Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-14/2023 02.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “22 iyun 2016-cı il tarixli X1 Kreditlər Üzrə 05/112 nömrəli Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 22 iyun 2016-cı il tarixli 01 nömrəli Əlavəsinə əsasən 998771,70 manat əsas, 55352,41 manat faiz borcu və 5341,39 manat cərimə borcu olmaqla cəmi 1059465,50 manat borc, məhkəməyə müraciət üçün ödənilmiş 921,11 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 41,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi, tələbin qeyd olunan kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Ağsu şəhəri Koroğlu küçəsi dalan 1,1 ünvanında yerləşən 5,444 hektardan ibarət torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra torpaq sahəsinin məcburi qaydada tam boşaldılması və satışdan əldə olunacaq vəsait tələbin ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı ASC-nin 28 may filialı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 05/112 nömrəli X1 kreditlər üzrə ümumu müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 22 iyun 2016-cı il tarixli 01 nömrəli Əlavəsinə əsasən bank tərəfindən cəmiyyətə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Ağsu şəhərində 2 ha torpaq sahəsində müasir tipli polietilen örtüklü istixananın tikintisi məqsədilə istifadə müddəti 10 il olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % (gələcəkdə manatın ABŞ dollarına nisbətdə dəyəri 1,1 manatan 1,2 manatdək olarsa kreditin ilkin faiz dərəcəsinə 3%, 1,2 manatdan 1,35 manatadək olarsa kreditin ilkin faiz dərəcəsinə 5%, 1,35 manatdan 1,45 manatadək olarsa kreditin ilkin faiz dərəcəsinə 7%, 1,45 manatdan çox olarsa artan hər 10 qəpiyə görə kreditin faiz dərəcəsinə 3% əlavə ediləcəkdir) faiz borcu və kreditin qaytarılma müddətləri pozulduqda əlavə 5 % cərimə borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin (əsas və faiz borcu) tam ödənilməsi üçün yetərli olmayan vəsait ilk olaraq cərimə faizlər (olduğu təqdirdə), ikinci növbədə ödəniş cədvəlində qeyd olunan tarixə hesablanmış, lakin ödənilməmiş faizlər, sonra gecikmiş əsas borc (olduğu təqdirdə), daha sonra isə əsas borcun ödənilməsinə yönəldilir. Kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh ASC-nin mülkiyyətində olan Ağsu şəhəri Koroğlu küçəsi dalan 1,1 ünvanında yerləşən 5,444 hektardan ibarət torpaq sahəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə ödənilməmiş borcu qalmışdır. İddiaçı bank cavabdehin ödənilməmiş 998771,70 manat əsas, 55352,41 manat faiz borcu və 5341,39 manat cərimə borcunun ödənilməsi, borcun ipoteka predmeti olan torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan qətnamənin ümumi qaydada icra edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyi və xx.xx.2023-cü il tarixli 26-839/22-23 nömrəli məktuba əsasən ipoteka predmeti olan Ağsu şəhəri Koroğlu küçəsi dalan 1,1 ünvanında yerləşən 5,444 hektardan ibarət torpaq sahəsinin likvid dəyəri 272200 manat müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7121 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu ******* manat, faiz borcu 59582,72 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 22 iyun 2016-cı ildə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ASC-yə ******* manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi cavabdehin mülkiyyətində olan torpaq sahəsi bank tərəfindən ipotekada saxlanılmışdır. Daha sonra cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və hazırki mübahisə yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqaviləsi, Bildiriş, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Hesabdan çıxarış, mütəxəssis rəyi, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin əsas və faiz borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin 28 may filialı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 05/112 nömrəli X1 kreditlər üzrə ümumu müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 22 iyun 2016-cı il tarixli 01 nömrəli Əlavəsinə əsasən bank tərəfindən cəmiyyətə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Ağsu şəhərində 2 ha torpaq sahəsində müasir tipli polietilen örtüklü istixananın tikintisi məqsədilə istifadə müddəti 10 il olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % (gələcəkdə manatın ABŞ dollarına nisbətdə dəyəri 1,1 manatan 1,2 manatdək olarsa kreditin ilkin faiz dərəcəsinə 3%, 1,2 manatdan 1,35 manatadək olarsa kreditin ilkin faiz dərəcəsinə 5%, 1,35 manatdan 1,45 manatadək olarsa kreditin ilkin faiz dərəcəsinə 7%, 1,45 manatdan çox olarsa artan hər 10 qəpiyə görə kreditin faiz dərəcəsinə 3% əlavə ediləcəkdir) faiz borcu və kreditin qaytarılma müddətləri pozulduqda əlavə 5 % cərimə borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7121 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu ******* manat, faiz borcu 59582,72 manat təşkil edir. Ekspert rəyi ilə müəyyən edilən məbləğ iddiaçının tələbindən artıq olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində 998771,70 manat əsas borc və əsas borca hesablanmış 55352,41 manat faiz borcu cavabdehdən tutularaq ödənilməlidir. Məhkəmə 5341,39 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, cərimənin artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 5341,39 manat deyil, 2500 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “tutmanın cavabdehin mülkiyyətində olan Ağsu şəhəri Koroğlu küçəsi dalan 1,1 ünvanında yerləşən 5,444 hektardan ibarət torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Ağsu şəhəri Koroğlu küçəsi dalan 1,1 ünvanında yerləşən 5,444 hektardan ibarət torpaq sahəsinin likvid dəyəri 272200 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən torpaq sahəsinin ilkin satış dəyəri 272200 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin ümumi qaydada icra edilməsi, habelə əmlak satıldıqdan sonra torpaq sahəsinin məcburi qaydada tam boşaldılması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissələrdə rədd edilməlidir. Bundan başqa əmlak satıldıqdan sonra torpaq sahəsinin boşaldılması tələbini irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, bu hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 300 manat pul, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 200 manat xərc cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41,50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən iddianın qiymətinə əsasən (1059465,50 manat) ödənilməli dövlət rüsumu 1313,73 manat olmalıdır. İddia tələbi əsas və faiz borclarına münasibətdə təmin edildiyindən və iddiaçı tərəfindən dövlət büdcəsinə 919,73 manat dövlət rüsumu ödənildiyindən, həmin dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, qalan 400 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 998771,70 manat manat əsas borc, 55352,41 manat faiz borcu, 2500 manat cərimə borcu, 400 manat mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 41,50 manat rüsum və 919,73 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh ASC-nin mülkiyyətində olan Ağsu şəhəri Koroğlu küçəsi dalan 1,1 ünvanında yerləşən 5,444 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmeti olan Ağsu şəhəri Koroğlu küçəsi dalan 1,1 ünvanında yerləşən 5,444 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 272200 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh ASC-nin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 400 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pul Cavabdeh ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 200 manat ekspertiza xərci Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-14/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-14/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver