Məhkəmə qərarları › İş №e-2-2(117)-1373/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1373/2025

26.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1373/2025 26.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 6856.65 manat borcun, 88.56 manat dövlət rüsumu olmaqla ümumilikdə 6945.21 manat məbləğində vəsaitin, həmçinin 33860 manat vəsaitin tam olaraq ona ödənilməsi gününədək həmin vəsaitin üzərinə aylıq 0.75% məbləğində vəsaitin hesablanmasına və tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 6856.65 manat borcun, 88.56 manat dövlət rüsumu olmaqla ümumilikdə 6945.21 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya məhkəməsinin e-2-2(113)- 230/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMCdən 33660 manat borc, həmçinin mediasiya üçün ödənilmiş 200 manat, cəmi 33860 manat İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh kifayət qədər maddi imkanı ola-ola icra vərəqəsinin icraya yönəldilməsinə baxmayaraq ona olan borcunu bugünə qədər ödəməmiş, məhkəmələrin əvvəlindən təkzibedilməz sənədlər, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməkdən yayınmaqda davam edir. Acınacaqlı haldır ki, icra şöbəsinin işə münasibətindən və hərəkətlərindən aydın görünür ki, bu işdə tələbkarın deyil, dolayısı ilə borclunun mövqeyini müdafiə etməkdədir. Cavabdeh, iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlayır, ona qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə edir, faydalanır. Odur ki, qanunun yuxarıda qeyd edilən normalarının tələbinə əsasən, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün faiz ödəməyə borcludur. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. 30 yanvar 2025-ci il tarixdə e-2-2(113)-230/2023 saylı iş üzrə keçirilən iclasda "xxxx" MMC-nin nümayəndəsi və eyni zamanda direktoru olan Emin bəy şəxs borc vəsaitini ödəmək üçün kifayət qədər vəsaitləri olduğunu və əgər məhkəmənin qərarını qanuni hesab etsəydilər istənilən vaxt borc məbləğini ödəmək iqtidarında olduqlarını etiraf etmişdir. Yəni şəxs etiraf etmişdir ki, məhkəmənin qərarını qanunsuz hesab etdiklərindən qəsdən onu icra etmirlər. Qeyd etdikləri iclasın audio və video qeydlərində mövcuddur. Göründüyü kimi cavabdeh özgənin pul vəsaitini qəsdən ödəmədiyini və bu vəsaitdən yararlandığını etiraf etmişdir. Mülki məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın faiz uçot dərəcəsi 7% faiz hesablanmalıdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən cavabdehdən bu hesablamaya uyğun olaraq 5394 (illik 7%=0.59% aylıq*27 ay) manat məbləğində pul onun xeyrimə tutulmalı, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün illik 7% faiz ödəməlidir. Mülki məcəllənin 439-cu maddəsinin də tələblərini nəzərə alsa ona ödənilməli məbləğ aşağıdakı qaydada müəyyən olunur 9%=0.75% aylıq* 27 ay cəmi ödənilməli məbləğ 6856.65 manat təşkil edir.

İİ. Tərəflərin mövqeləri:

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 19.800 ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq ekvivalenti olan 33660 manat borc. həmçinin mediasiya üçün ödənilmiş 200 manat, cəmi 33860 məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini alımışdır.

8. Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borc tələbinin 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir.

9. Oğuz rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə borc tələbinin 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/5604 nömrəli ekspert rəyində göstərilir ki, cavabdeh "xxxx" MMCnin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 33660 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot faiz dərəcəsinə uyğun olaraq (qeyd olunan illər nəzərə alınmaqla) əldən çıxmış fayda qismində faiz borcu 6128,93 manat təşkil edir.

V. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Vl. Məhkəmənin mövqeyi:

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

13. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi üzrə borcun cavabdeh tərəfindən icra edilməməsi nəticəsində bank uçot dərəcəsi ilə hesablanmış əldə çıxmış fayda qismində borc öhdəliyinin yaranmasından irəli gəlir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-230/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC cəmi 33860 manat pul vəsaitini İddiaçı ödəməli olduğu halda ödəməmiş və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

16. Nəticə etibarı ilə qeyd olunan halın baş verməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermiş və iddiaçı əldən çıxmış fayda qismində ona dəymiş maddi ziyanı tələb etməkdə haqlı olmuşdur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 9/5604 nömrəli ekspert rəyində cavabdeh "xxxx" MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 33660 manat borcun gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot faiz dərəcəsinə uyğun olaraq (qeyd olunan illər nəzərə alınmaqla) əldən çıxmış fayda qismində faiz borcu 6128,93 manat təşkil etdiyi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə ekspert rəyində qeyd olunan məbləği əsaslı hesab edərək qeyd edir ki, cavabdehdən bank uçot dərəcəsi ilə hesablanmış 6128,93 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

19. Məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

20. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır.

21. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

22. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 81,28 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

23. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.

24. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən Azərbaycan Respublikası Mərkəzi Bankının faiz uçot dərəcəsi ilə hesablanmış 6128,93 manat pul vəsaiti və ödənilmiş 81,28 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.

Vİl. Nəticə:

25. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən Azərbaycan Respublikası Mərkəzi Bankının faiz uçot dərəcəsi ilə hesablanmış 6128,93 manat pul vəsaiti və ödənilmiş 81,28 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar