Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1483/2024 04.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış və **********00055 nömrəli abonent koduna vurulmuş 1764 kub metr təbii qazın dəyəri olan 441 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış və **********00055 nömrəli abonent koduna vurulmuş 1764 kub metr təbii qazın dəyəri olan 441 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, 03 iyul 2024-cü il tarixdə X5 nümayəndələrinin iştirakı ilə fəaliyyət göstərdiyi istirahət mərkəzinin qaz sayğacına və qaz qurğularına baxış keçirilərkən istifadə olunan faktiki qaz qurğuları ilə müəssisənin qazlaşdırılmasına dair hazırlanmış layihə smeta sənədlərində layihələndirilmiş qaz qurğuları arasında guya uyğunsuzluğun olduğu müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. İstirahət mərkəzində istifadə olunan qaz qurğularının ümumi qaz sərfiyyatı norma daxilində olmuş, heç bir qanunsuz qoşulmalar olmadığı halda cavabdeh tərəfindən 441 manat məbləğində qazdan istifadə edildiyi iddia edilərək akt tərtib olunmuşdur. Lakin istirahət mərkəzində olan qaz xətti qanunvericiliyin tələblərinə uyğun qaydada çəkilmiş və sayğacdan kənar heç bir qaz xəttinə qoşulmamışdır. Borcu əsassız hesab edir və silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə akt və tələbnamə təqdim edilmişdir: xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən istirahət mərkəzində istifadə olunan qaz qurğularının ümumi qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olduğu aşkar edilmiş və bundan sonra xx.xx.2024-cü il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 1764 m3 qaz sərfiyyatı hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus abonent saldosundan da görünür ki, həqiqətən də 2024-cü ilin iyul ayı tarixində sayğacla bağlı akt tərtib edilmişdir və akta əsasən 441 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində Cavabdeh nümayəndəsi tərəfindən etiraz məhkəməyə təqdim edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh X4 X10 şöbəsinin əməkdaşı X1 aparılan yoxlamaların vahid məlumat reysterindən çıxarış əsasında xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə hazırkı iş üzrə İddiaçı məxsus, İsmayıllı rayonu Gəndov kəndində yerləşən “İstirahət Mərkəzi”ndə istifadə edilən qaz cihazlarına və qaz sayğacına baxış keçirmiş, baxış zamanı “İstirahət mərkəzi”ndə istifadə olunan qaz cihazlarının ümumi qaz sərfinin sayğacın maksimal ölçmə həddindən 4.9 m/saat çox olduğu müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasında **********00055 nömrəli abonent koduna 1764 m3, 441 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Müəssisədə ilkin quraşdırılmış qaz cihazlarından əlavə qanunsuz olaraq qaz cihazları quraşdırılmış, həmin qaz cihazlarının istifadə gücü quraşdırılmış qaz sayğacının ötürmə gücündən çox olmuşdur. Bu səbəbdən də istirahət mərkəzində sərf edilmiş təbii qazın dəyəri düzgün qeydə alınmamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara aktlar, tələbnamə, abonent saldosu, çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus İsmayıllı rayonu, Gəndov kəndi ünvanında yerləşən obyekt cavabdeh tərəfindən qazla təmin olunur. xx.xx.2024-cü il tarixində Cavabdeh əməkdaşları tərəfindən ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında “qaz qurğularının ümumi qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması” əsası ilə iddiaçıya 441 manat borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən istirahət mərkəzində istifadə olunan qaz qurğularının ümumi qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olduğu aşkar edilmiş və bundan sonra xx.xx.2024-cü il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 1764 m3 qaz sərfiyyatının dəyəri olan 441 manat (1764*0.25=441) borc hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus abonent saldosundan da görünür ki, həqiqətən də 2024-cü ilin iyul ayı tarixində sayğacla bağlı akt tərtib edilmişdir və akta əsasən 441 manat borc hesablanmışdır. xx.xx.2024-cü il tarixində Cavabdeh nümayəndəsi tərəfindən etiraz məhkəməyə təqdim edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində iddiaçıya məxsus obyektdəki qaz cihazlarına və qaz sayğacına baxış keçirilmiş, yoxlama zamanı qaz cihazlarının ümumi qaz sərfinin sayğacın maksimal ölçmə həddindən 4.9 m/saat çox olduğu aşkar edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli akt tərtib edilərək 1764 m3 qaz sərfi hesablanmışdır. Həmin qaz sərfinin dəyəri olan 441 manat borc iddiaçının hesabına yazılmışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, X7 tərəfindən xx.xx.2024xx.xx.2024-cü il tarixlərində “sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” və “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsasları ilə plandankənar (növbədənkənar) yoxlama həyata keçirilə biləcəyi müəyyənləşdirilmişdir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, iş materiallarından və cavabdehin etirazından da göründüyü kimi X7 tərəfindən tərtib edilən aktın əsası kimi “istirahət mərkəzində istifadə olunan qaz qurğularının ümumi qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması” halı qeyd edilmiş, bu isə məhkəməyə təqdim edilən çıxarışın əhatə dairəsinə daxil deyildir. Məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yuxarıda qeyd edilən Qanunun tələblərindən də göründüyü ki, iddiaçıya münasibətdə həmin aktda əsaslanılmış “istirahət mərkəzində olan qaz cihazlarının istifadə gücünün quraşdırılmış qaz sayğacının maksimal sürətindən artıq olması” əsası ilə müvafiq yoxlama keçirə bilməzdi. Belə ki, yuxarıda qeyd edilən Qanunun 2.1-ci maddəsinin təlbinə görə həmin orqan hazırkı əsaslar üzrə iddiaçıya münasibətdə yalnız “sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar” apara bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunvericiliyin tələbinə riayət edilməməklə qanunsuz aparıldığından və Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış və **********00055 nömrəli abonent koduna 07/2024 tarixə vurulmuş 1764 kub metr qazın dəyəri olan 441 manat borc İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də iddiaçı ödənilmiş rüsumunun geri qaytarılmasını tələb etmədiyindən məhkəmə həmin məsələyə baxmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış və **********00055 nömrəli abonent koduna 07/2024 tarixə vurulmuş 1764 kub metr qazın dəyəri olan 441 manat borc İddiaçı abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1483/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1483/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver