Məhkəmə qərarları › İş №e-2-2(117)-1394/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1394/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1394/2024 24.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “007R********** saylı kredit razılaşması üzrə 5282.08 manat kredit borcu, 523.23 manat faiz borcu və 122.14 manat cərimə borcu olmaqla, ümumilikdə 5927.45 manat borcun və ödənilmiş 79.30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “007R********** saylı kredit razılaşması üzrə 5282.08 manat kredit borcu, 523.23 manat faiz borcu və 122.14 manat cərimə borcu olmaqla, ümumilikdə 5927.45 manat borcun və ödənilmiş 79.30 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 007L**********72 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 007R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində illik faiz dərəcəsi 26% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən hər ay 264.00 manat, sonuncu ay xx.xx.2026-cı il tarixində isə 269.70 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan köçürmə sənədindən görünür ki, Cavabdeh1 **********226258 nömrəli hesabına 6500 manat məbləğində pul köçürülmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 və zamin qismində Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək uzunmüddətli kredit və təminat müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Eyni zamanda müqavilənin 11.4cü bəndinə əsasən zaminlər kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh götürdüyü kredit məbləğindən 007R********** nömrəli razılaşma üzrə cəmi 1217.92 manat ödəniş etmiş və onun ödənilməmiş 5282.08 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 həmin tarixə 007R********** saylı razılaşma üzrə 5282.08 manat əsas, 523.23 manat faiz və 148 gün gecikdirilmə üçün hesablanmış 122.14 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixində cavebdehlərə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma, ödəniş planı, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 007R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində illik faiz dərəcəsi 26% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 manat kredit cavabdehə verilmişdir. Məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə qeyd edir ki, cavabdeh iddia tələbi ilə bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmişdir, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçının 007R********** saylı razılaşma üzrə 5282.08 manat əsas, 523.23 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin müvafiq olaraq “122.14 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh1 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 5282.08 manat əsas bоrc, 523.23 manat faiz bоrcu və 50 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 79.30 manat dövlət rüsumu tələb edilsə də, iddia tələbinə uyğun ödənilməli dövlət rüsumu 79.28 manat təşkil edir. Belə ki, iddia əsas borca və faiz borcuna münasibətdə təmin edildiyindən 79.28 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.02 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 007R********** saylı razılaşma üzrə 5282.08 manat əsas borc, 523.23 manat faiz borcu, 50 manat cərimə borcu, və 79.28 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar