Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1386/2024 17.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil,cavabdeh xxxx ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” İstehsalat Birliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 002201 nömrəli akt əsasında əsassız hesablanmış 10126,9 manat borcun iddiaçının abonent hesabından silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixli 002201 nömrəli akt əsasında əsassız hesablanmış 10126.9 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonu, Öyrət kənd ərazisində kənd təsərrüfatı mallarının yetişdirilməsi və satışı üzrə qeyri-yaşayış sahəsi mövcuddur. Son dövrlər həmin sabhibkarlıq subyektində cavabdeh tərəfin elektrik enerjisi təminatını dayandırması səbəbindən fəaliyyət göstərə bilmir. Uzun müddət həmin sahibkarlıq subyekti problemsiz fəaliyyət göstərib, vaxtı-vaxtında kommunal xərclər ödənilmişdir. Lakin sonradan 2024-cü ilin avqust ayında cavabdeh tərəfin əməkdaşları özbaşına şəkildə qanunsuz olaraq obyektin ərazisinə daxil olaraq yoxlama aparmaq adı ilə özbaşınalıq etmişdirlər. Yay aylarında obyekt fəaliyyət göstərmir. Həmin vaxt orada heç kim olmamışdır. Obyektə yaxın yerdə fəaliyyət göstərən şəxslərə həmin obyektədə nəzarət etmələrini xahiş etmişdir. Həmin şəxslər cavabdeh tərəfin əməkdaşlarının özbaşına obyektin daxilinə girmələrini görərək ona və DİN-nin “102 Qaynar” xəttinə məlumat vermişdirlər. Buna baxmayaraq cavabdeh tərəf yenədə obyektin ərazisinə daxil olub yoxlamalar aparmış və elektrik enerjisinin verilməsini dayandırmışlar. Bundan sonra cavabdeh tərəf xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq 10126,9 manat borcunun olmasını bildirmişdir. Müraciəti əsasında cavabdeh tərəfin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 002201 nömrəli aktı əldə etmişdir. Həmin aktı tərtib edən cavabdeh tərəfin əməkdaşları guya onun qanunsuz qoşulmasını, kənar xətt olmasını aşkarlamışdırlar. Heç bir hal şahidi olmadan, onu gözləmədən həmin obyektə qanunsuz, özbaşına daxil olmaqla yalan məlumatlar göstərilən bu aktı tərtib etmişlər. Həmin akta cavabdeh tərəfin əməkdaşlarından başqa heç kim imza atmamışdır. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən elektrik təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Məhz buna görə də məcburiyyət qarşısında qalaraq aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh təşkilatın nümayəndələrinin ona məxsus sahibkarlıq subyektində hər hansı yoxlamaların keçirilməsi ilə bağlı əvvəlcədən məlumatı və iştirakı olmamışdır. Həmçinin yoxlayıcıların (Şəki EŞ-nın əməkdaşları R.Osmanov, E.Binnətli, Rəvan Mustafayev) yoxlama keçirmələri ilə bağlı adlarının qeyd olunduğu vahid məlumat reyestrindən çıxarış olmamışdır. Cavabdeh "xxxx" ASC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsində yoxlamalar aparmaqla və sonda cərimə yazmaqla qüvvədə olan normativ aktların tələblərini kobud şəkildə pozmuş, eyni zamanda qanunsuz yoxlamalar aparmaqla özləri inzibati xəta hadisəsi törətmişdir. Məhkəmədən iddia tələbini təmin etməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş KY242138732 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsası ilə İddiaçı sahibkarlıq subyektinə xx.xx.2024-cü il tarixində yoxlama aparıla bilməsi nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli NİQ002201 nömrəli aktdan görünür ki, baxış zamanı obyektə sayğac sxemindən kənar xətt daxil olduğu və kənar xəttin ********* nömrəli elektrik sayğacını qidalandıran naqilin sayğaca girişdən öncə izolyasiyası pozularaq torpaq qatının alt hissəsindən keçən hissədən budaqlanma yolu ilə götürülməklə obyektə çəkildiyi aşkar edilmişdir. Həmin akt "xxxx" ASC-nin nümayəndələri tərəfində imzalanmış, lakin həmin aktda qeyd edilmişdir ki, abonentin nümayəndəsi özünü təqdim etməyərək aktı imzalamaqdan imtina etmişdir. Həmçinin qeyd edilən akt videoçəkiliş aparılmaqla tərtib edilmiş və həmin disk xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Abunə haqqında məlumatdan göründüyü kimi NİQ002201 nömrəli akt əsasında istehlakçı İddiaçı abunə hesabına 9636 manat məbləğində borc hesablanaraq həmin hesaba yazılmışdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixində cavabdeh "xxxx" ASC tərəfindən iddia ərizəsinə etiraz məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində "xxxx” ASC-nin əməkdaşları R.Osmanov, E.Binnətli ve R.Mustafayev tərəfindən Şəki rayonu Öyrət kəndində yerləşən və "xxxx" ASC-nin enerji satış bazasında **********6 saylı abunə kodu ilə qeydiyyatda olan İddiaçı adına qeydiyyatda olan sayğac uçot dəstinə abonentin nümayəndəsinin (özünü təqdim etmədən) və DİN-nin əməkdaşlarının iştirakı ilə "Elektrik enerjisinden istifadə Qaydaları"na uyğun olaraq baxış keçirilmişdir. Baxış zamanı obyektə sayğac sxemindən kənar xətt daxil olduğu ve kənar xəttin ********* nömrəli elektrik sayğacını qidalandıran naqilin sayğaca girişdən öncə izolyasiyası pozularaq torpaq qatının alt hissəsindən keçən hissədən budaqlanma yolu ilə götürülməklə obyektə çəkildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NİQ002201 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı iddiaçının nümayəndəsi imzalamaqdan imtina etmişdir. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİQ002201 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə 365 gün üçün 0.10 manatla 96360 kvts, dəyəri 9636.00 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşlar tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq-aşkar öz əksini tapır. “Elektrik enerjisindən istifadə Qaydaları"-nın 8.17-1-ci bəndinə uyğun olaraq akt tərtib edilərkən heç bir hal şahidinin iştirakı nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçı iddia tələbində akt əsasında hesablanmış məbləği 10126.90 manat olaraq göstərmiş, lakin iddiaçıya qeyd olunan akt əsasında 9636.00 manat borc hesablanmış, yerdə qalan 490.90 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. AR Energetika Nazirliyi Enerji X2 Şəki Filialı tərəfindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mütəxəssis rəyi daxil olmuşdur. Həmin mütəxəssi rəyində aşağıdakı məlumatlar bildirilmişdir: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış əsasında "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində sözügedən abonentin sayğac uçot dəstinə baxış keçirilmiş və sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə faktına görə videoçəkiliş aparılmaqla NİQ002201 nömrəli akt tərtib edilmişdir. Sözügedən çıxarışda yoxlayıcı şəxslər kimi mühəndislər X1 Ramil Osman oğlunun adı qeyd olunduğu halda baxışın keçirilməsində üçüncü şəxs kimi X8 aparıcı mühəndisi Rəvan Mustafayev də iştirak etmişdir. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununun 17.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır. Qeyd olunan pozuntudan əlavə, akt tərtib olunarkən mövcud qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü iİ tarixdə sözügedən akta əsasən hesabat aparılarkən sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan və gərginliyə uyğun elektrik gücünə, istehlakçının işləmə saatına (sutkada 24 aaat) əsasən 365 gün üçün hesabat aparılmış və 96360 kVt.st elektrik enerjisinə uyğun 9636,00 manat məbləğ borc kimi abonentin enerji hesabatına daxil edilmişdir. Bununla əlaqədar aşağıdakıİar bildirilir: 1.Sözügedən akta və videoçəkilişə əsasən sayğacdan kənar çəkilmiş alüminium tipli elektrik naqilinin en kəsiyi 10 mm2 olduğundan həmin naqiłdən buraxıla bilən maksimal cərəyan 50 amper (güc 11 kVt) təşkil edir ki, hesabat da həmin gücə uyğun aparılmışdır; 2.Qeyd olunan obyekt istixana olduğu üçün hesabat sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün (on iki ay) üçün aparılmışdır. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma eİektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı ve bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırıldıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci ve 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yeniden hesablanır. Məlumat üçün bildirilir ki, həmin obyektin işləmə saatlarını təsdiq eden rəsmi sənəd olmadığından faktiki itirilmiş elektrik enerjisinin dəyərinin nə qədər təşkil etməsinə münasibət bildirmək mümkün deyil. Bundan başqa iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nın məsul növbətçisi, polis baş leytenantı Arzu Qurbanov tərəfindən Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportun məzmununda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:59-da X12 DİN-in 102 xidmətinə zəng edərək Şəki rayonu, Öyrət kəndində 3 nəfər şəxsin istixanaya basqın etmələri barədə məlumat vermişdir. Məlumatın yoxlanılması üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışın məzmunundan görünür ki, ünvan 2 ünvanında yaşayan X13 DİN-in 102 xidmətinə etdiyi müraciətində və izahatında 3 nəfər "xxxx" ASC-nin əməkdaşının istixanaya qanunsuz müdaxilə etdiyini, işçiləri ilə münaqişə etdiyini, həmin əməkdaşların onun işıq xəttinə qanunsuz müdaxilə etdiklərini bildirmişdir. AR DİN Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən X10 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-109/2-27028/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində həmin şəxsin DİN-in 102 zəng xidmətinə edilən müraciəti araşdırılmış və mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ bildirilmişdir. “İstifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi” barədə xx.xx.2024cü il tarixli 404/RP/425 nömrəli Razılaşma protokolundan görünür ki, istehlakçı xx.xx.2024cü il tarixə "xxxx" ASC-nin Şimal Qərb REYSİ Şəki EŞ-nə olan 9940.70 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul edir, ödənilən vəsaitin 50% hissəsinin borca tutulmasını öz öhdəsinə götürür. Həmin protokol "xxxx"ASC-nin nümayəndələri tərəfindən və möhürü ilə, həmçinin istehlakçı İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat vermiş, iddia tələbinin təmin edilərək akt əsasında əsassız hesablanmış 10126.9 manat borcun abonent saldosundan silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında məhkəməyə təqdim etmiş olduğu etirazına uyğun olaraq izahat vermiş və idda tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara akt, etiraz, məktub, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Belə ki, iş materiallarına əlavə edilmiş KY242138732 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan göründüyü kimi "xxxx" ASC tərəfindən “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsası ilə İddiaçı sahibkarlıq subyektinə xx.xx.2024-cü il tarixində yoxlama aparıla bilməsi nəzərdə tutulmuşdur. İş materialları əlaqəli şəkildə araşdırıldıqda aydın olur ki, İddiaçı abonent hesabına xx.xx.2024-cü il tarixli NİQ002201 nömrəli akt əsasında 9636 manat məbləğində borc hesablanmışdır ki, həmin aktın tərtib edildiyi tarixlə yoxlamanın aparılması üçün müəyyənləşdirilmiş tarix üst-üstə düşür. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. Qeyd edilən Qanunun tələblərindən müəyyən edilir ki, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamaların aparılması mümkündür. Göründüyü kimi cavabdeh "xxxx" ASC tərəfindən aparılan yoxlama “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsası ilə aparılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən də göründüyü kimi bu əsasla sahibkarlıq subyektinə yoxlama aparılması nəzərdə tutulmuşdur. Bundan əlavə olaraq AR Energetika Nazirliyi Enerji X2 Şəki Filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışda adı qeyd edilməsə də, baxışın keçirilməsində üçüncü şəxs kimi X8 aparıcı mühəndisi Rəvan Mustafayev də iştirak etmişdir. Bu pozuntudan əlavə, akt tərtib olunarkən mövcud qanunvericiliyin tələblərinin pozulması halına yol verilməmişdir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, qeyd edilən hal “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununun 17.4-cü bəndinin tələbini (17.4. Yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır.) pozmuşdur. Qeyd edilən hala münasibətdə məhkəmə qeyd edir ki, düzdür qeyd edilən yoxlamanın aparılmasında X4 və X3 üçüncü şəxs kimi X8 aparıcı mühəndisi Rəvan Mustafayev də iştirak etməsi qanunvericiliyin normalarına uyğun olmasa da, aşkar olunan fakt mövcud olduğundun və işin faktiki halları dəyişmədiyindən aparılmış yoxlama nəticəsində tərtib edilmiş aktın qanunsuz olmasını təsdiq edə bilmir. Belə ki, İddiaçı sayğacdan kənar paylayıcı şəbəkəyə qoşularaq elektrik enerjisindən istifadə etməsi halı təqdim edilmiş iş materialları və eyni zamanda xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən təqdim edilmiş video material vasitəsilə də öz təsdiqini tapmışdır. Eyni zamanda AR Energetika Nazirliyi Enerji X2 Şəki Filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində akt əsasında hesablanmış borcun məbləği onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan və gərginliyə uyğun elektrik gücünə, istehlakçının işləmə saatına (sutkada 24 aaat) əsasən 365 gün üçün hesabat aparılmış və 96360 kVt.st elektrik enerjisinə uyğun 9636,00 manat məbləğ borc kimi abonentin enerji hesabatına daxil edilmişdir. Cavabdeh tərəf sözügedən akta və videoçəkilişə əsasən sayğacdan kənar çəkilmiş alüminium tipli elektrik naqilinin en kəsiyi 10 mm2 olduğundan həmin naqiłdən buraxıla bilən maksimal cərəyanın 50 amper (güc 11 kVt) olmasını və eyni zamanda qeyd olunan obyektin istixana olmasını nəzərə alaraq tərtib etdiyi hesabatı sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün (on iki ay) üçün aparmışdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarının: 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bundan əlavə olaraq iddiaçı tərəf izahatında cavabdeh tərəfin əməkdaşlarının özbaşına obyektin daxilinə girmələri barədə DİN-nin “102 Qaynar” xəttinə məlumat verildiyini bildirmiş və iş materiallarına Şəki ŞRPŞ-nın məsul növbətçisi, polis baş leytenantı Arzu Qurbanov tərəfindən Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raport; xx.xx.2024-cü il tarixli arayış və AR DİN Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən X10 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-109/2-27028/2024 nömrəli məktub əlavə edimişdir. Həmin sənədlərin məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixində X13 DİN-in 102 xidmətinə etdiyi müraciətində və daha sonra izahatında 3 nəfər "xxxx" ASC-nin əməkdaşının istixanaya qanunsuz müdaxilə etdiyini, işçiləri ilə münaqişə etdiyini, həmin əməkdaşların işıq xəttinə qanunsuz müdaxilə etdiklərini bildirmişdir. Məhkəmə bu hissəyə münasibətdə qeyd edir ki, X13 qeyd edilən halla bağlı xx.xx.2024-cü il tarixində DİN-in 102 xidməti ilə əlaqə saxlamışdır. Bu tarix isə sahibkarlıq subyektinə baxışın keçirildiyi və aktın tərtib edildiyi xx.xx.2024-cü il tarixi ilə üst-üstə düşmür. Məhkəmə qeyd edir ki, X13 tərəfindən xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidməti ilə əlaqə saxlanılması nəzərdə tutulan aktın tərtib edildiyi xx.xx.2024-cü il tarixində keçirilən yoxlanışla əlaqəli olmasını və aktın xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə tərtiv edilməsini təsdiq etmir. Bu adi qaydada belə başa düşülə bilər ki, sayğaca baxan cavabdehin əməkdaşı öz vəzifəsini yerinə yetirərkən bu halla qarşılaşmış, ola bilsin ki, tərəflər arasında mübahisə yaranmış və iddiaçı aidiyyəti üzrə polis orqanlarına müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə müvafiq qaydada yoxlama iə bağlı dövlət qeydiyyatından keçdikdən sonra həmin iddiaçıya məxsus obyektdə yoxlama aparmışdır. Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yəni aşkar edilən fakt ortadadır, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehin hərəkətlərinin rəsmiləşdirilməsi də ortadadır. Ən əsası budur ki, iddiaçı tərəf qanunsuz qoşulmuş xətlə bağlı yəni həmin xəttin şəbəkəyə qanunsuz qoşulmasının əksi olan hər hansı bir arqument irəli sürməmişdir. Həmçinin qeyd edilən hallardan başqa “İstifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi” barədə xx.xx.2024-cü il tarixli 404/RP/425 nömrəli Razılaşma protokoluda iş materiallarına əlavə edilmişdir. Həmin protokoldan göründüyü kimi istehlakçı xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nin Şimal Qərb REYSİ Şəki EŞ-nə olan 9940.70 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul edir, ödənilən vəsaitin 50% hissəsinin borca tutulmasını öz öhdəsinə götürür. Həmin protokol "xxxx"ASCnin nümayəndələri tərəfindən və möhürü ilə, həmçinin istehlakçı İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş digər iş materialları xx.xx.2024-cü il tarixli NİQ002201 nömrəli akt əsasında iddiaçının abonent hesabına yazılmış 9636 manat borcun qanuni və əsaslı olduğunu təsdiqləsə də, bununla yanaşı nəzərdə tutulan razılaşma protokolu da həmin iş materialları ilə birlikdə qiymətləndirildikdə aydın olur ki, həmin protokolu İddiaçı imzalayaraq xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nin Şimal Qərb REYSİ Şəki EŞ-nə olan 9940.70 manat məbləğində debitor borcunun mübahisəli olmadığını qəbul edərək ödənilən vəsaitin 50% hissəsinin borca tutulmasını öz öhdəsinə götürmüşdür. Şərh edilənlərə əsasən məhkəmə yekun olaraq o qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh “xxxx” İstehsalat Birliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 002201 nömrəli akt əsasında əsassız hesablanmış 10126,9 manat borcun iddiaçının abonent hesabından silinməsi” tələbinə dair iddiasının rədd edilməsi qanuni, ədalətli və əsaslıdır. İddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş rüsum MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “xxxx” İstehsalat Birliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 002201 nömrəli akt əsasında əsassız hesablanmış 10126,9 manat borcun iddiaçının abonent hesabından silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1386/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1386/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver