Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1372/2024 24.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 525,38 manat əsas borc, 44,81 manat faiz borcu, 53,92 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 4,6 manat məbləğində əldən çıxmş fayda olmaqla, ümumilikdə cəmi 628,71 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 525,38 manat əsas borc, 44,81 manat faiz borcu, 53,92 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 4,6 manat məbləğində əldən çıxmş fayda olmaqla, ümumilikdə cəmi 628,71 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4-MCR-1-627- 22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh1 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50% ilə 100000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 4-MCR-1-627-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 24 ay müddətinə aylıq 2,08 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2022-ci il tarixli 4-MCR-1-627-22 nömrəli müqavilə üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə Z/07670/22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin Cavabdeh2 borcalanın bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalan Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı tələb irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Həmçinin, həmin müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. xx.xx.2024-cü il tarixli Z/03247/24 nömrəli (zamin Cavabdeh3) zaminlik müqaviləsi ilə zamin, həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında xx.xx.2022-ci il tarixli 4-MCR-1-627-22 nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən zaminlik müqaviləsi tərəflərin imzası ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və həmin tarixdən etibarən xx.xx.2022-ci il tarixli 4-MCR-1-627-22 nömrəli kredit müqaviləsi və bu zaminlik müqaviləsi üzrə öhdəliklər tam icra edilənədək qüvvədə qalır. Həmçinin, xx.xx.2024-cü il tarixli 4-MCR-1-627-22 saylı Kredit limitinin ayrılmasına dair müqaviləyə Əlavə Sazişə əsasən, müqavilənin digər bəndləri dəyişdirilmədən Cavabdeh3 tərəfindən verilən zaminlik (xx.xx.2024 tarixli Z/03247/24 nömrəli müqavilə) həmin müqavilənin 10-cu bəndinə əlavə edilir. X1 müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla imzalandığı tarixdən qüvvəyə minir. İş materiallarında olan sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə 4634 manat vəsait cavabdehin 4-594179-1 nömrəli hesabına köçürülmüş və sonuncunun imzası ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2024cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 poçt vasitəsilə ünvanları üzrə təqdim olunmuş, lakin buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit limiti müqaviləsi, kredit razılaşması və ona 1 nömrəli əlavə, zaminlik müqavilələri, maliyyə arayışı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 4-MCR- 1-627-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 24 ay müddətinə aylıq 2,08 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, cavabdehlər qeyd edilən tələbə hər hansı bir etiraz bildirməmiş, məhkəmə isə öz təşəbbüsü ilə hər hansı bir əlavə araşdırma aparmamış, tələb edilən əsas və faiz borcunun məbləğinin daha az olması ilə bağlı məhkəmədə hər hansı bir arqument mövcud olmamışdır. Odur ki, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “53,92 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,20% məbləğində cərimə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçı 525.38 manat məbləğində əsas borc, 44.81 manat məbləğində faiz borcu və 53.92 manat məbləğində cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa tələbin “kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 4,6 manat məbləğində əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan məhkəmə hesab edir ki, 525.38 manat əsas borc, 44.81 manat faiz borcu və xx.xx.2022-ci il tarixli 4-MCR-1-627-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmanın 7-ci bəndinə əsasən hesablanmış 53,92 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır. İddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 525.38 manat əsas borc, 44.81 manat faiz borcu, 53,92 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 4,6 manat məbləğində əldən çıxmış fayda və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov