Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-144/2022 15.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 14500 manat əsas borc, 2655,81 manat faiz borcu, 1503,17 manat cərimə və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2816,01 manat borcun, cəmi 21474,99 AZN məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutulması, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus ünvan 1-də yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qarşı “Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 14500 manat əsas borc, 2655,81 manat faiz borcu, 1503,17 manat cərimə və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2816,01 manat borcun, cəmi 21474,99 AZN məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutulması, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus ünvan 1-də yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 22.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 1 24.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən 17.01.2022-ci il də 150 AZN, 29.12.2021-ci ildə 200 AZN, 24.01.2019-cu ildə 70 AZN, 23.06.2017-ci ildə 200 AZN, 30.08.2016-cı ildə 200 AZN, 28.06.2015-ci ildə 250 AZN ödənişlər edilmişdir. Odur ki, iddia müddəti ötürülmədiyindən həmin ərizənin rədd edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 27.11.2014-cü il tarixli 448/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan Cavabdeh3 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. 27.11.2014-cü il tarixli 448/14/SKMF nömrəli ipoteka müqaviləsindən görünür ki, 27.11.2014-cü il tarixli 448/14/SKMF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq ünvan 1-də yerləşən fərdi yaşayış evi qəbul olunmuşdur. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, ünvan 1-də yerləşən fərdi yaşayış evi (0,07 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh4 məxsusdur və həmin daşınmaz əmlak İddiaçı ASC-nin İsmayıllı filialının xeyrinə yüklü edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan ünvan 1-də yerləşən fərdi yaşayış evinin (0,07 ha torpaq sahəsi ilə birlikdə) 25.02.2022-ci il tarixə likvid dəyəri 48000 manat müəyyən edilmişdir. 27.11.2014-cü il tarixli 0448/14/01/SKMF və 0448/14/02/SKMF nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 27.11.2014-cü il tarixli 448/14/SKMF nömrəli kredit müqaviləsi üzrə zamindirlər. 16.12.2016-29.11.2021-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 tərəfindən 23.05.2017-ci ildə 200 manat, 24.01.2019-cu il tarixdə isə 70 manat ödəniş edilmişdir. İddiaçı ASC-nin 26.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh3 27.11.2014-cü il tarixli 448/14/SKMF nömrəli kredit müqaviləsi üzrə 14500 manat məbləğində borcu vardır. 01.08.2019-24.02.2022-ci illəri əhatə edən Ş.Sadiqovanın hesabdan çıxarışından görünür ki, Cavabdeh3 tərəfindən kredit üzrə 29.12.2021-ci ildə 200 manat və 17.01.2022ci ildə 150 manat olmaqla, ümumilikdə 350 manat ödəniş edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin müştəri məlumatlarından görünür ki, 24.02.2022-ci il tarixə Cavabdeh3 14150 manat əsas borcu mövcuddur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə, Cavabdeh3 teleqramla məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: 27.11.2014cü il tarixli 448/14/SKMF nömrəli kredit və ipoteka müqavilələri, 27.11.2014-cü il tarixli 0448/14/01/SKMF və 0448/14/02/SKMF nömrəli zaminlik müqavilələri, DƏDRX-in çıxarışları, maliyyə arayışı, ödəniş cədvəli, hesabdan çıxarışlar, ekspertiza rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflər arasında yaranmış mübahisənin araşdırılması zamnaı müəyyən etmişdir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn mübahisə yaranmışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27.11.2014-cü il tarixli 448/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan Cavabdeh3 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka predmeti olaraq ünvan 1-də yerləşən fərdi yaşayış evi qəbul olunmuşdur. Həmçinin, iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27.11.2014-cü il tarixli 0448/14/01/SKMF və 0448/14/02/SKMF nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə zamin durmuşlar. İddia tələbinin əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borc pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra MM) maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə əvvəlcə Cavabdeh3 22.02.2022-ci il tarixli “İddia müddətinin tətbiqi barədə” ərizəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddət 36 ay yəni 3 illik müddət 27.11.2017-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdeh3 həmin müqavilənin qüvvədə olma müddəti bitən 27.11.2017-ci il tarixdən sonra 24.01.2019-cu il tarixdə 70 manat, 29.12.2021-ci il tarixdə 200 manat və sonuncu dəfə 17.01.2022-ci il tarixdə 150 manat ödəniş etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən edilən ödənişlər nəzərə alındığı təqdirdə iddia tələbi üzrə iddia müddəti keçməmişdir. Lakin, iddiaçı 26.10.2021-ci il tarixli maliyyə arayışına əsasən 14500 manat əsas borcun mövcud olduğunu iddia etsə də, iş materiallarına əlavə edilmiş 01.08.2019- 24.02.2022-ci illəri əhatə edən Ş.Sadiqovanın hesabdan çıxarışından görünür ki, 29.12.2021-ci ildə 200 manat və 17.01.2022-ci ildə 150 manat olmaqla, ümumilikdə 350 manat ödəniş edilmişdir. Eyni zamanda, bu fakt iş materiallarında LPO iddiaçı ASC-nin kreditlər üzrə 27.11.2017-ci il tarixdən 24.02.2022-ci il tarixə olan dövriyyə barədə sənədində əsas borc 14150 manat olması təsdiq edilir. Bu səbəbdən iddiaçı Cavabdeh3 14150 manat məbləğində əsas borcun tutularaq İddiaçı ASC-yə ödənilməsini tələb etməkdə haqlı olduğundan, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 2655,81 manat faiz borcu, 1503,17 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2816,01 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borcların başa düşülür. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir. Eyni zamanda Fərmanın 8.6-cı bəndində müəyyən edilən borcun ödənilməsi 360 gündən çox gecikdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 2655,81 manat faiz borcu, 1503,17 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 2816,01 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Bundan başqa, məhkəmə borcun zaminlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin "iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı kredit müqaviləsinin 2.1-ci bəndindən müəyyən edilmişdir ki, müqavilə üzrə bank 36 ay müddətinə qaytarmaq şərtilə borcalan Cavabdeh3 14500 manat məbləğində krediti verməyi, borcalan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürümüşdür. Müqavilənin 5.11-ci bəndində isə göstərilmişdir ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə üzrə kredit, ona hesablanmış faiz borcu, cərimə faizləri və dəbbə pulu tam ödənildikdən sonra öz qüvvəsini itirir. 27.11.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən bu müqavilə borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür. 4.7-ci bəndində isə göstərilmişdir ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edildikdən sonra bu müqavilə öz qüvvəsini itirir. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh3 arasında 27.11.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. 27.11.2014-cü il tarixdən etibarən kredit müqaviləsinin müddəti 27.11.2017-ci il tarixdə bitmişdir. Eyni zamanda, 27.11.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, müqaviləsinin 4.2-ci bəndində müqavilənin borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşməsinə dair müqavilə şərti qeyrimüəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Belə ki, bəlli olduğu kimi mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biri də tərəflərin intizamlandırılmasıdır. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsinə yönəlmişdir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin mövcud olduğu halda hazırkı mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qanunun tələblərinə ziddir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti 27.11.2017-ci il tarixdə bitmiş və zaminliyə xitam verilmişdir. Hətta konkret müddət olması müəyyən edilməsə belə Qanunda nəzərdə tutulan 1 illik müddət də bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə 28.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək zaminlərə qarşı iddia tələbini irəli sürmüşdür ki, bununla da qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Cavabdeh4 məxsus ünvan 1-də yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh3 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh4 məxsus ünvan 1-də yerləşən fərdi yaşayış evinin (0,07 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 48000 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən alınmış fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən fərdi yaşayış evinin ilkin satış dəyəri 48000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh3 tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd dilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Bu isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdeh Şəfiqə Saqıdovadan 132,45 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh3 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 200 manat pul iddiaçı və Cavabdeh3 bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh3 14150 (on dörd min bir yüz əlli) manat əsas borc, 200 (iki yüz) manat mediasiya xərci tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh4 məxsus ünvan 1-də yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin. İpoteka predmeti olan ünvan 1-də yerləşən fərdi yaşayış evinin (0,07 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış üçün likvid dəyəri 48000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh3 ləğv posesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. Cavabdeh3 132,45 (bir yüz otuz iki manat qırx beş qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödnilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı ASC-dən və 100 manatı Cavabdeh3 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA400 ********* 0000 0000, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-144/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-144/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver