Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1440/2024 19.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məhərrəmli Aynur Əfqan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2019-cu il tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə 12670 manat borcun və 128.01 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İcarəyəverən "xxxx" ASC-nin adından etibarnamə əsasında "xxxx" MMC ilə icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən müqavilənin 1.3-cü bəndində göstərilən sahəni icarəçiyə ofis kimi istifadə üçün verir, icarəçi isə icarə obyektini ona zərər vurmadan icarəyə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti icarəçiyə 11 ay müddətinə icarəyə verilir. İcarə obyekti icarəçiyə təhvil veriləndən sonra icarəçi icarəyə verənə icarə obyektinin hər kvadrat metrinə görə 25.15 manat olmaqla, aylıq 1569.75 manat icarə haqqı və aylıq 14 manat kommunal xidmət haqqı ödəyir. 3.4.1-ci bəndinə əsasən icarə haqqı hər cari ayın 5-dən gec olmayaraq müqavilədə göstərilmiş bank hesabına vergi-hesab fakturasına əsasən bank köçürməsi yolu ilə ödənilməlidir. Tərəflər arasında imzalanmış sazişə əsasən, xx.xx.2019-cu il tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 01 sentyabr 2020-ci il tarixli sazişlə tərəflər qarşılıqlı razılığa gələrək xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Sazişə görə icarəçi icarə obyektini xx.xx.2020-ci il tarixədək təhvil verəcəyini bəyan etmişdir. Tərəflər arasında tərtib edilmiş üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixə cavabdehə icarəyə verilmiş obyektin ödənilməli icarə haqqı borcu 19005,21 manat təşkil edir. Həmin üzləşmə aktı hər iki tərəfin imza və möhürləri ilə təsdiq olunmuş, lakin üzləşmə aktında 19005,21 manat borcun cavabdehin hansı müqavilə və ya öhdəliyinin nəticəsində yaranmasına dair qeyd mövcud deyildir. İddiaçı öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan inzibati binada 65 kvadrat metrdən ibarət sahəni icarəçi olan cavabdehin istifadəsinə vermiş, sonuncu obyektdən istifadə etməsinə baxmayaraq müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqı məbləğini və kommunal xərcləri ödəməmişdir. Bu səbəbdən hazırkı müqavilə üzrə ödənilməmiş öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaimə-fakturalar verilmiş, cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu ilə müraciət edilmiş borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 iyul 2023-cü il tarixli 145 nömrəli sərəncamına əsasən "xxxx" MMC Cavabdeh MMC adlandırılmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra - İddiaçı) ilə "xxxx" MMC (bundan sonra – Cavabdeh) arasında xx.xx.2019-cu il tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan inzibati binada 65 kvadrat metrdən ibarət sahəni - 11 ay müddətinə icarəyə götürməyi və aylıq ƏDV daxil 1569.75 manat icarə haqqını və aylıq ƏDV daxil 14 manat təşkil edən kommunal xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan İcarə müqaviləsinin ləğvinə dair Sazişə əsasən xx.xx.2019-cu il tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 01 sentyabr 2020-ci il tarixli sazişlə tərəflər qarşılıqlı razılığa gələrək xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Cavabdehin müqavilə üzrə ödənilməyən 12670 manat borcu qalmış, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. Bu səbəbdən hazırkı tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixində iddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi, xx.xx.2020-ci il tarixli sazişlə ləğv edilmişdir. Bununla iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz məhkəməyə təqdim edilmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2020-ci il tarixli sazişlə ləğv edilsə də, xx.xx.2022-ci il tarixində borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin akt cavabdeh tərəfindən imzalanmışdır. Bu səbəbdən də iddia müddətinin tətbiqinə dair ərizənin əsassız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan mübahisəli məqamların dəqiqləşdirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində iddiaçıya sorğu ünvanlanmış və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktındakı məbləğin hansı icarə müqaviləsi üzrə tərtib edilməsi barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. İddiaçı tərəf məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirimişdir ki, tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktındakı 19005.21 manat məbləğ, xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli icarə müqavilələri üzrə ödənilməmiş borcun təminatı kimi tərtib edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasının qərarına əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında CavabdehMMC-nin nümayəndəsi bildirmişdir ki, iddiaçıdan qeyd edilən qeyri-yaşayış sahəsi icarəyə götürülmüşdür. İddiaçının müraciəti əsasında Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilərək 6335,34 manat məbləğində pulun cavabdehdən tutulması barədə qərar qəbul edilmişdir. Həmin borc ödənilmişdir. Hazırkı tələb üzrə iddia müddəti ötürülmüşdür. Ona görə iddianın rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin icarə haqqı borcu yaranmış, borc müqaviləyə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddət üçün hesablanmışdır. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsassız hesab edir. Belə ki, tərəflər arasında borcla bağlı üzləşmə aktı imzalanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, iddia tələbinin onun təmsil etdiyi təşkilatın maraqlarına birbaşa təsir etməyindən mahiyyəti üzrə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında cavabdeh nümayəndənin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış icarə müqaviləsi, müqavilənin ləğvinə dair saziş, elektron qaiməfakturalar, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 700.1, 700.2. 710.1. 710.3). Bundan başqa Mülki Məcəllənin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə 12670 manat borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi icarəyəverən "xxxx" ASC-nin adından etibarnamə əsasında "xxxx" MMC ilə icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən müqavilənin 1.3-cü bəndində göstərilən sahəni icarəçiyə ofis kimi istifadə üçün verir, icarəçi isə icarə obyektini ona zərər vurmadan icarəyə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti icarəçiyə 11 ay müddətinə icarəyə verilir. İcarə obyekti icarəçiyə təhvil veriləndən sonra icarəçi icarəyə verənə icarə obyektinin hər kvadrat metrinə görə 25.15 manat olmaqla, aylıq 1569.75 manat icarə haqqı və aylıq 14 manat kommunal xidmət haqqı ödəyir. Tərəflər arasında imzalanmış sazişə əsasən, xx.xx.2019-cu il tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 01 sentyabr 2020-ci il tarixli sazişlə tərəflər qarşılıqlı razılığa gələrək xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Sazişə görə icarəçi icarə obyektini xx.xx.2020-ci il tarixədək təhvil verəcəyini bəyan etmişdir ki, bundan sonra da cavabdeh tərəfindən borcun ödənilməsinə yönəlmiş hər hansısa hərəkət edilməmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan mübahisəli məqamların dəqiqləşdirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində iddiaçıya sorğu ünvanlanmış və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktındakı məbləğin hansı icarə müqaviləsi üzrə tərtib edilməsi barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. İddiaçı tərəf məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirimişdir ki, tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktındakı 19005.21 manat məbləğ, xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli icarə müqavilələri üzrə ödənilməmiş borcun təminatı kimi tərtib edilmişdir. Məhkəmə tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktına münasibətdə qeyd edir ki, həmin aktda göstərilmiş 19005.21 manat məbləğ iki icarə müqaviləsi üzrə yaranmış borcla bağlı tərtib edilmişdir. Eyni zamanda Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən də göründüyü kimi xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 6335.34 manat borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Buradan bu nəticəyə gəlinir ki, cavabdehin hər iki icarə müqaviləsi üzrə cəmi 19005.21 manat borcu olmuş və həmin borcun 6335.34 manatlıq hissəsi xx.xx.2021-ci il tarixli müqaviləyə aid edilmişdir. Bununla da, 19005 – 6335 = 12670 manat) cavabdehin hazırki müqavilə üzrə 12670 manat borcunun olduğu təsdiq olunur. Qüvvədə olan Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində müəyyən edilmişdir ki, iddiaçı borcun xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında yarandığını iddia etsə də məhkəmə araşdırması zamanı cavabdehə təqdim edilmiş elektron qaimə-fakturaların məzmunundan müəyyən edilmişdir ki, tərəflər arasında eyni zamanda xx.xx.2019-cu il tarixdə ********** nömrəli icarə müqaviləsi bağlanmışdır. Hazırkı vəziyyətdə iddiaçı xx.xx.2019-cu il tarixdə ********** nömrəli icarə müqaviləsini məhkəməyə təqdim etməmiş və iddia ərizəsinin əsaslandırmasında həmin müqailəyə istinad etməyərək borcun məhz xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında yarandığını iddia edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqı 19005,21 manat deyil, 6275,34 manat təşkil edir. Bundan başqa məhkəmə iddiaçının təqdim etdiyi xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli elektron qaiməfakturalara münasibətdə qeyd edir ki, həmin elektron qaimə-fakturalardan göründüyü kimi cəmi ödənilməli icarə haqqı kommunal xərclərlə birlikdə 1583.75 manat təşkil edir (14 + 1569.75 = 1583.75). Cavabdeh tərəfindən qaimələrdə göstərilən 8 ay ərzində heç bir ödəniş edilmədiyindən cavabdehin hazırkı dövrə cəmi 12670 manat borcu olduğu müəyyən olunur. (8 x 1583.75 = 12670). Bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixində iddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi, xx.xx.2020-ci il tarixli sazişlə ləğv edilmişdir. Bununla iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə iddia müddətinin ötürülməsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2020-ci il tarixli sazişlə ləğv edilsə də, xx.xx.2022-ci il tarixində borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin akt cavabdeh tərəfindən imzalanmışdır. Buradan da göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət ötürülməmişdir. Cavabdeh tərəf borcu etiraf edən hərəkət yəni xx.xx.2022-ci il tarixdə hər iki icarə müqaviləsi üzrə ümumi borcun olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi cavabdeh tərəfindən elektron-qaimələr üzrə heç bir ödəniş edilməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən icarə haqqının ödənişi ilə bağlı hər hansı bir arqument irəli sürmədiyindən cavabdehin ödənilməmiş 12670 manat borcu qalmışdır. Qeyd edilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 128.01 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 10-İC-AX-19 nömrəli icarə müqaviləsi üzrə 12670 manat məbləğində borc, 128.01 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1440/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1440/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver