Məhkəmə qərarları › İş №e-2-2(117)-1394/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1394/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1394/2023 26.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “cavabdehdən icarə haqqı borcu üzrə 176,51 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 263 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 1i ünvanında əmlak kompleksinin yerləşdiyi 100.4 m2 torpaq sahəsi icarəçinin müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin aylıq icarə haqqı 50,2 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən icarə müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 il müddət üçün bağlanmışdır. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına 176,60 manat məbləğində pul ödənilmiş və bununla bağlı ödəniş qəbzi təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2023-cü il tarixdə cavabdehə ünvanı üzrə poçt vasitəsilə təqdim edilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmiş, xx.xx.2023=cü il tarixdə borcun ödənilməsini təsdiq edən qəbzi məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi, xəbərdarlıq məktubu, ödəniş qəbzi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 263 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 1i ünvanında əmlak kompleksinin yerləşdiyi 100.4 m2 torpaq sahəsi icarəçinin müvəqqəti istifadəsinə verilmiş, torpaq sahəsinin aylıq icarə haqqı 50,2 manat müəyyən edilmişdir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürüdüyü öhdəliyi yerinə yetirmədindən onun iddiaçıya 176,51 manat məbləğində borcu yaransa da sonuncu tərəfindən iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə 176,60 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən tələb olunan borc məbləği xx.xx.2023-cü il tarixdə ödənilmiş və sonuncunun tələb olunan məbləğdə borcu yoxdur. Cavabdeh tərəfindən borcun ödənildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiymətinə uyğun (176,51 manat) ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. Dövlət rüsumu haqqında qanunun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia tələbi rədd edilsə də, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatı olmaqla dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilməli olan 30 manat dövlət rüsumu tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “cavabdehdən icarə haqqı borcu üzrə 176,51 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar