Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1472/2024 01.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “519.03 manat məbləğində krеdit bоrcu, 52.48 manat məbləğində faiz bоrcu və 21.29 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 592.80 manat məbləğində bоrcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “519.03 manat məbləğində krеdit bоrcu, 52.48 manat məbləğində faiz bоrcu və 21.29 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 592.80 manat məbləğində bоrcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 007L**********18 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti aşılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixli 007R********** saylı kredit razılaşması imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 18 ay müddətində 2.1667% faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1200 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 1.6-cı bəndinə əsasən bank kredit sazişində razılaşdırılmış məbləğdə krediti kredit alana verməyi, kredit alan isə həmin krediti banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.1%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş ödəniş planından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən hər ay 82 manat, sonuncu ay xx.xx.2023-cü il taixində isə 71.66 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, 1200 manat məbləğində pul İddiaçı QSC tərəfindən Cavabdeh **********0901850 nömrəli hesabına köçürülmüşdür. Cavabdeh götürdüyü kredit borcundan 680.97 manat ödəniş etmiş və onun 519.03 manat ödənilməmiş kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 519.03 manat əsas, 52.48 manat faiz və 21.29 manat cərimə borcu və 205 gün gecikməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, ödəniş planı, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 007L**********18 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti aşılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 007R********** saylı kredit razılaşması imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 18 ay müddətində 2.1667% faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1200 manat kredit cavabdehə verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəf öz öhdəliklərini tam yerinə yetirməmiş və onun ödənilməyən borcu qalmışdır. Məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçının 519.03 manat əsas, 52.48 manat faiz məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “21.29 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.1%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin 21.29 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 519.03 manat məbləğində əsas, 52.48 manat məbləğində faiz və 21.29 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 519.03 manat əsas borc, 52.48 manat məbləğində faiz borcu, 21.29 manat cərimə borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov