Məhkəmə qərarları › İş №e-2-2(117)-1498/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1498/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1498/2024 10.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “X3 Evi-Uşaq Bağçası” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X3 Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehdən 42000.02 manat əsas, 4200 manat cərimə borcu olmaqla, ümumilikdə 46200.30 manat məbləğində pul vəsaitinin və 229 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh “X3 Evi-Uşaq Bağçası” MMC-yə qarşı “cavabdehdən 42000.02 manat əsas, 4200 manat cərimə borcu olmaqla, ümumilikdə 46200.30 manat məbləğində pul vəsaitinin və 229 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində İddiaçı MMC ilə “X3 Evi-Uşaq Bağçası” MMC arasında Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqların istifadəyə verilməsi barədə subicarə müqaviləsi bağlanmışdır. İcarəyə götürən tərəfindən ödənilməli olan ƏDV daxil 42000,02 manat icarə haqqı borcu qısa zamanda ödənişin icra edilməsi üçün şərait yaradılmasına baxmayaraq, sonuncu ödənişi icra etməmişdir. Cavabdehin öhdəlikdən yayınmasından 125 gün keçməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliyini icra etməkdən bilərəkdən yayınır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq hüquqi şəxs borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin, cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. İddiaçı əsas və cərimə borcunun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-ci il tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında 00**-İM-***323/002 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, mülkiyyətçi siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrinə göstərilən obyektləri icarəçinin idarəetməsinə və icarəsinə verir, icarəçini obyektlərin səlahiyyətli idarəçisi və icarə agenti kimi təyin edir. İcarəçi isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. 2.1-ci bəndinə görə icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarə, sub-icarə və ya idarəetməyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. 2.4-cü bəninin tələbinə görə obyektlərin bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə icarəyə, kirayəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur. xx.xx.2023-cü il tarixli 00**-İM-***323/002 saylı müqaviləyə 1 nömrəli Əlavədə icarə və idarəetməyə verilən obyektlərin siyahısı və əsas göstəriciləri öz əksini tapmışdır. Həmin əlavədən görünür ki, Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını orada olan əmlak və avadanlıqlar ilə birlikdə icarəçiyə təhvil vermişdir. Həmin əlavənin 2-ci bəndinin tələbinə görə icarəçi obyektləri və ya onun hər hansı hissəsini üçüncü şəxslərə icarəyə, sub icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla istifadəyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. Bundan sonra İddiaçı MMC ilə cavabdeh “X3 Evi-Uşaq Bağçası” arasında xx.xx.2023-cü il tarixli 00**-İM-***323/001 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən istifadəsində olan Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqları icarəçinin istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırki müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında icarəçiyə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə müqavilələrə xitam verməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı 3000 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2023-cü il tarixindən etibarən hesablanacaqdır və hər icarə ayının əvvəli 5 iş günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhvil-təslim aktı əsasında təhvil verməlidir. Təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, icarəyə verən həmin əlavədə adı qeyd edilən əmlak və avadanlıqları icarə obyekti ilə birlikdə xx.xx.2023-cü il tarixində icarəçiyə təhvil vermiş, həmin əlavə tərəflərin nümayəndəsinin imzası və möhürləri ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan göründüyü kimi İddiaçı MMC “X3 Evi-Uşaq Bağçası” MMC-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli subicarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən və icarəçi tərəfindən müqavilənin müddətinin uzadılması ilə bağlı hər hansı bir müraciət olunmadığından müqaviləyə xitam verilmişdir. İcarə sahəsi icarəçi tərəfindən təhvil verilmədiyindən xx.xx.2024-cü il tarixdə icarə obyekti orda olan əmlaklarla birgə birtərəfli qaydada təhvil alınmışdır. Müqavilənin 13.1-ci bəndinə əsasən təhvil müddəti ərzində icarə haqqı tam şəkildə ödənilməlidir. Lakin icarəçi tərəfindən müqavilə ilə müəyyən edilmiş icarə haqqından heç bir ödəniş edilməmiş və İddiaçı MMC-yə olan borcu ümumilikdə 42000.02 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə üçota alınması” haqqında arayışlardan göründüyü kimi mübahisə predmeti olan icarə obyekti vergi məqsədləri üçün uçota alınmışdır. Əlavə olaraq, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli ümumilikdə 14 ədəd 42000.02 manat məbləğində elektron qaimə məhkəməyə təqdim edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə etirazını təqdim etmişdir. Etirazında bildirmişdir ki, Mülki Məcəllədə hər hansı şəxsə məxsus əmlakın icarə əsasında digər şəxslərin istifadəsinə verilməsini nəzərdə tutan müqavilələrin müvafiq qaydada tərtib edilməklə notarial qaydasında təsdiqlənməsi tələbi birbaşa və aydın şəkildə təsbit edimişdir. İddiaçının istinad etdiyi subicarə müqaviləsi məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığı üçün bu məcəllənin 329 və 337.1-ci maddələrinin tələblərinə uyğun olaraq əhəmiyyətsizdir. Eyni zamanda bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi subicarə müqaviləsində iddiaçının istifadə hüququnun üçüncü şəxsə verilməsi səlahiyyətinə dair heç bir müddəanın olmaması ilə yanaşı, ümumiyyətlə icarə obyektinin kimə məxsus olması, iddiaçının həmin əmlak üzrində istifadə hüququnun yaranma əsasının mövcudluğu (əsas icarə müqaviləsinin kimlərin arasında bağlanması, həmin müqavilənin hüquqi əhəmiyyətinin olub-olmaması), iddiaçı ilə subicarə müqaviləsinin səlahiyyətli şəxs tərəfindən və lazımi hüquqi əsaslar (mülkiyyətçi hüquqi şəxsdirsə, aidiyyəti idarəetmə orqanının qərarı; fiziki şəxsdirsə, tələb olunan razılıqlar) olmaqla bağlanması və s. təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Eyni zamanda hər iki tərəfin təşkilati hüquqi formasının məhdud məsuliyyətli cəmiyyət olduğunu, onların nizamnamə kapitalının 100 manat olduğunu, subicarə müqaviləsinin dəyərinin hər iki tərəfin xalis aktivlərinin əlli faizindən artıq olduğu üçün əqdin yalnız onların iştirakçılarının ümumi yığıncağının qərarı əsasında imzalanmalı olduğunu qeyd etmişdir. Belə qərar olmadan bağlanılan əqd isə məcəllənin tələblərinə zidd olduğundan əhəmiyyətsiz əqddir. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları lazımi qədər əsaslandıra bilməmiş və məhkəmədə heç bir hüquqi və sübuti əhəmiyyət olmayan əhəmiyyətsiz əqd əsasında iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı cavabdehdən Məcəllənin tələbləri pozulmaqla bağlanmış və bağlandığı andan etibarən əhəmiyyətsiz olan müqaviləni əsas tutaraq pul tələb edir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və eyni zamanda icarə müqaviləsinin notarial qaydada təsdiq edilməməsinə münasibətdə qeyd etmişdir ki, icarəyə götürən şəxsin tələbi olmadığına görə təsdiq etdirilməyib. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyillər. Bununla bağlı etirazlarını kabinetlə təqdim etmişdir. Mübahisə predmeti olan icarə obyektinin çıxarışı yoxdur, dövlət qeydiyyatına alınmamışdır. Müqavilə tərtib edilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozularaq tərtib edilmişdir. Müqavilə imzalanarkən təsisçi qərarı olmadan imzalanmışdır. Vergi orqanının çıxarışı olmayan obyektin kodunun qeydiyyatını aparmaqda məqsəd isə vergidən yayınma halının qarşısının alınması olmuşdur. Hesab edir ki, müqavilə etibarsız əqddir. İcarə və subicarə müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Eyni zamanda cavabdeh tərəf obyekti təmir etdirmiş, təmirə xeyli xərc çəkdirmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, subicarə müqaviləsi, müqaviləyə əlavələr, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin : 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.

705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. İcarə haqqında Azərbaycan Respublikası Qanununun:

1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Məhkəmə iddia tələbinin 42000.02 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə cavabdeh “X3 Evi-Uşaq Bağçası” MMC arasında xx.xx.2023-cü il tarixli 00**-İM-***323/001 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləşən 100 yerlik uşaq bağçasını, həmçinin orada olan əmlak və avadanlıqları icarəçiyə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 00**-İM-***323/002 saylı müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçası orada olan əmlak və avadanlıqlar ilə birlikdə icarəçiyə təhvil vermiş, həmin əlavə tərəflərin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. İddiaçı MMC-nin “X3 Evi-Uşaq Bağçası” MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan aydın olur ki, xx.xx.2023-cü il tarixli subicarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən və icarəçi tərəfindən müqavilənin müddətinin uzadılması ilə bağlı hər hansı bir müraciət olunmadığından müqaviləyə xitam verilmişdir. Eyni zamanda icarə sahəsi icarəçi tərəfindən təhvil verilmədiyindən xx.xx.2024-cü il tarixdə icarə obyekti orda olan əmlaklarla birgə birtərəfli qaydada təhvil alınmışdır Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı MMC subicarə müqaviləsi əsasında Qəbələ şəhəri, Qara Məryəm, İsmayıllı, Şəki yolunun kənarında yerləsən 100 yerlik uşaq bağçasını orada olan əmlak və avadanlıqlar ilə birlikdə xx.xx.2023-cü il tarixdən “X3 Evi-Uşaq Bağçası” MMC-yə icarəyə vermiş, daha sonra həmin müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilmiş və xx.xx.2024-cü il tarixdə həmin icarə obyekti icarəyə verən tərəfindən birtərəfli qaydada təhvil alınmışdır. Burdan da aydın olduğu kimi İddiaçı MMC icarə obyektini icarəyə verdiyi xx.xx.2023-cü il tarixindən həmin obyektin təhvil alındığı xx.xx.2024-cü il tarixinədək yaranmış və cavabdeh tərəfindən ödənilməmiş icarə haqqı borcunu tələb etməkdə haqlıdır. Müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilsə də, icarə obyekti xx.xx.2024-cü il tarixində icarəçiyə təhvil verildiyindən həmin müddətə kimi yaranmış icarə haqqı borcunu tələb etməsini məhkəmə əsaslı hesab edir. Belə ki, müqavilənin 13.1-ci bəndinin tələbinə görə təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməlidir. Bundan başqa subicarə haqqında müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı 3000 manat təşkil edir. Göründüyü kimi iddiaçının qeyd edilən tarixlərə münasibətdə ödənilməmiş 42000.02 manat məbləğində icarə haqqı borcunu tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə tələbin 4200 manat cərimə borcunun tutulması hissəsinə münbasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış subicarə müqaviləsinin qüvvədə olduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 14 ay müddət üçün hər ay 3000 manat icarə haqqının cəmi 42000 manat təşkil edir.Cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil edilsə də, icarə haqqının ödənilməsinə dair sübut təqdim etməmiş və arqument irəli sürməmişdir. İş materiallarında olan subicarə müqaviləsinin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq 420 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən 42000.02 manat əsas, 420 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilən hallardan əlavə olaraq cavabdehin nümayəndəsi və vəkili etirazında və məhkəmə iclasında verdiyi izahatında müqavilənin notarial qaydada bağlanmamasını, müqavilənin təsisçi qərarı olmadan imzalanmasını, müqavilə obyektinin çıxarışının olmamasını, dövlət qeydiyyatına alınmamasını əsas götürərək bu halda müqavilənin əhəmiyyətsiz olduğunu və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin etirazına münasibətdə o qənaətə gəlir ki, tərəflər arasında müqavilənin notarial qaydada təsdiqlənməməsi təkcə özlüyündə müqavilənin etibarsız olması üçün əsas deyil. İcarə müqaviləsinin notarial qaydada bağlanmaması halı tərəflərin həmin müqavilə əsasında yaranmış hüquq və öhdəliklərini istisna etmir. Belə ki, iş materiallarından və tərəflərin izahatından da aydın olur ki, tərəflər arasında müqavilənin bağlanması ilə bağlı iradə ifadəsi olmuş, mübahisə predmeti olan icarə obyekti xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfin istifadəsində olmuş və bunun nəticəsində iddiaçı tərəfə müəyyən məbləğdə borcu yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən:

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllənin: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

393. Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. Belə ki, Mülki Məcəllənin 707.1-ci maddəsindən o nəticəyə gəlmək olur ki, həmin maddədə icarə müqaviləsinin yazılı bağlanmalı olduğu nəticəsinə gəlinsə də, icarə müqaviləsinin mütləq qaydada notariat qaydada təsdiqlənməli olması öz əksini tapmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin öz tələbini əsaslandırdığı Məcəllənin 146.1 və 393-cü maddələrinə münasibətdə qeyd edir ki, həmin maddələrdə qeyd edilən hallar birbaşa icarə müqaviləsi ilə bağlı nəzərdə tutulmamışdır. Lakin bu maddələrə nəzərən qiymətləndirilsə belə, icarə müqaviləsinin notariat qaydasında təsdiqlənməli olması halı icarəçinin hüququ hesab edilməlidir ki, müqavilənin notariat qaydada təsdiqlənməsinin tələb edilməsi müqavilə bağlandığı zaman icarəçinin hüquqlarının təmin edilməsi baxımından onun seçiminə buraxılmalıdır. Belə ki, icarə müqaviləsinin yazılı formada bağlanması öz əksini tapsa da, notarial qaydada təsdiqlənməsi tərəflərin iradə sərbəstliyinə buraxılmışdır. Göründüyü kimi hazırki müqavilənin notarial qaydada təsdiqlənməməsi tərəflərin onun əsasında yaranmış hüquq və vəzifələrini istisna etməməlidir. Bundan əlavə Mülki Məcəllədə əvvəllər yazılı formada riayət edilməmə ilə bağlı hüquqi nəticələrlə bağlı müddəalar, eyni zamanda, 348-ci maddədə nəzərdə tutulmuş “məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı” ilə bağlı maddə qanundan çıxarılmışdır. Beləliklə məhkəmənin qənaəti belədir ki, qanunvericilik tərəflərin müqavilə azadlığını və sərbəstliyini tanıyaraq tərəflərin iradəsinə uyğun olaraq onalara həm şifahi həm də yazılı müqavilə bağlamaq imkanı verir. Əgər daşınmaz əmlakla bağlı icarə müqavilələri üzrə tərəf hüquqlarını qeydə aldırmaq istəyirsə, bu müqavilə notarial formada bağlanmalıdır. Əgər tərəf icarə müqaviləsini notarial formada bağlanması ilə bağlı qarşı tərəfə hər hansı bir təklifi yoxdursa, bu halda məhkəmə də tərəflərin razılaşdırdığı formanı əsas tutacaq. Tərəfin istəyinə uyğun olaraq müqavilənin sadə yazılı və ya notarial formada rəsmiləşdirən zaman əqdin etibarsızlığına səbəb olan hallar, məsələn qanunda nəzərdə tutulan iradə və iradə ifadəsinin üst-üstə düşməməsi, həmçinin qanunda nəzərdə tutulan digər hallar mövcud olması qanunvericiliyin tələbinə grə həmin əqd etibarsız hesab oluna bilər. Məhkəmə yekun olaraq cavabdeh tərəfin etirazına münasibətdə qeyd edir ki, daşınmaz əmlakın icarəsi ilə bağlı əqdin notariat qaydasında təsdiq edilməsi tərəfin hüququdur və qanunda daşınmaz əmlakla bağlı icarə müqaviləsinin notarial qaydada bağlanamamasının əqdin etibarsızlığına səbəb olması ilə bağlı imperativ norması da mövcud deyildir. Tərəf icarə hüququnun daha etibarlı təminatını istəyərsə həmin müqavilələrin müvafiq formada bağlanmasını tələb edə bilər. Buna riayət edilməmə həmin əqdin etibarsızlığına səbəb olmur. Belə ki, hazırkı vəziyyətdə isə cavabdeh tərəf müqavilənin etibarsızlığına əsas ola biləcək halla bağlı qarşı tərəfə hər hansı bir irad və ya etiraz göndərməmiş, əksinə icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi istisna olmaqla bütün öhdəliklərini icra etmiş və aidiyyəti sənədələri imzalamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli 14 iyun 2022ci il tarixli Qərardadına qeyd edilir ki, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur. Məhkəmə cavabdeh tərəfin etirazının “müqavilənin təsisçi qərarı olmadan imzalanması” hissəsinə münasibətdə bildirir ki, “X3 Evi-Uşaq Bağçası” MMC-nin nizamnaməsinin 6.6.19-cu bəndində xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərarın cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilməsi qeyd edilmişdir. Eyni zamanda, Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Qeyd edilən halla bağlı qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi bununla bağlı məhkəməyə etiraz təqdim etsə də, məhkəmə cavabdeh hüquqi şəxsin aktivləri haqqında məlumatı və hazırkı müqavilənin qeyd edilən aktivlərin 50 % dən çox olmasını təsdiq edən sənədləri təqdim etməmişdir. Bundan əlavə iş üzrə cavabdeh hüquqi şəxsin Nizamnamənin 1.7-ci bəndinə əsasən yalnız bir təsisçisi 100 % paya malik X1r. Belə ki, qeyd edilən müqaviləni bağlamaq üçün müvafiq qərarın qəbul edilib-edilməməsi cavabdeh hüquqi şəxsin daxili idarəetməsi ilə bağlı olan məsələdir. Ona görə də qeyd edilən müqavilənin cavabdeh tərəfindən səlahiyyət verilməyən şəxs tərəfindən bağlanması hazırkı iş üzrə iddiaçının icarə haqqını tələb etməsinə hər hansı maneə yaratmır. Həmin hüquqi şəxs hüquqi şəxsin icraçı direktoruna qarşı müvafiq ziyanın ödənilməsi tələbi irəli sürə bilər. Bu hal mövcud olsa belə, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin etibarsızlığına səbəb ola bilməz. Məhkəmə etirazın “müqavilə obyektinin çıxarışının olmaması, dövlət qeydiyyatına alınmaması” hissəsinə münasibətdə o qənaətə gəlir ki, iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması” haqqında arayışlardan göründüyü kimi mübahisə predmeti olan icarə obyektinin uçota alınmasını təsdiq edir. Bunlardan əlavə olaraq cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəf obyekti təmir etdirmiş, təmirə xeyli xərc çəkdirmişdir. Lakin həmin obyekti təmir etdirən zaman xərcləri cavabdeh ödəsə belə, bu hal onun icarəyə verənlə müqavilədə razılaşdıqları məbləğdə icarə haqqı borcunu ödəməli olduğu həqiqətini dəyişdirmir. Cavabdehin qeyd etdiyi kimi həqiqətən də obyekt təmir etdirilmiş və təmir xərcləri onlar tərəfindən ödənilmişdirsə, həmin məbləği icarəyə verəndən tələb edə bilər. Lakin nəzərdə tutulan hal hazırkı iddia tələbində qeyd edilən icarə haqqı borcunun ödənilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 228.60 manat olmalıdır. İddiaçı tərəfindən 229 manat məbləğində rüsum ödənilsə və tələb edilsə də, göründüyü kimi 0.40 manat rüsum iddiaçı tərəfindən artıq ödənildiyi üçün iddiaçıya aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilməli olan 228.60 manat məbləğində dövlət rüsumunun 10.84 manatı iddiaçıdan, 217.76 manatı cavabdehdən tutulmalıdır. 228.60 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyi üçün 217.76 manat məbləğində rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X3 Evi-Uşaq Bağçası” MMC-dən 42000.02 manat icarə haqqı borcu, 420 manat cərimə borcu və 217,76 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar