Məhkəmə qərarları › İş №e-2-2(117)-15/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-15/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-15/2024 23.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli “xxxx çay evi” adlı icarə müqaviləsi üzrə ödənilməli olan 17166,66 manat icarə haqqı borcu, 1733,50 manat cərimə borcu olmaqla, cəmi 18900,16 manat məbləğində vəsaitin və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli “xxxx çay evi” adlı icarə müqaviləsi üzrə ödənilməli olan 17166,66 manat icarə haqqı borcu, 1733,50 manat cərimə borcu olmaqla, cəmi 18900,16 manat məbləğində vəsaitin və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə nömrəli “xxxx çay evi” adlı icarə müqaviləsi bağlamışdır. İcarəyəverənlə icarəçi arasında bağlanmış həmin icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyəverən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt Şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən sahəsi 170 kv.m olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə hər ay 1300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 1300 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən, icarə haqqının məbləği xx.xx.2018-ci il tarixdən 1700 manat müəyyən edilmişdir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə yaranmış 17166,66 manat icarə haqqı borcu, 1733,50 manat cərimə borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə nömrəli “xxxx çay evi” adlı icarə müqaviləsi bağlamışdır. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş, 17166,66 manat icarə haqqı borcu yaranmış və həmin borca 1733,50 manat cərimə borcu hesablanmışdır. Cavabdeh borcunu etiraf etmişdir. Bununla bağlı sənədlər var. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İcarə müqaviləsinə xitam verilməsi akt”ından görünür ki, icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “Obyektin əməliyyat tarixçəsi”ndən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən aralıqlarla 56 366,66 manat ödəniş etməli olduğu halda, cəmi 39200 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə icarəçinin icarə haqqı borcu 17166,66 manat, ona hesablanmış cərimə borcu 1733,50 olmaqla, cəmi 18900,16 manat təşkil edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, icarə predmeti Bakı şəhərində yerləşsə də, cavabdehin rəsmi qeydə aındığı yer Şəki rayonu olduğundan, eyni zamanda tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından işə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə nömrəli “xxxx çay evi” adlı icarə müqaviləsi bağlamışdır. İcarəyəverənlə icarəçi arasında bağlanmış həmin icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyəverən Bakı şəhəri, Bbnəqədi rayonu, Sumqayıt Şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin mərtəbəsində yerləşən sahəsi 170 kv.m olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə hər ay 1300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 1300 manat müəyyən edilmişdir. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən, icarə haqqının məbləği xx.xx.2018-ci il tarixdən 1700 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən aralıqlarla 56 366,66 manat ödəniş etməli olduğu halda, cəmi 39200 manat ödəniş edilmiş və xx.xx.2022-ci il tarixə icarəçinin 17166,66 manat borcu qalmışdır. İcarə predmeti olan icarə obyektinin cavabdehə təhvil verilməsi ilə bağlı müvafiq akt təqdim edilməsə də, məhkəmə işin hallarını, həmçinin cavabdeh tərəfindən icarə haqqı olaraq təxminən 39000 manat ödənişin edilməsini, həmçinin xx.xx.2018-ci il tarixdə icarə haqqı məbləğinin artırılması ilə bağlı imzaladığı aktı, eyni zamanda cavabdehin məhkəmədə olan mübahisəyə hər hansı bir münasibətinin təqdim edilməməsini nəzərə alıb hesab edir ki, icarə obyekti cavabdhə təhvil verilmişdir. Məhkəmə əsas borca münasibətdə hesab edir ki, iddiaçı 17166,66 manat icarə haqqı borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək yəni, 8 ay müddətinə ayda 1300 manat (cəmi 10 400 manat) ödəmək şərti ilə, xx.xx.2018-ci tarixdən xx.xx.2022-ci il tarixinədək isə yəni, 42 ay müddətinə ayda 1700 ( cəmi 71400 manat) manat ödəmək şərti ilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdən tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Odur ki, icarəçi ümumilikdə 81800 manat icarə haqqı ödəməli idi. İddiaçı təsdiq edir ki, icarəçi tərəfindən 39200 manat ödəniş edilmişdir. İddiaçı isə tərəfin hesabladığı ümumi icarə haqqı borcu 56366,66 manatdır. Ona görə də məhkəmə iddiaçının hesabladığı məbləğ daha aşağı olduğundan həmin məbləğdən, yəni, 56366,66 manata münasibətdə ödənilmiş icarə haqqını çıxmışdır. 56366,66- 39200=17166,66 manat. Cavabdeh məhkəmə iclaslarından xəbərdar olsa da, iddia tələbinə etirazını və ya münasibətini təqdim etməmiş, tələb edilən icarə haqqı borcunu mübahisələndirməmişdir. Ona görə də məhkəmə tərəfindən tərəfin əks mövqeyi olmadığından əlavə araşdırma aparılmamış və cavabdehin susqun mövqeyi məhkəmədə cavabdehin iddia tələbi ilə razı olduğu ehtimalını yaratmışdır. İddia tələbinin “1733,50 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddiaçı 170 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilməli olan 146,7 manat dövlət rüsumunun 12,13 manatı İddiaçı MMC-dən, 134,57 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddia qismən təmin edildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 183,46 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli “xxxx çay evi” adlı icarə müqaviləsi üzrə 17166,66 manat icarə haqqı borcu, 170 manat cərimə borcu və 183,46 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli olan 146,7 manat dövlət rüsumunun 12,13 manatı İddiaçı MMC-dən, 134,57 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar