Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1368/2025 22.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1780 manat pulun, iddia ərizəsinin hazırlanmasına görə ödənilmiş 150 manat vəkil xidmət haqqının və əlavə olaraq ödənilmiş 39 manat dövlət rüsumu olmaqla cəmi 1969 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin iyun ayında Cavabdeh müraciət edərək təsərrüfatında bəslədiyi iri buynuzlu heyvanı ona satıb. Razılaşmaya əsasən, cavabdeh heyvanı kəsib satdıqdan 10 gün ərzində 3280 manat məbləğində pulu özünə ödəməli idi. Lakin cavabdeh öhdəliyini icra etməmiş və bu günə qədər pulu qaytarmamışdır. Məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə müraciət olunmuş, cavabdehin izahatı alınmış və o, borclu olduğunu etiraf etmişdir. Bununla belə, borcun ödənilməsindən boyun qaçırmışdır. Polis şöbəsində araşdırma müddətində Cavabdeh 1000 manat daha sonra isə 500 manat borclu olduğu puldan ödəniş etsə də, uzunmüddət keçməsinə baxmayaraq qalan 1780 manatı bugünədək ödəməmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh öhdəliyini yerinə yetirməkdən boyun qaçırması özünü məcbur edib məhkəməyə müraciət etməyə vadar etmişdir. Əgər cavabdeh özünün qanuni tələblərini könüllü şəkildə icra etsəydi, məhkəməyə müraciət etməyə və əlavə xərclər çəkməyə ehtiyac qalmazdı. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində məcbur olub iddia ərizəsinin hazırlanması və məhkəməyə təqdim olunması üçün vəkillə müqavilə bağlayıb və bu müqaviləyə əsasən 150 manat məbləğində xidmət haqqı ödəyib. Buna görə də, yuxarıda qeyd olunan məbləğlərlə yanaşı, cavabdehdən ödədiyi 150 (yüz əlli) manat vəkilə xidmət haqqı da tutulub özünə ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, 2024-cü ilin iyun ayında Cavabdeh təsərrüfatında bəslədiyi iri buynuzlu heyvanı satıb. Razılaşmaya əsasən, cavabdeh heyvanı kəsib satdıqdan 10 gün ərzində 3280 manat məbləğində pulu özünə ödəməli idi. Lakin cavabdeh öhdəliyini icra etməmiş və bu günə qədər pulu geri qaytarmamışdır. Məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə müraciət edib, cavabdehin izahatı alınmış və o, borclu olduğunu etiraf etmişdir. Bununla belə, borcun ödənilməsindən boyun qaçırmışdır. Polis şöbəsində araşdırma müddətində Cavabdeh 1500 manat məbləğində borclu olduğu puldan ödəniş etsə də, uzunmüddət keçməsinə baxmayaraq qalan 1780 manatı bu günədək ödəməmişdir. İddia tələbini müdafiə edir. İddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı münasibətləri olmuş iddiaçı ona məxsus bir ədəd iribuynuzlu heyvanı cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin heyvanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında alqı-satqı münasibəti şifahi qaydada olmuş, məhkəməyə bununla bağlı hər-hansı bir yazılı müqavilə və ya başqa bir sənəd təqdim edilməmişdir.
7. İş materiallarında İddiaçı müraciəti əsasında Göyçay Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli HK-1, 1852 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərara istinadən Polis şöbəsində tərəflərin izahatları alınmış Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı Göyçay rayonu Ləkçılpaq kəndində yaşadığı evində xx.xx.2024-cü il tarixdə aralarında olan şifahi razılaşma əsasında bir baş iribuynuzlu inək heyvanını almış, heyvanı kəsib sataraq 10 gün ərzində razılaşdıqları 3280 manat pulu verəcəyini öhdəsinə götürmüş, xəstələndiyi üçün İddiaçı pulunu verə bilməmiş və ona 3280 manat borcu qalmışdır.
8. Göyçay Rayon Polis Şöbəsi tərəfindən təqdim edilən xx.xx.2026-cı il tarixli məlumatdan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış xx.xx.2024-cü il tarixli HK-1, 1852 nömrəli material Göyçay Rayon Prokurorluğuna göndərilmişdir.
V. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-ci maddəsinə əsasən Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Vİ. Məhkəmənin mövqeyi:
10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış mübahisə şifahi alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı münasibətləri olmuş, iddiaçı ona məxsus 3280 manat dəyərində bir baş iribuynuzlu heyvanı cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin heyvanı qəbul edib kəsdikdən sonra dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu hal iş materiallarında olan Göyçay Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli HK-1, 1852 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda əks olunmuş tərəflərin izahatlarında öz təsdiqini tapmışdır. Cavabdeh öhdəliyi qismən icra etmiş 1500 manat pulu iddiaçıya ödəmişdir, lakin qalan 1780 manat məbləği ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
12. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında şifahi alqısatqı müqaviləsindən irəli gələn öhdəliyi yarandığından iddia tələbi təmin edilməli və ödənilməmiş 1780 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmir.
14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
15. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 150 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə tələb təmin edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
17. Məhkəmə iddiaçının iddia ərizəsinin məhkəməyə hazırlanması ilə bağlı ödədiyi pulun mədail qəbzini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələbdə olunduğu kimi 150 manat pul vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 37,8 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
19. Beləliklə, iddia təmin edilməli, Cavabdeh 1780 manat məbləğində pul, 150 manat hüquqi yardımla bağlı ödənilmiş vəkil xərci və 37,8 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin.
Vİl. Nəticə:
20. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 1780 manat məbləğində pul, 150 manat hüquqi yardımla bağlı ödənilmiş xərc və 37,8 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova