Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1354/2023 25.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “4067,27 manat krеdit bоrcu, 794,98 manat faiz bоrcu və 260,68 manat cərimə bоrcunun, ödənilmiş 100 manat mediasiya xərcinin cavabdеhlərdən müştərək qaydada tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2018-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 001L**********17 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə xx.xx.2028-ci il tarixdən gec olmayaraq ödənilməsi şərtilə 150000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 001R********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında borcalanın xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 001S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyinni yerinə yetirərək 7000 manat kredit məbləğini Cavabdeh2 AZ58ACAB******************** nömrəli hesabına köçürmüş, lakin cavabdeh götürdüyü kredit məbləğindən qismən, yəni 2932,73 manat ödəniş etmiş, qalan 4067,27 manat borcunu ödəmədiyindən onun həmin məbləğdə ödənilməmiş kredit borcu qalmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 4067,27 manat krеdit bоrcu, 794,98 manat faiz bоrcu və 260,68 manat cərimə bоrcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2023-cü il tarixində Cavabdeh1 elektron kabinetində yerləşdirilməsinə, xx.xx.2023-cü il tarixində Cavabdeh2 poçt vasitəsilə ünvanı üzrə çatdırılmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Xəbərdarlıq məktubları, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 001R********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 7000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyinni yerinə yetirərək 7000 manat kredit məbləğini Cavabdeh2 AZ58ACAB******************** nömrəli hesabına köçürmüş, lakin cavabdeh götürdüyü kredit məbləğindən qismən, yəni 2932,73 manat ödəniş etmiş, qalan 4067,27 manat borcunu ödəmədiyindən onun həmin məbləğdə ödənilməmiş kredit borcu qalmışdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən 4067,27 manat krеdit bоrcu, 794,98 manat faiz bоrcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 260,68 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. Cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 260,68 manat deyil, 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (5122,93) ödənilməli dövlət rüsumu 71,23 manat təşkil edir. İddia tələbi əsas və faiz borcuna münasibətdə təmin edildiyindən 71,23 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı 100 manat mediasiya xərci ödədiyindən və həmin məbləği cavabdehlərdən tələb etdiyindən 100 manat mediasiya xərci də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4067,27 manat əsas bоrc, 794,98 manat faiz bоrcu və 50 manat cərimə bоrcu, ödənilmiş 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 71,23 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1354/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1354/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver