Məhkəmə qərarları › İş №e-2-2(117)-1449/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1449/2022

26.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1449/2022 26.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 013020 nömrəli akt nəticəsində hesablanmış 1299 manat borcun iddiaçının **********0 nömrəli abonent hesabından silinməsi və mediasiya üçün ödənilmiş 60 manat pulun tutulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2022-ci il tarixli 013020 nömrəli akt nəticəsində hesablanmış 1299 manat borcun iddiaçının **********0 nömrəli abonent hesabından silinməsi və mediasiya üçün ödənilmiş 60 manat pulun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehin nümayəndələri onun adına olan obyektə baxış keçirib akt tərtib etmişlər, aktı iyulun ayının 4-də tərtib etmişlər, lakin, sonradan aktın tarixini iyulun 5-i kimi qeyd etmişlər. Aktı əsassız hesab edir, cavabdehin əməkdaşları sayğacı sındırmış, sonradan sayğacı dəyişmişlər. Obyekt bir müddət işləməmiş, işləmədiyi müddətlərdə çox az enerji sərfiyyatı olmuşdur. Buna dair qəbzləri məhkəməyə təqdim etmişdir. Sayğacdan bir saatda keçən enerji 1,3 kvt-dır. Cavabdehin əməkdaşlarının hesabladığı borc isə həqiqəti əks etdirmir. İddiaçı həmçinin bildirmişdir ki, yoxlama aparılan vaxt obyekti X3 icarəyə vermişdir. Odur ki, yoxlama aparılan zaman obyektin sahibi kimi onun adı qeyd edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. xx.xx.2022-ci il tarixli 013020 nömrəli Aktdan görünür ki, baxış zamanı məlum olmuşdur ki, sayğacın dövlət və alt qapaq möhürlərində müdacxilə izləri müşahidə olunmuşdur. Sayğac sxemindən keçən yükü düzgün qeyd etmir. Xətdən axan yük 1,33 kv.t, naqilin ön kəsiyinin sahəsi İ=2x10 mm2, İşə əlavə edilmiş bildirişdən görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 9,24 manat sərfiyyat olmuşdur və 1315,21 manat borc mövcuddur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli İcra vərəqindən görünür ki, sayğacda baş vermiş qüsurlarla bağlı itirilmiş enerji sərfiyyatı (11kvt x 12 saat x 90 gün) - 66 kvts = 11814 kvts kimi hesablamış və 0,11 manat tarifi ilə 12999,54 manat borc hesablanmışdır. İşə əlavə edilmiş abunə haqqında çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 9,24 manat, xx.xx.2022-ci il tarixdə 11,66 manat, xx.xx.2022-ci il tarixdə 5,50 manat enerji sərfiyyatına görə borc hesablanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X2 filialının məktubunun məzmunundan görünür ki, naməlum 11 kvt qeyd olunmaqla 90 günlük hesabat aparılmış və itirilmiş enerjinin miqdarı 11814 kvts, dəyəri 1299,54 manat hesablanmışdır. Lakin abonentin araşdırmada iştirakı barədə akt-protokolda müvafiq qeyd aparılmamış, həmçinin yol verilmiş pozuntunun qeydə alınması haqqında foto və ya videoçəkiliş təqdim edilməmişdir. Həmçinin, elektrik qəbul edicilərin gücü göstərilməli olduğu halda qeyd edilməmişdir. İşə əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlayıcı təşkilat "xxxx" ASC olmaql, yoxlamanın müddəti xx.xx.2022-ci il göstərilmiş, sayğaca müdaxilənin müəyyən edilməsi ilə bağlı yoxlama aparılmasına və yoxlanılan sahibkarlıq fəaliyyətinin subyekti qismində X4 qeyd edilməklə icazə verilmişdir. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, X5 xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, fəaliyyəti xx.xx.2022-ci il tarixdən 5 il müddətinə dayandırılmışdır. Vergi orqanlarında vergi ödəyicilərinin uçotuun aparılmasına dair Metodiki Göstərişinə uyğun olaraq vergi ödəyicisinin obyektinin olduğu yer üzrə uçota alınması məqsədi ilə vergi ödəyicisi X1 adına vergi idarəsinin əməkdaşı tərəfindən sərbəst akt tərtib edilərək xx.xx.2022-ci il tarixdə Göyçay şəhəri Nizami küçəsi ilə Atatürk küçəsinin kəsişməsində “Kişi geyimlərinin satışı” adında təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmışdır, vergi ödəyicisinin rəsmi müraciətinə əsasən xx.xx.2022-ci il tarixdə həmin təsərrüfat subyekti (obyekti) ləğv edilmişdir. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2022-ci il tarixli 013020 nömrəli akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Məhkəmə əvvəlcə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışında yoxlamanın müddəti xx.xx.2022-ci il göstərilmiş və yoxlanılan sahibkarlıq fəaliyyətinin subyekti qismində X4 qeyd edilmişdir. Cavabdehin nümayəndələri tərəfindən tərtib edilən NDQ 013020 nömrəli aktda da düzəliş edilərək xx.xx.2022-ci il tarixi xx.xx.2022-ci il tarixinə dəyişdirilmiş və bu məhkəmə tərəfindən yanlış olaraq qiymətləndirilmiş və qanunsuz olduğu qeyd edilir. Lakin bu düzəlişin edilməsi iddiaçının faktiki vəziyyətinin dəyişməsinə səbəb olmamış, iddiaçıya xidmət edən sayğac tərəfindən keçən elektrik yükünü tam qeyd etməməsi faktını dəyişdirmir. Odur ki, məhkəmə tərəfindən qeyd edilən sənədin tarixində düzəliş qanunsuz hərəkət kimi qiymətləndirilir, eyni zamanda məhkəmə tələbə mahiyyəti üzrə hüquqi qiymət verilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): 8.8-ci bəndinə əsasən Enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Enerjitəchizatı müəssisəsinin təqsirindən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacı zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), onun qoşulma sxemi pozulduqda dövlət elektroenergetika müəssisəsi bu elektrik qurğusunun faktiki maksimal yükünə və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində, enerjitəchizatı müəssisəsinə yenidən hesablaşma aparılmalıdır. Hesablaşma elektrik sayğacının normal işinin bərpa olunması enerjitəchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən İddiaçı məxsus qüyri-yaşayış sahəsinin çöl tərəfində quraşdırılmış 1 fazlı hesablaşma elektrik sayğacına baxış keçirilmiş, sayğacın axan yükü düzgün qeyd etmədiyi və möhürlərində müdaxilə izlərinin olması barədə NDQ 013020 nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən obyekt enerji təchizatı müəssisəsində **********0 abonent kodu ilə İddiaçı adına (VÖEN **********) qeydiyyatda olduğu halda, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış X1 adına (VÖEN **********) alınmışdır. Akt tərtib edilərkən elektrik sayğacının çıxışında quraşdırılmış avtomat açarın 40A, xətdən axan yükün isə Pfak=1,3 kvt olmasına baxmayaraq, obyektin elektrik qəbuledicilərinin gücü əsaslandırılmadan 11 kvt qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixində qüsurlu sayğac yenisi ilə əvəz edilmiş və çıxarılan sayğac yoxlanılıb rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya komissiyası tərəfindən sayğacın möhürlərinə və sxeminə müdaxilə olunması barədə rəy verilərək 004891 nömrəli, xx.xx.2022-ci il tarixli akt-protokol tərtib olunmuşdur. Lakin abonentin araşdırmada iştirakı barədə akt-protokolda müvafiq qeyd aparılmamışdır. İcra vərəqinə (hesabat) əsasən məlum olmuşdur ki, naməlum 11 kvt qeyd olunmaqla 90 günlük hesabat aparılmış və itirilmiş enerjinin miqdarı 11814 kvts, dəyəri 1299,54 manat hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş elektrik enerjisindən dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun və bu hal sübuta yetirilsin. Həmçinin, abunə haqqında çıxarışdan görünür ki, sayğacda dəyişiklik olunan vaxtdan sonrakı dövrdə də aylıq maksimum 11-12 manatlıq enerji sərfiyyatı olmuşdur. Məhkəmə qeyd edir ki, Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Cavabdehin əməkdaşları aylıq elektrik enerji sərfiyyatı sayğac dəyişdirildikdən sonra 12 manat məbləğ keçməyən obyektə münasibətdə 3 ay əvvəl üçün 1300 manat həcmində itirilmiş enerjinin dəyərini hesblaması ağılabatan olmamaqla bərabər ədalətli və qanuni deyildir. Belə ki, iddiaçıya münasibətdə Qaydaların tələblərinə uyğun olaraq cavabdeh elektrik qəbuledicilərinin gücü kimi 11 kvt qeyd etməsini əsaslandırmamış, avadanlıqların nədən ibarət olmasını qeyd etməmişdir. Bu faktlar Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X2 filialının yuxarıda qeyd edilən məktubunda da əsas götürülmüşdür. Ona görə də məhkəmə sayğacda faktiki keçən elektrik yükünə (1,3kvt) uyğun itirilmiş enerjinin dəyərinin hesablanmasını qanuni hesab etmişdir. Məhkmə yekun olaraq belə nəticəyə gəlir ki, elektrik enerjisindən istifadəyə görə hesablanmış 1299 manat məbləğində borcun 1144,56 manat məbləğində hissəsi silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə sadə hesablama yolu ilə təqdim edilmiş sübutlar əsasında iddiaçınıın ödəməli olduğu enerji sərfiyyatının məbləğini aşağıdakı kimi hesablamışdır: 1,3 kvt x 12 saat x 90 gün x 0,11 manat = 154,44 manat itirilmiş elektrik enerjinin dəyəri müəyyən edilir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). MPM: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı məhkəməyə müraciət etməmişdən 60 manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı ümumilikdə 3,91 manat, cavabdeh isə 29,08 manat dövlət rüsumunu dövlət büdcəsinə ödəməlidir. Eyni zamanda mediasiya xərcinin 7,11 manat hissəsi iddiaçıya, 52,89 manat hissəsi cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli 013020 nömrəli akt əsasında İddiaçı münasibətdə hesablanmış 1145,10 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehdən 52,89 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddiaçıdan 3,91 manat dövlət rüsumu, cavabdehdən isə 29,08 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar