Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-14/2020 24.01.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “2726,96 manat artıq ödənilmiş pul və 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında milli valyutada cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyatlarının aparılması üçün xx.xx.2017-ci il tarixdə fərdi sahibkar üçün cari bank hesabının açılması haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ******************** nörməli kart hesabı açılmışdır. Cavabdeh xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə kartda olan texniki problem nəticəsində 4126,60 manat artıq pul vəsaitini kartdan çıxarmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin bank hesabından çıxarışdan və arayışdan müəyyən olunur ki, cavabdeh tərəfindən bank hesabından çıxarılmış məbləğdən 1749,64 manat pul geri qaytarılmış və onun hazırda 2376,96 manat borcu mövcuddur. İddiaçı tərəfindən artıq ödənilmiş pulun qaytarılması ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq pul məbləği tam ödənilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bankın Şəki filialı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli "cari bank hesabı haqqında” müqaviləyə əsasən cavabdehə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ******************** nömrəli kart hesabı açılmışdır. Bank üzərinə düşən pul öhdəliyini vaxtında icra edərək cavabdehin hesabına daxil olan vəsaitləri vaxtı-vaxtında cavabdehin istifadəsinə vermiş, lakin xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasında bankın avtomatlaşdırılmış əməliyyat sitemində baş vermiş texniki xəta nəticəsində cavabdehin hesabına ona aid olmayan kənar vəsait köçürülmüş, cavabdeh sistemdə baş vermiş nasazlıq halından sui-istifadə edərək ona aid olmayan vəsaiti çıxarmağa nail olmuşdur. Məsələ ilə bağlı cavabdehlə əlaqə saxlanmış, artıq ödənilmiş pulun geri qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu artıq ödənilən pulun geri qaytarılmasını tam təmin etməmişdir. Hazırda cavabdehin banka 2376,96 manat məbləğində borcu mövcuddur. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraf edərək bildirdi ki, hesabına köçürülən vəsaitin texniki səhv nəticəsində köçürülməsini bilməmişdir. Ona edilən müraciətdən sonra götürdüyü pulun bir hissəsini ödəmişdir. Hazırda da ayda 50 manat ödəyir. Yerdə qalan borcunu da etiraf edir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, hesabdan çıxarış, xəbərdarlıq, cavabdehin ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... (Mülki Məcəllə maddə - 1091.1, 1091.2, 1092.1) Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında milli valyutada cari hesabın açılması və müştərinin tapşırığı ilə bank əməliyatlarının aparılması üçün xx.xx.2017-ci il tarixdə fərdi sahibkar üçün cari bank hesabının açılması haqqında müqavilə bağlanmış və cavabdehə (müştəriyə) ******************** nörməli kart hesabı açılmışdır. Cavabdeh xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə kartda olan texniki problemlə nəticəsində heç bir hüquqi əsas olmadan 4126,60 manat artıq pul vəsaitini bank hesabından çıxartmış və nəticədə əsassız varlanmışdır. Həmin vəsaitin bir hissəsi, yəni 1749,64 manatı geri qaytarılsa da qalan 2376,96 manat hissəsi banka geri qaytarılmamışdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, hesabına köçürülən vəsaitin texniki səhv nəticəsində köçürülməsini bilməmişdir. Ona edilən müraciətdən sonra götürdüyü pulun bir hissəsini ödəmişdir. Hazırda da ayda 50 manat ödəyir. Yerdə qalan borcunu da etiraf edir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən olunan hallar cavabdeh tərəfindən mübahisələndirilmir və sonuncu borcunu etiraf edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunan hallara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı 2726,96 manat artıq ödənilmiş pulun cavabdehdən tutulmasını iddia etsə də məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən iddiaçıya müəyyən məbləğdə pul vəsaiti ödənilmiş və sonuncunun iddiaçının tələb etdiyi məbləğdə deyil 2376,96 manat borcu mövcuddur. Bu səbəbdən də məhkəmə hesab edir ki, 2376,96 manat pul cavabdehdən tutulmalı, iddia qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 2376,96 manat borc, 30,40 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-14/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-14/2020
24.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver