Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1387/2025 01.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 14091,74 manat əsas, 1095,66 manat faiz, 629,13 manat cərimə borcu olmaqla cəmi 15816,53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 137,85 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023 il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2023 il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 22% ödəmək şərtilə 30000 manat məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci maddəsi). Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1.-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29 iyun 2025 tarixinə Unibank KB ASC-yə 14091,74 manat əsas, 1095,66 manat faiz, 629,13 manat cərimə borcu olmaqla, cəmi 15816,53 manat borcu yaranmışdır.
İİ. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Qarşı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə məhkəməyə müraciət ediblər. Hal-hazırda da cavabdehlər heç bir ödəniş həyata keçirməyib. Cavabdehin kredit müqaviləsi üzrə banka ödənilməmiş 14091,74 manat əsas, 1095,66 manat faiz, 629,13 manat cərimə borcu olmaqla cəmi 15816,53 manat borcu vardır. Qeyd olunan məbləğdə borcun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, bankdan biznes krediti götürüb. İşləri yaxşı olan vaxtı ödənişləri də edirdi. 1560 manat məbləğində banka ödəniş edib. Son vaxtlar gec də olsa ödənişlər edirdi. Bankla əlaqə saxladı və dedilər ki, 2000 manat məbləğində faiz borcunu siləcəklər, lakin silmədilər və məhkəməyə verdilər. Daha sonra dedilər ki, aylara bölsünlər 3000 manat da üstünə gəlsin ödənişləri həyata keçir. Lakin razılaşmayıb. Banka sonuncu dəfə 1000 manat məbləğində ödəniş həyata keçirib.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185ci maddəsinə əsasən işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “X2” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1790micMNG/23-EM saylı “əsas kredit və bank hesabı müqaviləsi”-nə əsasən Cavabdeh2 maksimum 120 ay müddətinə və 32 % olmaqla 300000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalan həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
8. “X2” ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 1790micMNG/23 nömrəli əlavə kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 xx.xx.2023cü il tarixli 1790micMNG/23-EM saylı “əsas kredit və bank hesabı müqaviləsi” əsasında 24 ay müddətinə, illik 22 % olmaqla, 30000 manat məbləğində kredit verilmişdir.
9. “X2” ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 1790micMNG/23 nömrəli əlavə kredit müqaviləsinə 1 saylı əlavə imzalanmışdır. Həmin əlavəyə əsasən tərəflər arasında 24 ay müddətinə hər ay 1556 manat, sonuncu ay isə 1550,77 manat cavabdeh tərəfindən ödənilməklə ödəniş qrafiki müəyyən edilmişdir.
10. “X2” ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1790micMNG/23 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 1790micMNG/23-EM saylı “əsas kredit və bank hesabı müqaviləsi”nin icra edilməsindən irəli gələn məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
11. “X2” ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 “X2” ASC-yə 1790micMNG/23 saylı krеdit razılaşması üzrə 14091,74 manat məbləğində krеdit bоrcu, 1095,66 manat məbləğində faiz bоrcu və 629,13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 15816,53 manat məbləğində bоrcu yaranmışdır.
12. “X2” ASC tərəfindən cavabdehlərə xx.xx.2025-ci tarixli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Vl. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 30000 manat məbləğində pulu Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş qalan məbləği isə ödəməmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməlidir.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi faiz və cərimə borcuna münasibətdə qismən təmin edilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
20. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz və cərimə borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 586,79 manat məbləğində faiz və 148,25 manat məbləğində cərimə borcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi xəbərdalıq məktubunda qeyd olunan faiz və cərimə borcu məbləğində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.
21. Qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı, faiz və cərimə borcunun tələb edilməsində isə qismən əsaslıdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixli, 1790micMNG/23 saylı kredit müqaviləsi üzrə 14091,74 manat məbləğində krеdit bоrcu, 586,79 manat məbləğində faiz bоrcu və 148,25 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 14 826,78 manat məbləğdə pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə qeyd edir ki, cavabdeh tərəflər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
23. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş iddianın təmin edilən hissəsinə münasibətdə 134,49 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-cü il tarixli ödəniş qəbzindən görünür ki, “X2” ASC tərəfindən 137,45 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
Vİl. Nəticə:
24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14091,74 manat əsas, 586,79 manat faiz, 148,25 manat cərimə borcu olmaqla cəmi 14826,78 manat məbləğdə pul vəsaiti və 134,49 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova