəyəri 31713,1 manat olan yaşıl tütün iddiaçıya təhvil verilmişdir. Təqdim edilmiş xx.xx.2020-ci il tarixli 19365 nömrəli elektron qaimə-fakturaya əsasən 12600 manat məbləğində cavabdeh tərəfindən yaşıl tütün təhvil verilmişdir. İddiaçının nümayəndəsinin izahatına görə Həmin elektron qaimə-fakturanı "xxxx" bölməsi iddiaçı X1 MMC-nin o dövr üçün məntəqə müdiri Ruslan Zeynalov tərəfindən imzalanmışdır. İddiaçı nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanan müqaviləyə görə iddiaçı tərəf üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmişdir. Cavabdeh tərəf isə müqavilə şərtlərini pozmuşdur. Cavabdeh tərəfə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq borcunu ödəmir. İddiaçı tərəf olaraq məhkəməyə müraciət etməyə qərar vermişlər. İddiaçının nümayəndəsi əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli 193165 nömrəli elektron qaimədəki imza vaxtı ilə təmsil etdiyi təşkilatda məntəqə müdiri işləmiş Ruslan Zeynalova məxsus olmuş, həmin qaimədəki möhür isə təmsil etdiyi təşkilata məxsusdur. İddiaçı təşkilat qeyd edilən qaiməni mübahisələndirmir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəflə müqavilə bağlamış, müqavilə şərtlərinə görə 70 ton tütün təhvil vermişdir. Təhvil verdiyi tütünün qaimələrini iddiaçı tərəfə göndərmişdir. İddiaçı tərəfindən təsdiq edilib və qəbul olunmuşdur. 12600 manat dəyərində qaimə göndərmiş, o da təsdiq və qəbul olunmuşdur. Dövlətdən subsidiyasını da almışdır. İddiaçı tərəf də həmin qaimənin pulunu ondan təkrar istəyir. Araşdırılıb baxılmasını məhkəmədən xahiş etmişdir. İddianı qəbul etmir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: müqavilələr, elektron qaimələr, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış tütün becərmə üzrə borc müqaviləsinin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində iddiaçı 12 hektar ərazi üçün cavabdehə 21600 manat pul verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında 2021-ci ilin noyabr ayında yaşıl tütünün alqısatqısına dair bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən fermer, mülkiyyətində, istifadəsində və ya icarəsində olan 12 ha torpaq sahəsində müqavilənin şərtlərinə əsasən tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə fermerin istehsal etdiyi sifarişçinin standartlarına uyğun yaşıl tütün qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə icraçı fermerə ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli məlumatdan göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumilikdə 46361,57 manat vəsait köçürülmüşdür. İddiaçı tərəfindən cavabdeh tərəfindən təhvil verilmiş mallara dair elektron qaiməfakturalar məhkəməyə təqdim edilmişdir. Həmin elektron qaimə fakturalardan göründüyü kimi fermer tərəfindən ümumi dəyəri 31713,1 manat olan yaşıl tütün iddiaçıya təhvil verilmişdir. Təqdim edilmiş xx.xx.2020-ci il tarixli 19365 nömrəli elektron qaimə-fakturaya əsasən 12600 manat məbləğində cavabdeh tərəfindən yaşıl tütün təhvil verilmişdir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə həmin elektron qaimə-fakturanın "xxxx" bölməsi iddiaçı X1 MMC-nin o dövr üçün məntəqə müdiri Ruslan Zeynalov tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edilən qaimə fiziki imza və möhürlə təsdiq edildiyindən elektron qaimə-faktura olaraq eyni zamanda, yaş tütünün cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsinə dair təhvil-təslim aktı olaraq qiymətləndirilir. Bundan əlavə tərəflər arasında bağlanmış 2021-ci ilin noyabr ayında yaşıl tütünün alqı-satqısına dair müqavilənin 4.2-ci bəndinə əsasən yaşıl tütünün ödənişi elektron qaimə vurulduğu tarixdən yeddi iş günü ərzində alıcı tərəfindən ödənilir. Göründüyü kimi elektron qaimə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş və xx.xx.2020-ci il tarixli 19365 nömrəli elektron qaimə-faktura əslində təhvil verilmiş yaşıl tütünə görə iddiaçının ödənilmiş tütünün dəyərinin ödənilməsi ilə bağlı öhdəlik yaratmışdır. Bu faktlar iddiaçı tərəfindən aidiyyəti sübutlar təqdim edilməklə təkzib edilə bilməmişdir. Belə olan halda məhkəmə qeyd edilən elektron qaimə faktura üzrə cavabdeh tərəfindən 12600 manat yaşıl tütün təhvil verilməsini nəzərə alıb hesab edir ki, cavabdehdən tələb edilən 17234,51 manatdan təhvil verilmiş yaşıl tütünün dəyəri olan 12600 manat çıxılmaqla qalan 4.634,51 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclasında iştrak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilməli 141,7 manat dövlət rüsumunun 103.60 manatı iddiaçıdan, 38,10 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 142,32 manat dövlət rüsumundan onun tərəfindən büdcəyə ödənilməli 103.60 manat çıxıldıqda, 38,72 manat qalır ki, bundan 38,10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,62 manat iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4634,51 manat pul, 100 manat hüquqi yardıma görə pul və 38,10 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar