Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1434/2024 20.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 19571.78 manat məbləğində kredit borcu, 2575.65 manat məbləğində faiz borcu və 1344.86 manat cərimə borcu olmaqla ümumilikdə 23492.29 manat məbləğində borcun və ödənilmiş 162 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 19571.78 manat məbləğində kredit borcu, 2575.65 manat məbləğində faiz borcu və 1344.86 manat cərimə borcu olmaqla ümumilikdə 23492.29 manat məbləğində borcun və ödənilmiş 162 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 20.5% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kredit verən razılaşdırılmış məbləğdə krediti kredit alana verməyi, kredit alan isə müqaviləyə uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 6.12-ci bəndinə əsasən zamin (Cavabdeh2) müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin nəğd pul krediti hissəsinin 1.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0.50 manatdan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə gecikdirilmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilir. İş materialları kimi məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1122.57 manat, sonuncu ay olan xx.xx.2025-ci il tarixində isə 1136.53 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Əlavə olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, 30000 manat vəsait Cavabdeh1 AZ62JBBK**********7880736A87 nömrəli hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 19571.78 manat əsas, 2575.65 manat faiz və 1344.86 manat cərimə borcu mövcuddur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, əsas borcunu qəbul edir, cərimə borcunun silinməsində köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə qeyd edilən cavabdehin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışı, ödəniş planı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 20.5% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 6.12-ci bəndinə əsasən zamin (Cavabdeh2) müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. Cavabdeh tərəfindən müəyyən ödənişlər olunmuş lakin öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Bu səbəbdən cavabdehin ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 19571.78 manat əsas, 2575.65 manat faiz və 1344.86 manat cərimə borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 19571.78 manat əsas, 2575.65 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında borcunu qəbul etmiş və hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iddia tələbinin “1344.86 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin nəğd pul krediti hissəsinin 1.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0.50 manatdan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə gecikdirilmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 400 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödəmiş olduğu 162 manat dövlət rüsumunu tələb etsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumu 160.48 manat təşkil edir. İddia qismən təmin edilsə də əsas borca münasibətdə təmin edildiyindən 160.48 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməli, artıq ödənilmiş 1.52 manat iddiaçıya aid edilsin.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19571.78 manat məbləğində kredit borcu, 2575.65 manat məbləğində faiz borcu, 400 manat cərimə borcu, cəmi 22 547,43 manat və 160.48 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov