Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1421/2023 19.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı ”xxxx” QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən 5633,53 manat əsas, 917,22 manat faiz, 282,8 manat cərimə olmaqla 6833,55 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ”xxxx” QSC cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən 5633,53 manat əsas, 917,22 manat faiz, 282,8 manat cərimə olmaqla 6833,55 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin çatdırılma ilə bağlı tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, pretenziya məktubunun iş üzrə digər cavabdehlər olan Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çatdırılmasını (cavabdehin elektron kabinetində yerləşdirilməsini, cavabdehin elektron kabineti olmadıqda poçt vasitəsilə çatdırılmasını) təmin etməlidir. Lakin iddiaçı tərəfindən qanunvericiliyin qeyd edilən tələbinə riayət edilməmişdir. Belə ki, hazırki iş üzrə iş materiallarından müəyyən olunduğu kimi iddiaçı ünvanda yaşayış olmaması və cavabdehlərin köçməsi səbəbindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin çatdırılması ilə bağlı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktları məhkəməyə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli aktda iddiaçı tərəfindən poçt vasitəsilə Cavabdeh3 ünvanı üzrə məktub göndərilmiş, lakin həmin ünvanda yaşayış olmadığından məktubun geri qaytarılması qeyd edilmişdir. Digər xx.xx.2023-cü il tarixli aktlarda iddiaçı tərəfindən poçt vasitəsilə cavabdehlərin (Cavabdeh4, Cavabdeh2) ünvanları üzrə məktub göndərilmiş, lakin cavabehlərin həmin ünvanlardan köçməsi səbəbindən geri qaytarılmışdır. Məhkəmə iddiaçının təqdim etdiyi həmin aktlara münasibətdə qeyd edir ki, təqdim edilən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda qeyd edilən səbəblərdən göndərilən sənədlərin təqdim olunmamasının mümkün olmaması iddiaçını iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qeyd edilən cavabdehlərə çatdırılması vəzifəsindən azad etmir. Belə ki, kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə, həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qeyd edilən cavabdehlərə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması təmin edilməyib cavabdehin məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehlərin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırılmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdim etməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Hazırki vəziyyətdə iddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin 150.1.4 maddəsinin tələblərini yerinə yetirilməmişdir ki, bu hallar da iddia ərizəsinin geri qaytarılması üçün əsaslardandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehlərə çatdırılması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır Bundan başqa Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Hazırki iş üzrə iddiaçı cavabdehlərin, o cümlədən Lacın rayonu Alxaslı kəndində qeydiyyatda olan Cavabdeh3 faktiki ünvanları barədə məhkəməyə məlumat verməmiş və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir ki, Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ”xxxx” QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən 5633,53 manat əsas, 917,22 manat faiz, 282,8 manat cərimə olmaqla 6833,55 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1421/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1421/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver