Məhkəmə qərarları › İş №e-2-2(117)-1392/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1392/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1392/2024 25.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** saylı krеdit razılaşması üzrə 1431.29 manat məbləğində krеdit bоrcu, 136.54 manat məbləğində faiz bоrcu və 231.51 manat məbləğində cərimə borcu, ödənilmiş 70 manat mediasiya xərcinin və 37.99 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 019L**********90 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 70000 manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 019R202886870 nömrəli kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla 3000 manat kredit verilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 019S**********03 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin (Cavabdeh1) borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 019R********** saylı krеdit razılaşması üzrə 1431.29 manat məbləğində krеdit bоrcu, 136.54 manat məbləğində faiz bоrcu və 231.51 manat məbləğində cərimə borcu qalmışdır. Bu hal maliyyə arayışı və məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları və xx.xx.2022-ci il tarixli pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 təqdim edilməsinə baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Zaminlik müqaviləsi,Maliyyə arayışı, Hesabdan çıxarış, Xəbərdarlıq məktubları, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 019R202886870 nömrəli kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla 3000 manat kredit verilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 019R********** saylı krеdit razılaşması üzrə 1431.29 manat məbləğində əsas bоrcu qalmışdır. Bu hal maliyyə arayışı və məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. Bu səbəbdən 1431,29 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 136.54 manat məbləğində faiz bоrcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixə olan xəbərdarlıq məktubundan göründüyü kimi müraciətdə xx.xx.2022-ci il tarixə 1431.29 manat məbləğində krеdit bоrcu, 127,1 manat məbləğində faiz bоrcu və 202,04 manat məbləğində cərimə borcunun olduğu, xx.xx.2022-ci il tarixə ödəniş məbləğinin banka qaytarılmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 019R202886870 nömrəli kredit razılaşması üzrə sonuncuya 3000 manat kredit verilmiş və iddiaçı tərəfindən müqaviləyə vaxtından əvvəl xx.xx.2022-ci il tarixdə xitam verilmiş və buna dair cavabdehlərə bildiriş göndərilmişdir. Hazırki iş üzrə iddiaçı müqavilə müddəti bitdikdən sonra faiz hesablamaqda davam etmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və bununla da faiz borcunun artmasına səbəb olmuşdur ki, bunda da haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi müqaviləyə vaxtından əvvəl xitam verilmişdir ki, hazırki vəziyyətdə müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verildiyindən həmin vaxtdan sonra iddiaçı tərəfindən müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. xx.xx.2022-ci il tarixə faiz borcunun məbləği 127,1 manat təşkil etmişdir ki, bu səbəbdən məhkəmə həmin məbləği əsas götürüb hesab edir ki, cavabdehlərdən 127,1 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, həmin tarixdən sonra müqaviləyə istinadən hesablanmış faiz borcuna münasibətdə isə iddia rədd edilməlidir. Bundan başqa məhkəmə 231,51 manat cərimə borcuna münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də həm faizin. Həm də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 50 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1431.29 manat krеdit bоrcu, 127,1 manat faiz bоrcu və 50 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 37,99 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 37,99 manat dövlət rüsumunun 4,03 manatı iddaçıdan, 33,96 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 37,99 manat dövlət rüsumundan onun dövlət büdcəsinə ödəməli olduğun 4,03 manat çıxıldıqda qalan 33,96 manat dövlət rüsumu tələb edildiyindən cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı 70 manat ödənilmiş mediasiya xərcinin də cavabdehlərdən tutulmasını tələb etsə də, qeyd edilən vəsaitin ödənilməsinə dair iş materiallarında sübit mövcud deyildir ki, bu səbəbdən həmin məbləğ cavabdehlərdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli 019R202886870 nömrəli kredit razılaşması üzrə 1431.29 manat krеdit bоrcu, 127,1 manat faiz bоrcu və 50 manat cərimə borcu və 33,96 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar