Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1481/2025 14.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 10161,50 ABŞ dolları-bundan 2382,27 ABŞ dolları əsas, 1171,39 ABŞ dolları faiz, 6.262,66 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345,18 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 141,82 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “dövriyyə və əsas vəsaitlərin artırılması” məqsədi ilə 24 ay müddətinə, illik 32% dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-210004153 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 10.696,63 (on min altı yüz doxsan altı dollar, 63 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə cavabddeh Cavabdeh1 kredit üzrə cəmi borcu 10.161,50 (on min yüz altmış bir dollar, 50 sent) ABŞ dolları təşkil edir. Bundan 2.382,27 (iki min üç yüz səksən iki dollar, 27 sent) ABŞ dolları əsas, 1.171,39 (bir min yüz yetmiş bir dollar, 39 sent) ABŞ dolları faiz, 6.262,66 (altı min iki yüz altmış iki dollar, 66 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 345,18 (üç yüz qırx beş dollar, 18 sent) ABŞ dolları faiz borcu təşkil edir.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edərən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Dəmir bankdan dəfələrlə kredit götürüb və vaxtlı-vaxtında ödənişləri həyata keçirib. Bankdan 5000 manat məbləğində kredit götürüb. Həmin kredit 6350 ABŞ dolları məbləğində yazılıb. Pulu Azərbaycan manatı ilə istəyib, lakin bankdan iş prisnsiplərinin belə olduğunu və hər ay manatla ödənişlər etməyini bildirdilər. Hər ay banka aylıq 273 manat məbləğində pul ödəməliydisə, özü gecikdirmədən hər ay banka 275 manat məbləğində ödəniş edirdi. 11-ci ayda dolların məzənnəsi qalxdı və devalvasiya yarandı. Bu səbədən işi də dayandı və ödənişlər etməkdə çətinlik çəkdi. Banka müraciət edərək köməklik göstərilməsini xahiş etdi. Bank ondan müəyyən məbləğdə ödəniş etməyini tələb etdi, lakin həmin məbləği ödəməyə imkanı olmadığına görə aralarında razılıq əldə olunmadı. Həmçinin səhətində də müəyyən problemlər var. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi.
5. Digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə qeyd olunan cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 24 ay müddətinə illik faiz dərəcəsi 32 % olmaq şərti ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor borcalana müqavilədə göstərilən məbləğdə kredit verməyi, borcalan isə öz növbəsində həmin krediti faziləri ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürür. 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə illik 64 %, aylıq 5.33 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki imzalanmışdır. Həmin qrafikə əsasən cavabdehə hər ay 361,76 ABŞ dolları, sonuncu ay 361,59 ABŞ dolları ödəmək şərti ilə 6350 ABŞ dolları kredit verilmişdir.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə 210004153/ZM nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranan öhdəliyini icra edilməsinə görə məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən kreditorun borcalana 6350 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 10696,63 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Həmçinin zamin Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında da zaminlik müqaviləsinə əlavə imzalanmış və zaminliyin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir.
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 2382,27 ABŞ dolları əsas, 1171,39 ABŞ dolları faiz, 6262,66 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345,18 ABŞ dolları faiz borcu olmaqla cəmi 10161,50 ABŞ dolları borcu vardır.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 bank tərəfindən 6350 ABŞ dolları məbləğində pul verilmişdir.
13. “Dəmirbank ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Vl. Məhkəmənin mövqeyi:
15. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
18. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdeh əsas borclu Cavabdeh1 münasibətdə qismən təmin edilməli, digər cavabdeh olan zamin Cavabdeh2 münasibətdə isə rədd edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 6350 ABŞ dolları məbləği Cavabdeh1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir.
20. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borc və hesablanmış faiz borcuna münasibətdə təmin edilməlidir.
21. Məhkəmə həmçinin borcun gecikdirilməsinə görə illik 5%-lə hesablanmış 345,18 ABŞ dolları faiz borcuna münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanan kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% məbləğində faiz borcunun tələb edilməsində haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345,18 ABŞ dolları faiz borcu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
22. Məhkəmə həmçinin hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə məbləğində 119,11 ABŞ dolları cərimə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.
23. Məhkəmə iddianın zamin Cavabdeh2 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 10696,63 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi imzalanmış, həmin müqavilələrdə də restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək qeyd uzadılmışdır. Yuxarıda qeyd olunan qanunun tələbinə əsasən zaminlik müqaviləsi üzrə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia qaldırılmadıqda zaminliyə xitam verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və kreditor tərəfindən bir il ərzində zaminə qarşı iddia qaldırılmamış, iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə kreditor tərəfindən qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış zaminliyə xitam verilməli, ona qarşı irəli sürülmüş tələb rədd edilməlidir.
24. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
25. Bundan başqa məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 88,30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
26. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə saziş üzrə 2382,27 ABŞ dolları əsas, 1171,39 ABŞ dolları faiz, 119,11 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345,18 ABŞ dolları faiz borcu olmaqla cəmi 4017,95 ABŞ dolları pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 88,3 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
27. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə saziş üzrə 2382,27 ABŞ dolları əsas, 1171,39 ABŞ dolları faiz, 119,11 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345,18 ABŞ dolları faiz borcu olmaqla cəmi 4017,95 ABŞ dolları pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 88,3 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova