Məhkəmə qərarları › İş №e-2-2(117)-1352/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1352/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1352/2025 03.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatına əsasən 9,364.22 manat məbləğində əsas borc və 6,755.62 manat cərimə borcu olmaqla, cəmi 16119,84 manat məbləğində borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 138.36 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə onGTC/SE/12751 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyası imzalanmışdır. Borcalan həmin razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Overdraftın yaranması ilə bağlı bildirir ki, müştərinin 41040AZNSK********** nömrəli hesabına texniki xəta nəticəsində xx.xx.2023-cü il tarixində 1404.61 manat mədaxil olunmuşdur. Lakin texniki xəta nəticəsində vəsait 11 dəfə müştərinin hesabına köçürülmüş və müştəri vəsaiti xərclədiyindən və hesabında vəsait olmadığından balans mənfiyə enmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 41040AZNSK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatına əsasən 9,364.22 manat məbləğində əsas borc və 6,755.62 manat cərimə borcu olmaqla, cəmi 16,119.84 manat məbləğində borc təşkil edir. İddiaçı Paşa Bank ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 138.36 manat dövlət rüsumu ödəmişdir. Bundan başqa ÜŞTnin ödəniş kartı bölməsi üzrə karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. İİ. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçnın nümayəndəsinin iştirakı olmadan baxmışdır.

4. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, o, "xxxx" ASC ilə müqavilə bağlayıb. Şirkətə tütün verir. X1 kartı verilib. "xxxx" ASC-yə verdiyi tütünə görə həmin karta ödənişlər olunur. O, puldan istifadə edib işləri görür. İşçilərə pul vermək üçün müraciət edərək pul istəmişdir. Onun kartına 15000 manat məbləğində pul köçürüldü. Həmin puldan 13500 manat məbləğində pulu nağd şəkildə çıxarmış, kartda 1500 manat məbləğində pul qalmışdır. Həmin pulla işçilərin pulunu ödədi. Paşa Bankdan zəng gəldi ki, hesabına artıq pul ödənilib və pulu geri qaytarmağını tələb etdilər. Banka bildirib ki, "xxxx" ASC ilə müqaviləsi var, verdiyi tütündən gələn puldan borca çıxılsın. "xxxx" ASC-yə 83 ton tütün verib ki, həmin pulu Paşa Bankın borcuna ödəsinlər. Lakin şirkət həmin pulu gübrə borclarına ödəyib və Paşa Bankın pulu ödənilməyib. Banka yaranmış əsas borcu qəbul edir, cərimə məbləği yüksən olduğundan azaldılmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” imzalanmışdır. Həmin razılaşmaya əsasən bank (iddiaçı), müştəri (cavabdeh) arasında müştəriyə verilən bank məhsullarının verilmə şərtləri barədə razılığa gəlmişlər.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli OnGTC/SE/12751 nömrəli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh “bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”nun şərtlərini qəbul etmişdir.

8. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh məxsus AZ04PAHA41040AZNSK********** saylı bank hesabına müəyyən məbləğdə pul köçürülmüşdür. Həmin məbləğdən hesabdan müxtəlif vaxtlarda çıxarış edilmiş və məbləğ -9361,58 manata enmişdir.

9. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh 41040AZNSK********** saylı hesab üzrə overdraft əməliyyatına əsasən 9364,22 manat əsas və 6755,62 manat məbləğində cərimə borcu yaranmışdır.

10. İddiaçı ASC tərəfindən cavabdehlərə xx.xx.2025-ci tarixli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

V. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Vl. Məhkəmənin mövqeyi:

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi əsassız varlanma nəticəsində yaranmış öhdəlikdən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin qanuni əsas və ya müqavilə əsası olmadan bankın hesabına pul əldə etməklə əsassız varlanma nəticəsində yaranmış öhdəliyi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı cavabdehə məxsus bank hesabına müqavilə əsası olmadan müəyyən məbləğdə pul daxil etmiş və cavabdeh isə həmin məbləğdən istifadə etmiş, nəticədə əsassız varlanmışdır. Bu hal iş materiallarında olan sənədlərlə və cavabdehin məhkəmə iclasında verdiyi izahatında öz təsdiqini tapmışdır. Cavabdeh bu halın baş verdiyini etiraf etmiş və əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

16. Məhkəmə həmçinin hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

17. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən tərəflər arasında yaranmış əsassız varlanma öhdəliyi üzrə 468,22 manat cərimə borcunun tutulması ağlabatan və ədalətlidir.

18. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118,32 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsmunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

19. Beləliklə, qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 9364,22 məbləğində əsas bоrc və 468,22 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 9832,44 manat məbləğində bоrc pul və ödənilmiş 118,32 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

20. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 9364,22 məbləğində əsas bоrc və 468,22 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 9832,44 manat məbləğində bоrc pul və ödənilmiş 118,32 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar