Məhkəmə qərarları › İş №e-2-2(117)-1393/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1393/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1393/2024 18.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Səmədov Rüfət Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xxxx”-nin ərazisində 50 kv.metrdən ibarət 1№li mağazanın təhvil verilməsi, mağazadan istifadə etdiyinə görə əmlakdan məhrum olduğu üçün yaranmış 18.000 (on səkkiz min) manat məbləğində zərərin və ödənilmiş 144 manat dövlət rusumunun Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “xxxx”-nin ərazisində 50 kv.metrdən ibarət 1№li mağazanın təhvil verilməsi, mağazadan istifadə etdiyinə görə əmlakdan məhrum olduğu üçün yaranmış 18.000 (on səkkiz min) manat məbləğində zərərin və ödənilmiş 144 manat dövlət rusumunun Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin may ayından bu günə kimi ona məxsus Ünvan 1 ünvanda yerləşən “xxxx”-nin ərazisində 50 kv.metrdən ibarət 1№li mağaza hər ay 300 manat ödəmək şərtilə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh əvvəllər tanıdığı üçün və “Azəriqaz” X1 istismar idarəsində işlədiyinə görə onun xahişini nəzərə alaraq aralarında müqavilə bağlamadan şifahi razılığa gəlmişdirlər. Şifahi razılıq əldə ediləndən sonra Cavabdeh özünə məxsus əmlakları həmin qeyri-yaşayış sahəsinə yığaraq oradan istifadə etməyə başlamışdır. Dəfələrlə cavabdehə müraciət edərək əmlakdan istifadə etdiyinə görə aylıq 300 manat ödənilməsi xahiş edilmiş, lakin o, müəyyən bəhanələr gətirərək heç bir vəsait ödəməmiş və əmlaklarını mağazadan çıxarmamaqla yanaşı, giriş qapısının açarlarını da qaytarmadığı üçün əmlakdan məhrum olmuşdur. Bundan başqa Cavabdeh əmlakdan istifadə etdiyi üçün verəcəyi borcdan yayınmaq məqsədilə və Qaz İdarəsində işlədiyinə görə guya sayğacdan kənar qazdan istifadə edilməsinə dair “xxxx”-nə öz imzası ilə akt tərtib edərək, 7808.20 manat məbləğində borcun olduğunu bildirməklə Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan sonra ona zərər vurduğuna görə İsmayıllı Rayon Prokurorluğuna müraciət etmiş və nəticədə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, cavabdeh bir müddət işlədiyini və sonradan işlərinin alınmadığına görə əmlaklarını da götürərək açarları Ticarət Mərkəzinin adını xatırlamadığı əməkdaşına verdiyini bildirmişdir. Göründüyü kimi Cavabdeh obyektdən istifadə etdiyini və orada 20 gün ərzində işlədiyini etiraf etmişdir. Obyekti Tahir adlı şəxsdən aldığını lakin açarları adını xatırlamadığı şəxsə verdiyini qeyd etmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 10 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayışdan görünür ki, həmin arayış İsmayıllı rayonu Heydər Əliyev ev 7 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Cavabdeh xx.xx.2024-cü il tarixində etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ünvan 1 ünvanda yerləşən “xxxx”-nin ərazisində 2019-cu ilin mart ayında İddiaçı yeni ticarət mərkəzində əhaliyə xidmətin təşkil olunması üçün bütün sahibkarlara o cümlədən ona 50 kv.metrdə “Foto studio” fəaliyyəti ilə məşğul olmağı üçün qeyri-yaşayış sahəsi ayırmış, aralarında hər hansı bir sövdələşmə və ya icarə müqaviləsi bağlanmamışdır. Ticarət mərkəzinə müştəri cəlb edilə bilinmədiyindən həmin əraziyə cəlb olunan sahibkarlar həmin obyektləri bağlayıb əvvəlki yerlərinə qayıtmış, eyni qaydada digər sahibkarlar kimi mövcud vəziyyətlə əlaqəli olaraq o da, “Foto studio“ kimi işləməkdən imtina edərək həmin otaqda yerləşdirdiyi “Foto studio” üçün zəruri olan texniki avadanlıqları götürüb otağın açarını şəxsən İddiaçı təhvil verərək oradan çıxıb getmişdir. Eyni zamanda, iddiaçının 2019-cu ildən bu günə kimi həmin obyektin onun tərəfindən işlədilməsinə münasibətdə qeyd etmişdir ki, 2020-ci ilin mart ayından başlayaraq koronavirus səbəbilə müvafiq sahibkarlıq fəaliyyətlərinə müəyyən müddətə məhdudiyyət qoyulmuş və xx.xx.2021-ci il tarixində xüsusi karantin iş rejimi bitdikdən sonra İsmayıllı rayonunda ticarət obyektlərinin fəaliyyəti bərpa olunmuşdur. Göründüyü kimi qeyd edilən tarix aralığında həmin ticarət obyektində fəaliyyət göstərməyinin mümkünsüzlüyünü qeyd etmişdir. Bundan başqa cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “xxxx”nə (İddiaçı) qarşı təbii qazdan istifadəyə və dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən yaranmış borcla bağlı məhkəməyə müraciətinə münasibətdə bildirmişdir ki, iddiaçının bu hala münasibətdə əsaslandığı kimi onun iddiaçıya qarşı qərəzli münasibəti olmamış, sadəcə olaraq aparılmış yoxlamada qeyri-yaşayış sahəsində quraşdırılmış sayğac göstəriciləri oxunan zaman sayğacdan kənar paylacı şəbəkəyə qanunsuz qoşulma halının olduğu müəyyən olunmuşdur. İddiaçı tərəfin iddia tələbinə münasibətdə bildirmişdir ki, iddiaçı tərəf təkidlə icarə haqqının ödənilməsini tələb etsə də, qeyd edilən öhdəliyin əmələ gəlməsi üçün aralarında müqavilə olmamış, həmin obyektdə heç bir fəaliyyət göstərməmiş, qeyriyaşayış sahəsi ilə bağlı üzərinə hər hansı bir öhdəlik götürməmiş, həmin sahədə sadəcə olaraq 20 gün iş fəaliyyəti olmuş, daha sonra açarı təhvil verərək oradan çıxıb getmişdir. Məhkəmədən iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-1393/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri və X7 şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlamış olduğu məktuba cavab olaraq xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6281/2024 nömrəli məktubla bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi üzrə elektron bazaya toplanmış məlumatlara əsasən İddiaçı məxsus 50 kv.m sahədən ibarət 1 nömrəli mağazanın ayrılıqda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar məlumat aşkar edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1393/2024 nömrəli İsmayıllı Rayon Polis Şöbəsinin rəisi cənab Vüqar Əliyevə ünvanlamış olduğu məktuba cavab olaraq xx.xx.2024-cü il tarixli 84/2-23924/24 nömrəli məktubla bildirilmişdir ki, İsmayıllı şəhəri, Ünvan 1 ünvanda yerləşən “xxxx”-nin icraçı direktoru X6 xx.xx.2023-cü il tarixli müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surəti məhkəməyə təqdim edilir. İsmayıllı RPŞ tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli X6 verdiyi izahatdan görünür ki, həmin şəxs 2020-ci ilin sentyabr ayından İsmayıllı şəhəri, Ünvan 1 ünvanda yerləşən “xxxx”-nin icraçı direktoru vəzifəsində işləyir. Həmin vəzifəni Samir adlı şəxsdən təhvil almış, həmin vaxt Samir ona mağazaların kimlərə icarəyə verildiyi barədə siyahı təqdim etmiş və həmin siyahdan görünürdü ki, Cavabdeh həmin ticarət mərkəzinə məxsus mağazalardan birini xx.xx.2019-cu il tarixindən icarəyə götürmüş, lakin icarə haqqını ödəməmişdir. Bir neçə dəfə Cavabdeh müraciət edərək icarə haqqını ödəməsini tələb etmiş, o ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Bu səbəbdən ondan mağazanın açarını tələb etmiş, lakin açarı təhvil verməmişdir. Əlavə olaraq Cavabdeh tanıdıqları şəxs olduğu üçün aralarında heç bir müqavilə bağlanılmadığını bildirmişdir. Hazırda həmin mağazanın işləmədiyini, lakin mağazanın içərisində Cavabdeh məxsus əşyaların olduğunu qeyd etmişdir. Eyni zamanda İsmayıllı RPŞ tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli X3 verdiyi izahatdan görünür ki, 2019-cu ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək İsmayıllı şəhəri, Ünvan 1 ünvanda yerləşən “xxxx”-də təchizatçı işləmişdir. Cavabdeh 2019-cu ilin sonlarında həmin ticarət mərkəzində mağaza icarəyə götürmüş və onun işdən çıxdığı 2023-cü ilin oktyabr ayınadək həmin mağaza Cavabdeh istifadəsində olmuş, lakin icarə haqqı ödəməmişdir. Cavabdeh 2022-ci ilədək həmin mağazada fəaliyyət göstərmiş, 2022-ci ilin əvvələrindən həmin mağazada fəaliyyət göstərməsə də, həmin mağazanı təhvil verməmiş, ona məxsus avadanlıqlar həmin mağazanın içərisində qalmışdır. Bundan əlavə olaraq İsmayıllı RPŞ tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh verdiyi izahatdan görünür ki, 2019-cu ildə İsmayıllı şəhəri, Ünvan 1 ünvanda “xxxx” adlı bazar açıldı. Həmin ticarət mərkəzinin əməkdaşlarından olan Tahir adlı şəxs 2019-cu ilin may ayında həmin ticarət mərkəzində obyekt götürməyi ona təklif etmiş, o həmin mərkəzdə fotostudio açmağa razılaşmışdır. Lakin həmin vaxt icarə üçün qiymət razılaşmamışlar, Tahir ticarət mərkəzinin işləri qaydasında düşdükdən sonra icarə üçün qiymət razılaşacaqlarını bildirmiş və aralarında heç bir müqavilə bağlanmamışdır. Bundan sonra həmin obyektdə 20 gün işlədikdən sonra işlərinin alınmadığını görmüş və avadanlıqlarını götürüb obyekti tərk etmiş, və obyektin açarını həmin mərkəzin başqa əməkdaşına təhvil vermişdir. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan göründüyü kimi toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)- 1393/2024 nömrəli İsmayıllı Rayon İcra Hakimiyyətinə ünvanlamış olduğu məktubuna cavab olaraq xx.xx.2024-cü il tarixli 5-54/2-1045/2024 nömrəli məktubla bildirilmişdir ki, Ünvan 2ndə yerləşən “xxxx”nin müvəqqəti istifadəyə verilməsi, torpaq sahəsinin ayrılması, tərəflər arasında icarə müqaviləsinin bağlanması ilə bağlı İsmayıllı RİH başçısı aparatının Memarlıq və Tikinti şöbəsində heç bir sənəd aşkar olunmadı. Qeyd edilən məktublardan əlavə olaraq Şəki Kommersiya Məhkəməsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli e-2-2(117)-1393/2024 nömrəli məktubla müraciət edilərək bildirilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair mülkiyyət, istifadə və ya icarə müqaviləsinə dair sənədlər, hüquqların qeydiyyatı və digər aidiyyəti sənədlər barədə məhkəməyə məlumat verilsin. Lakin iddiaçı tərəf qeyd edilən məktuba heç bir münasibət bildirməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə onun arasında rəsmi müqavilə olmamış, şifahi razılaşmışdırlar. Bazarda yaddaş kartlarının satışı ilə məğul olmalı idilər. Lakin satış olmadığı üçün, kameralarda uzun müddət qaldıqda batdığı üçün işləri yarımçıq qaldı. Aparatları gətirmək, həmçinin obyekti düzəltmək üçün 5000 manat pul xərcləmiş, həmin pul da batmışdır. Hesab edir ki, iddia əsassızdır. İddiaçı ona şər atır. Həmçinin iddiaçı hər dəfə teleqram göndərərək məhkəmə iclaslarından yayınır. O hazırda Türkiyədədir, onun adından teleqramları şəriki göndərir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və İddiaçı məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasının təxirə salınmasının səbəbləri barədə məlumat vermədiyindən, iddiaçı 2 dəfə məhkəmə iclasında iştirak etdiyindən və işin təkrar təxirə salınmasına etiraz etdiyindən Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara məktublar, etiraz, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən cavab tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə əvvəlcə qeyd edir ki, iddia tələbində nəzərdə tutulan öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə bağlanması zəruridir. Lakin məhkəmə tərəfindən iş materialları araşdırıldıqda iddiaçı tərəfindən iddia edilən icarə münasibətləri ilə bağlı yaranmış öhdəlikləri təsdiqləyən heç bir material mövcud deyildir. 10 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayışdan görünür ki, həmin arayış İsmayıllı rayonu Heydər Əliyev ev 7 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Nəzərdə tutulan arayışdan iddiaçı tərəfin həmin ticarət mərkəzində hər hansı bir mağazaya sahib olması nəticəsinə gəlinsə belə, bu heç bir halda tərəflər arasında icarə münasibətinin əmələ gəlməsini təsdiqləmək üçün əsas deyil. Belə ki, hər hansı bir obyektin icarəyəverən tərəfindən icarəçiyə verilməsi və icarə müddəti ərzində icarə haqqının ödənilməsi tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənməlidir. Lakin mövcud vəziyyətdə tərəflər arasında həqiqətən də icarə münasibətinin yaranmasını təsdiqləyən heç bir sübut aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri və X7 şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-6281/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, elektron bazaya toplanmış məlumatlara əsasən İddiaçı məxsus 50 kv.m sahədən ibarət 1 nömrəli mağazanın ayrılıqda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar məlumat aşkar edilməmişdir İsmayıllı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-54/2-1045/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Ünvan 2ndə yerləşən “xxxx”nin müvəqqəti istifadəyə verilməsi, torpaq sahəsinin ayrılması, tərəflər arasında icarə müqaviləsinin bağlanması ilə bağlı İsmayıllı RİH başçısı aparatının Memarlıq və Tikinti şöbəsində heç bir sənəd aşkar olumamışdır. Belə ki, yuxarıda adı çəkilən qurumlardan da əldə edilmiş məlumatlardan da görünür ki, iddiaçıya məxsus 50 kv.m sahədən ibarət 1 nömrəli mağazanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin ticarət mərkəzinin müvəqqəti istifadəyə verilməsi, torpaq shəsinin ayrılması, tərəflər arasında icarə müqaviləsinin bağlanması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq məhkəmə bu barədə İddiaçı xx.xx.2024-cü il tarixli e-2-2(117)- 1393/2024 nömrəli məktubla müraciət edərək mübahisə predmeti olan daşınmaz əmlaka dair mülkiyyət, istifadə və ya icarə müqaviləsinə dair sənədlər, hüquqların qeydiyyatı və digər aidiyyəti sənədlər barədə məhkəməyə məlumat verilməsini bildirsə belə, iddiaçı tərəf bu məktuba münasibət bildirməmiş və nəzərdə tutulan sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı tərəf iddia ərizəsində bildirmişdir ki, Cavabdeh əmlakdan istifadə etdiyi üçün verəcəyi borcdan yayınmaq məqsədilə və Qaz İdarəsində işlədiyinə görə guya sayğacdan kənar qazdan istifadə edilməsinə dair “xxxx”nə öz imzası ilə akt tərtib edərək, 7808.20 manat məbləğində borcun olduğunu bildirməklə Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə bu hissəyə münasibətdə qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-467/2024 nömrəli yekun məhkəmə aktından görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış 7808,20 manat əsas borcun, 98,32 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbi ilə müraciət etmiş, həmin iddia tələbi qismən təmin edilərək İddiaçı “təbii qazdan istifadəyə görə yaranmış 194,20 manat əsas borc və 2,45 manat dövlət rüsumu tutularaq iddiaçı “Azəriqaz” İB-yə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə aktı Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(107)-68/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd edilənləri sistemli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, tərəflər arasında icarə münasibətinin yaranması üçün bu halı özündə əks etdirən müqavilə olmalıdır, lakin hazırkı vəziyyətdə tərəflər arasında belə bir münasibətin yaranmasını təsdiqləyən müqavilə aşkar edilməmişdir. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırkı vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən, hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmədiyindən və tələbində haqlı olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülki Prosessual Məcəlləsinin: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə iddiaçının iddia tələbini sübuta yetirə bilmədiyindən tələbin rədd edilməsi qənaətinə gəldiyindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi nəticəsinə gəlmişdir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X4 Cavabdeh qarşı “xxxx”-nin ərazisində 50 kv.metrdən ibarət 1№li mağazanın təhvil verilməsi, mağazadan istifadə etdiyinə görə əmlakdan məhrum olduğu üçün yaranmış 18.000 (on səkkiz min) manat məbləğində zərərin və ödənilmiş 144 manat dövlət rusumunun Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar